Ukraynanın Belqoroda hücumlarında 2 ildə 120 nəfər ölüb

09:05 24.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Belqorod vilayətində qarşıdurma başlayandan bəri Ukrayna ordusunun hücumları nəticəsində həyatını itirən mülki vətəndaşların sayı 120-yə çatıb.

Hafta.az-ın yazdığına görə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, son 2 ildə Belqorod vilayətində keçirilən hərbi əməliyyatlar zamanı Ukraynanın bombardmanı nəticəsində 11-i uşaq olmaqla 120 mülki şəxs həlak olub.

Qubernator 51-i uşaq olmaqla 651 nəfərin yaralandığını, bəzi uşaqların qol və ya ayaqlarının kəsildiyini bildirib.

Nəhayət, Ukrayna artilleriyasının Belqorod vilayətinin Novaya Tavoljanka qəsəbəsini bombalaması nəticəsində hamilə qadın ölüb, çox sayda dinc sakin yaralanıb.

2023-cü il dekabrın 30-da Ukrayna Silahlı Qüvvələrinin Belqoroda ən ağır hücumu olub. Nəticədə 25 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Silahlı Qüvvələri hücum üçün qadağan olunmuş kassetli sursat kimi iki “Vilxa” raketi və Çexiya istehsalı olan “Vampire” çoxatıcı raket sistemi (MLRS) raketlərindən istifadə edib.

Şəhərin meri Valentin Demidov martın sonunda bildirmişdi ki, ilin əvvəlindən Belqorodda 4 minə yaxın ev, hərbi əməliyyatlar başlayandan isə ümumilikdə 5 min ev zərər görüb.

Oxunma sayı 258