ABŞ-ın keçmiş prezidenti Donald Tramp, görünür, SpaceX-in qurucusu İlon Maskın 2020-ci il prezident seçkilərində Co Baydenə səs verməsinə dair açıqlamasını bəyənməyib.
Hafta.az-ın yazdığına görə, "Fox News"un aparıcısı Taker Karlsona verdiyi son müsahibədə Mask 45-ci deyil, 46-cı prezidentə səs verdiyini etiraf edib. "Trampa səs verməmişəm" deyib Twitter-in baş direktoru.
"Mən əslində Baydenə səs verdim. Onun böyük fanatı olduğumu desəm səhv olardı, amma hər halda ona səs verdim" deyib Mask.
"Truth Social" saytında bunu cavablandıran Tramp, keçmişdə dəfələrlə demokratlara səs verdiyini bildirən, lakin bir müddət əvvəl Respublikaçılar Partiyasını dəstəklədiyini açıqlayan Maska inanmadığını bildirib. "İlon Maskın Baydenə səs verdiyinə bir an belə inanmıram! O, mənə də səs verdiyini söyləmişdi, amma bunu hardan bilək?", - o, deyib.
ABŞ-ın keçmiş prezidenti deyib ki, Maskın kosmik, avtomobil, akkumulyator, tunel şirkətləri, hətta FTB-nin qeyri-qanuni nəzarətində olan Twitter-in hökumətin köməyinə və təşviqlərinə ehtiyacı var.
Maskın raket və kosmik texnologiya şirkəti SpaceX Beynəlxalq Kosmik Stansiyaya astronavt göndərmək üçün müqaviləyə malikdir və tez-tez dövlətə məxsus peyk yüklərini göndərir. Elektrikli avtomobil şirkəti "Tesla", federal hökumətin elektrikli avtomobillərin qəbulunu təşviq etmək səylərinin bir hissəsi olaraq vergi güzəştləri vasitəsilə federal yardım alır.