Rusiyalı turistlər birbaşa uçuşların ləğvi, qiymət artımı və transfer ehtiyacına baxmayaraq Avropa turlarına daha çox maraq göstərməyə başlayıb.
Hafta.az-ın “Forbes”ə istinadən yazdığına görə, Rusiya vətəndaşlarının Avropaya etdiyi tur sifarişləri keçən illə müqayisədə xeyli artıb.
Rus turistlərin Yunanıstan, İtaliya, İspaniya, Monteneqro, Portuqaliya və Cənubi Kipr kimi destinasiyalara marağının artdığını bildirən sektor nümayəndələri, Türkiyə turlarına alternativ axtarışların turistləri Avropaya yönəltdiyini bildirirlər.
“Pantheon” turoperatorunun baş meneceri Anatoli Qarkusin “Yay ayları üçün Avropaya tur sifarişləri ötən ilin eyni dövrünü 10 dəfə üstələyib. İnsanlar Türkiyədən beziblər” deyib.
Bildirilir ki, Rusiyadan Avropa ölkələrinə uçuşlar təkcə İstanbul və Dubaydan deyil, Küveyt, Kasablanka və Bəhreyndən də həyata keçirilə bilər.
Avropa Şurası 2022-ci ilin sentyabrında Rusiya ilə Aİ arasında sadələşdirilmiş viza rejimini ləğv edib.