Türkiyə hakimiyyəti taxıl daşıyacaq gəmiləri yoxlayacaq - BMT

09:00 27.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qara dənizdən Ukrayna taxılını daşıyacaq gəmilərin yoxlanılması Türkiyə hakimiyyəti tərəfindən Birgə Koordinasiya Komitəsinin dəstəyi ilə həyata keçiriləcək.

Hafta.az-ın məlumatına görə, bu barədə mətbuat konfransı zamanı BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

"Baş katib (Antonio Quterres) iyulun 22-də əldə olunan razılaşmaya əsasən, Birgə Koordinasiya Komitəsinin dəstəyi ilə gəmi yoxlamalarının Türkiyə tərəfi tərəfindən aparılacağını, ukraynalıların isə Qara dənizdən təhlükəsiz keçidini təmin edəcəyini açıqlayıb", - deyə F.Haq qeyd edib.

Onun sözlərinə görə, gəmilər Ukrayna limanlarına gedərkən və geri qayıdarkən silah-sursatların olub-olmaması ilə bağlı yoxlanılacaq:

"Taxıl daşınmasının izlənməsi ilə məşğul olan Birgə Koordinasiya Mərkəzi İstanbulda Milli Müdafiə Universitetinin binasında yerləşir və 4 şöbədən ibarətdir: Türkiyə, Rusiya, Ukrayna və BMT. Ümid edirik ki, Birgə Koordinasiya Komitəsinin sədri tezliklə açıqlanacaq".