Ukrayna ətrafında Rusiya-Qərb qarşıdurması yeni bir mərhələyə qədəm qoydu. Aylardır, Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı, demək olar, hər gün yeni bir tarix verilsə də, ssenarilər ortaya atılsa da, Kreml sahibinin Qərbi pat vəziyyətinə salan gedişi qurulan dəngələri alt-üst etdi. Putin sürətli gedişlərlə Ukraynadakı separatçı rejimləri rəsmən tanıdı və bu ərazilərə "sülhməramlı" adı altında qoşunlarını yerləşdirdi. Bütün bunlar Rusiyada bir gün içində həll edilsə də, aylardır Kremlin oyunlarından və planlarından xəbərdar olduqlarını digə gətirən Qərb dövlətləri və ABŞ-ın cavab addımları ilə bağlı hələ də müzakirələr aparılır (Rusiyaya qarşı ilkin sanksiyalar tətbiq edilsə də, bir çoxları bunu Kremlin addımlarına adekvat hesab etmir. red.).
İndi, Avropa İttifaqı və ABŞ-da Brüssel və Vaşinqtonun hərbi müdaxilə faktı qarşısında Ukrayna siyasətlərinin iflasa uğradığı, bu məsələdə Putinin amerikalı həmkarı Co Baydeni nokauta saldığına dair iddialar daha çox səsləndirilməyə başlayıb.
Fox News kanalının milli təhlükəsizlik üzrə eksperti Cennifer Qriffinin iddialarına görə, hadisələrin indiki nəticələrinə gələnədək çox uzun yol qət edilib. Proses Bayden hakimiyyətə gəlməmişdən əvvəl başlayıb və Sovetlər İttifaqı dağılandan sonra bütün ABŞ prezidentlərinin səhvlərini özündə ehtiva edir:
"Putin uzun illərdir ki, Ukraynanı geri qaytarmaq planları üzərində işləyirdi. Nəticədə Avropa müharibənin astanasındadır. Suveren dövlətlərdən birinin ərazisinə işğalçı güc tərəfindən müdaxilə təhlükəsi var. Onun lideri isə 20 ildən artıqdır hakimiyyətdədir. Biz "gərginlik pillələri" ilə hərəkətin şahidi oluruq. Putin öz qambitini oynadı. İndi isə ABŞ və müttəfiqlərinin cavab reaksiyalarını gözləyərək daha da irəli gedəcək. Daha sonra sanksiyalar gələcək. Bayden dəfələrlə bəyan edib ki, amerikalı əsgərləri Ukraynaya göndərməyəcək. Lakin blitskriq stilində növbəti müdaxilə çoxsaylı gözlənilməz nəticələr ortaya qoya bilər ki, bu da amerikalıları narahat etməyə bilməz.
Britaniyalı siyasi şərhçi Stiv Hilton da baş verənlərin əsas günahını Baydendə görür. Onun sözlərinə görə, Tramp hakimiyyətdə olduğu dövrdə Obama-Bayden tandemindən fərqli olaraq Ukraynaya silah göndərirdi.
Üzv dövlətləri daha çox pul xərcləməyə məcbur edərək NATO-nun güclənməsinə təkan verirdi. "Şimal axını-2"yə sanksiya tətbiq edərək Rusiya iqtisadiyyatının yeganə qapısına qıfıl vururdu: "Bir sözlə, Tramp güc nümayiş etdirirdi. Putin hər şeyi anlayır və o hakimiyyətdə olduğu dövrdə hansısa qərar qəbul etmirdi. İndi isə Baydenə baxaq. Reallıqda baş verənlər Baydenin Putin qarşısında kapitulyasiyası deməkdir. İlk gündən Bayden bizim enerji sektoruna hücuma keçdi və "Şimal axını-2" layihəsinə sanksiyaları aradan qaldırdı. İndi isə Bayden deyir: Əgər Rusiya Ukraynaya hərbi müdaxiləni davam etdirsə, sərt sanksiyalar tətbiq edəcəyik".
Hilton bildirir ki, "sərt sanksiyalar"ın mahiyyəti açıqlandıqda isə bu tamamilə xəyal qırıqlığı idi. Rusiya ilkin sanksiyalar paketində SWIFT sistemindən kənarlaşdırılmır. Bu Putinə "biz sizi beynəlxaq iqtisadiyyatdan kənarlaşdırmayacağıq, bu bizim özümüzə də ziyandır" mesajı idi. Bayden və ətrafı düşünür ki, Putinə KİV-lə əməkdaşlıq sayəsində qalib gəlmək mümkündür: "Özünün böyük təcrübəsinə baxmayaraq, Bayden səhv etdi. Putin ABŞ prezidentinin zəifliyini uzaqdan hiss edir.
