Ukraynalı snayper dünya rekordu qırdı

10:00 22.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ordusu ölkənin daxili təhlükəsizlik agentliyi olan Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) snayperinin Rusiya cəbhəsində dünya rekordu qırdığını iddia edib.

Hafta.az-ın “Ukrinform”a istinadən yazdığına görə, adının açıqlanmasını istəməyən SBU rəsmiləri snayperin 3800 metr məsafədə bir rus əsgərini öldürdüyünü bildirib.

"Snayperlərimiz dünya standartlarını yenidən müəyyənləşdirir", - deyib SBU rəsmiləri.

Ukrayna ordusundan təqaüdə çıxmış və könüllü olaraq döyüş cəbhəsinə yollanmış snayper Yuri Çornomorets ölkənin xəbər saytlarından biri olan “Kyiv Post”a açıqlamasında “Bizim snayperlər yaxşı nöqtələrə yerləşdirilib ki, bu da rekord vurmağı asanlaşdırır” deyib.

Nə SBU, nə də Çornomorets atışmanın nə vaxt və harada baş verdiyi barədə məlumat paylaşmayıb.

“Kyiv Post”un məlumatına görə, hücumda Ukraynanın silah şirkəti MAYAK-ın istehsalı olan “Volodar Obriyu” (Üfüqlərin Rəbbi) snayper tüfəngindən istifadə edib. Çəkisi 16,7 kiloqram olan snayper tüfənginin bəzi hissələri ABŞ və İngiltərə istehsalıdır. MAYAK-ın paylaşdığı məlumata görə, quraşdırılmış 1,8 metr olan tüfəngin atış məsafəsi 3200 metrdir.

Əvvəlki rekord naməlum kanadalı xüsusi əməliyyatçıya məxsus idi. Əsgər 2017-ci ildə İraqda düşməni 3540 metrdən vurmuşdu. Ondan əvvəlki rekordçu isə 2009-cu ildə Əfqanıstanda Taliban döyüşçüsünə 2475 metrdən atəş açan britaniyalı snayper Kreyq Harrison olub.