UNESCO-nun ədalətli mövqe sərgiləməsinə ehtiyac var - Könül Nurullayeva

12:46 25.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rəsmi Bakı haqlı olaraq hesab edir ki, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Bu mənada Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşdə bu məsələyə diqqət çəkməsi təsadüfi deyildi.

Bu fikirləri hafta.az-a millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, məsələ burasındadır ki, Azərbaycan 30 illik işğal dövründə dünyanın ən nüfuzlu təşkilatının Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası ilə bağlı məsələni ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda qaldırdı. Təəssüf ki, bu qətnamələr icra olunmadı:

"Paralel olaraq, BMT TŞ-nin 5 daimi üzvündən 3-ü ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyi işğalın davam etməsinə səbəb oldu. Paradoks isə budur ki, vasitəçi ölkələr bu müddət ərzində daimi üzvü olduqları təşkilatın qəbul etdiyi qərarların icrasına maraq göstərmədilər. Halbuki dövlət başçımızın da söylədiyi kimi, məhz həmsədr ölkələr bu qətnamələrin icrasına nail olmaq üçün lazımi mandata malikdirlər. Yəni, belə vəziyyətdə həmsədrlərdən yalnız təşəbbüskar və ədalətli olmaq tələb olunurdu.

Bu mənada rəsmi Bakı haqlı olaraq müharibəyə görə məsuliyyəti yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşdüyünü bəyan edir. Prosesləri təhlil etdikdə aydın olur ki, işğalçıya qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, MQ həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, müharibə baş verməzdi. Məsələ burasındadır ki, Azərbaycan bu illər ərzində işğala məruz qalan tərəf olsa da, məsələnin sülh yolu ilə həllinə calışıb. Danışıqlar masasında özünü adekvat aparmayan, sülh danışıqlarını pozan isə Ermənistan olub. Beynəlxalq təşkilatların işğalçının bu pozucu fəaliyyətini susqunluqla izləməsi isə vəziyyətin daha gərgin fazaya keçməsinə səbəb oldu.

Nəticə isə aydındır- Azərbaycan özü qətnamələri icra etdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik, BMT TŞ-nın qətnamələrini özümüz yerinə yetirdik”.

Postmünaqişə dövründə də BMT başda olmaqla nüfuzlu təşkilatlardan məsuliyyətli olmaq tələb olunur. Xüsusilə UNESCO-nun Qarabağda dağıdılmış, təhqir olunmuş abidələrlə bağlı ədalətli mövqe sərgiləməsinə ehtiyac var. Çünki işğal dövründə Azərbaycana məxsus tarixi abidələrə dəymiş ziyanla tanış olmaq, onu düzgün dəyərləndirmək vacibdir. Azərbaycan buna da razıdır.
Çünki rəsmi Bakı gələcəyə baxmağın tərəfdarıdır. BMT rəsmisilə görüşdə dövlət başçımızın da qeyd etdiyi kimi, hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid edir. Bu ali təşkilat isə işğal dövründə olduğu kimi, postmünaqişə dövründə də laqeyd münasibətdən əl çəkməli, sülh prosesinə töhfə verməlidir".