Türk ordusunun Azərbaycanda qalmasına dair sənəd TBMM-in müzakirəsinə çıxarılır

14:22 07.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılmasına dair sənəd layihəsi Böyük Millət Məclisinin (TBMM) müzakirəsinə çıxarılacaq.

Hafta.az-ın yazdığına görə, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) TBMD-dəki qrup rəhbəri Bülənt Turan AA-ya açıqlamasında deyib. Bölgədəki bütün problemlərlə maraqlandıqlarını, Türkiyənin tarixi kodlarının bütün bunları zəruri etdiyini dilə gətirən Turan deyib ki, sitat: "Azərbaycan sənədi, ötən il məclisdə HDP istisna olmaqla, bütün partiyaların dəstəyi ilə qəbul edilmişdi. Ümid edirəm ki, CXP son sənədə münasibətdəki yanlış mövqeyindən dönər, bütün partiyaların səs birliyi əsasında əsgərlərimizlə, təhlükəsizlik qüvvələrimizlə, dövlətimizlə azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu isbatlamaq imkanı taparıq".

B.Turan bildirib ki, dost və qardaş ölkə Azərbaycana əsgər göndərilməsinə dair sənədə bütün partiyaların səs verməsi, birlik və bərabərlik mesajı baxımından son dərəcə vacibdir. "Bu məsələlərdə bizə birlik-bərabərlik nümayiş etdirmək yaraşır. Əlbəttə, Məclisdə müzakirələr zamanı diskussiya, siyasi ziddiyyətlər, hətta qalmaqalların olması təbidir. Amma elə həssas məsələlər var ki, onlar müzakirə mövzusu deyillər. Azərbaycan sənədi də bunlardan biridir. İstəyərdik ki, bütün partiyalarımız istisnasız şəkildə sənədə səs versinlər", - B.Turan deyib.

Xatırladaq ki, Azərbaycana əsgər göndərilməsinə dair Cümhurbaşkanlığı sənədi, 2020-ci il noyabrın 17-də TBMM-in ümumi iclasında qəbul edilmişdi. Məclis, Türkiyə ilə Azərbaycan arasında Strateji Birlik və Qarşılıqlı Yardım Anlaşmasının tələblərindən qaynaqlanan öhdəliklərin yerinə yetirilməsi, atəşkəsin təsisi, xoşagəlməz halların qarşısının alınması, bölgədə sülh və sabitliyin  yaradılması, Türk Silahlı Qüvvələrinin, Müştərək Mərkəzin vəzifələrinin icrası yönündə hərəkət etməsi üçün xarici ölkələrə göndərilməsi məqsədilə bir il müddətinə icazə vermişdi. Bu çərçivədə Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin 17 noyabr 2021-ci ildən etibarən daha 1 il müddətinə uzadılması gözlənilir.