Avstraliyanın "The Age" nəşrindəki "Bayden Ukraynanı müdafiədən niyə imtina etdi" adlı təhlili də diqqət çəkir. Bildirilir ki, ABŞ prezidenti Rusiya Ukraynaya qarşı yeni hərbi əməliyyatlara başlasa Kiyevi müdafiə etməyəcəyini açıq şəkildə bildirdi:
"Səbəb çox sadədir. Amerika müharibələrdən yorulub. Milyardlarla dolların sərf olunduğu və minlərlə itkilərin qeydə alındığı mənasız 20 illik İraq müharibəsi, acı sonluqla bitən Əfqanıstan müharibəsindən sonra amerikalılar üzüntülüdürlər. YouGov-un keçən həftə apardığı rəy sorğunun nəticələrinə görə, amerikalıların 55 faizi Ukraynaya hərbiçilərin göndərilməsinin əleyhinədir. Yalnız 13 faiz amerikalı Rusiyanı dayandırmaq üçün bu addımın atılmasını vacib sayır. Hazırda Bayden hökuməti üçün Ukrayna böhranı 2-ci dərəcəlidir. Amerikanın əsas hədəfi Çindir. Rusiya ilə münaqişəyə girərək əsas hədəfindən yayınmaq, resurslarını zəiflətmək istəmir".
ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə bəyan edib ki, Putinin hazırkı Ağ Ev rəhbəri Baydenlə "oynamasına" baxmaq onun üçün xoş deyil. Bundan əvvəl isə Tramp Putinin separatçı rejimləri tanımasını "dahiyanə qərar" adlandırmışdı.
Əslində, Putinin məlum qərarı ABŞ-la yanaşı, Qərbi Avropanı çıxılmaz vəziyyətə saldı, desək, yanılmarıq.
Məsələn, "Nyu-York Times" qəzetinin yazdığına görə, Putin Ukrayna daxilindəki separatçı anklavlara (hansı ki, 2014-cü ildən rusiyapərəst qüvvələrin nəzarəti altındadır red.) qoşun yeritməklə Avropa Birliyini "adekvat sanksiyalar nə dərəcədə kəskin olmalıdır" dilemması qarşısında qoydu. Məsələnin mahiyyəti ondadır ki, Putinin fəaliyyəti Ukraynaya növbəti hərbi müdaxilə kimi qiymətləndirilməlidir, ya yox sualı AB üzvüləri arasında çaşqınlıq yaradıb.
Qurumun xarici əlaqələr üzrə rəhbəri Jozef Borrel iki gün əvvəl sanksiyalarla bağlı danışarkən ifadələrində çox ehtiyatlı idi: "Rusiya qoşunları Donbassa daxil oldu. Biz Donbassı Ukrayna ərazisi hesab edirik. Mən bunu tam müdaxilə adlandırmazdım. Lakin rus əsgərləri Ukraynadadır. Biz sanksiyaları qəbul edəcəyik. Lakin bu gün bütün qərarları qəbul edəcəyimiz anlamına gəlmir, yalnız "təcili" olanları".
Qərbin bu məsələdə tərəddüdlər içində olduğunu artıq bölgədəki digər güclər, o cümlədən Türkiyə də ən yüksək səviyyədə dilə gətirir. Beynəlxalq ekspertlərin də əksər hissəsi bu yanaşmanı bölüşürlər.
Yekunu isə, Britaniyanın "The Sun" nəşrinin bədbin proqnozları ilə bitirmək istərdik.
Rusiya hakimiyyətinin Ukraynadan sonra növbəti “hədəfi” Baltikyanı ölkələrdir. Bu barədə Britaniyanın “The Sun” qəzeti yazır. KİV-in fikrincə, “Qərb Rusiya prezidenti Vladimir Putinə Ukraynanı işğal etməyə icazə verərsə, o, Litva, Latviya və Estoniyanı işğal edə bilər”.
Ulrix Şpeka, Marşall Fondunun eksperti:
- Putin hələlik rus qoşunlarına separatçılarla Ukrayna ordusu arasındakı təmas xətti adlandırılan hissəni keçməməyi tapşırmaqla sərt sanksiyalardan yayınmağa çalışır. O, "hücum et,gözlə, danışıqlar apar"
Natali Toççi, Beynəlxalq Münasibətlər İnstitutunun direktoru:
- Əgər Moskva təmas xəttinə qoşunlarını göndərəcəksə, o zaman Avropanın ən sərt sanksiyaları tam miqyasda işə düşəcxək. Yox, əgər ordular separatçı rejimlərin ərazisində qalacaqsa, o zaman çox uzun, lakin ciddi fikir ayrılıqları ilə müşahidə olunan müzakirələr başlayacaq. Avropa Birliyi ölkələri bu məsələdə mütləq vahid mövqeyə gəlməlidir. Əgər Putin daha da irəli getməsə, hətta Moskvanın dərhal və daha kəskin cəzalandırılmasını tələb edən Polşa, Baltikyanı ölkələr də qismən sanksiyaların tətbiqinə razı olacaqlar. Ziddyyət ondadır ki, Ukrayna üçün nə qədər pisdirsə, bizim bir arada olmağımız o qədər asandır.
Quntram Volf, Bruegel İqtisadi Araşdırmalar İnstitutunun direktoru:
- Zaman keçdikcə Avropa Birliyi dövlətləri arasındakı həmrəyliyi qoruyub saxlamaq çətinləşəcək. Bununla da, vaxt ötdükcə çətin daxili siyasət və müxtəlif iqtisadi maraqlar üzündən sanksiya rejimini qoruyub saxlamaq daha da mürəkkəbləşəcək. Hazırda AB dövlətlərinin bir çoxunda energetika ilə bağlı "çoxsaylı daxili tabu"lar var.