Bu günlərdə minlərlə alban Tirananın küçələrinə çıxaraq Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqəli bir şirkətin Adriatik sahilindəki ekoloji cəhətdən həssas ərazidə planlaşdırdığı layihəyə etiraz edib.
Hafta.az yazır ki, “Reuters”in məlumatına görə, 1,4 milyard avro dəyərində kurort layihəsinə Kuşnerin investisiya şirkəti Affinity Partners rəhbərlik edir. Bu, Albaniya sahillərindəki bir adada və flaminqoların, Aralıq dənizi suitilərinin və dəniz tısbağalarının yuva qurduğu bataqlıq ərazi olan Vjosa-Narta qorunan ərazisinin yaxınlığında yerləşir.
Ekoloqlar plana qarşı çıxırlar və bunun yüzlərlə hektar təmiz çimərliklərə təsir edəcəyini bildirirlər.
Lakin, layihəni hazırlayanlar prosesin məsuliyyətlə davam edəcəyini bildirirlər.
Kuşnerin şirkəti ilə tərəfdaşlıqda planlar hazırlayan Sazan Real Estate Development MMC-nin sədri Aşer Abehsera bildirib ki, "Diqqətimiz məsuliyyətli idarəetməyə, ətraf mühitin bərpasına, iş yerlərinin yaradılmasına və yerli icmalar üçün uzunmüddətli dəyər yaratmağa yönəlib. Davam edən ictimai və institusional proseslərə hörmətlə yanaşırıq".
"Politico" inkişafla bağlı hesabatında "Flamingo İnqilabı" başlığından istifadə edib. "Politico" həmçinin oxuculara Kuşnerin 2026-cı ilin yanvar ayında həyat yoldaşı İvanka Trampla birlikdə əraziyə səfər etdiyini xatırladıb.
Etirazçılar çərşənbə axşamı Albaniyanın Baş naziri Edi Ramanın ofisinin qarşısına toplaşıblar. Fəallar şişmə flamingo modelləri, "Vətən satılmır" və "Mən Albaniyanın Dubay kimi olmasını istəmirəm" yazılı lövhələr daşıyırdılar.
PPNEA-BirdLife Albaniya şirkətindən ekoloq Coni Vorpsi deyib: "Biz bütün tikinti işlərinin dayandırılmasını və ağır texnikanın qorunan ərazidən çıxarılmasını istəyirik".
Vorpsi həmçinin bildirib ki, "Bu layihə təxminən 10 min otaqdan ibarət yeni şəhər demək olacaq və bu vəhşi ərazini tamamilə məhv edəcək". Lakin Baş nazir Rama layihəni müdafiə edərək deyib: "İnvestorları qəbul etməyə davam etməyimiz, ədalətli olmağımız və heç bir halda investorların düşmənçiliklə qarşılandığı bir ölkə kimi damğalanmamağımız son dərəcə vacibdir. Mən burada olduğum müddətcə bu investisiyanın dayandırılmasının qətiyyən mümkünlüyü yoxdur".
Yerli sakinlərin və QHT-lərin etirazları, Vlora yaxınlığındakı Zvernecdə təklif olunan ərazinin ətrafında inşaatçılar tərəfindən böyük tikanlı məftil çəpərlər çəkildikdən sonra başlayıb. Şahidin sözlərinə görə, şənbə günü yüzlərlə insan toplaşaraq özəl mühafizəçilərlə toqquşub və nəticədə xəsarət alıb.
Kuşner, Serbiyanın paytaxtı Belqradda keçmiş ordu qərargahını da əhatə edən daha böyük investisiyanın bir hissəsi olaraq bu kurortun 2024-cü ildə tikilməsi planlarını açıqlayıb.
Kuşner ötən il ona qarşı küçə etirazlarından sonra Serbiyada layihədən imtina edib.