Universitetlərdə plan yerlərinin dolmaması professor-müəllim heyətinin ixtisarı deməkdir - RƏY

13:06 25.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq bir neçə ildir ki, bütün qruplar üzrə ali məktəblərə qəbul prosesi aparılır. Bu il də yeni qaydalarla imtahanlar demək olar ki, bitib. Lakin hər ildə olduğu kimi, bu il də qruplar üzrə keçid balının aşağı salınması gözlənilir. Maraqlıdır, balların aşağı salınması plan yerlərin dolması deməkdirsə, bəs keyfiyyətə necə təsir edir?

Xatırlatmaq üçün deyək ki, DİM-in mətbuat xidmətinin rəhəri Xanlar Xanlarzadə canlı yayımda bildirib ki, bu il keçid balları 20-50 bal daha aşağı ola bilər. O bildirib ki, bunu ümumi nəticələri təhlil edərkən demək mümkündür, çünki bu il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 143 nəfər olub: Ötən il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 369 nəfər idi. 600 və daha artıq bal toplayan abituriyentlərin sayı isə bu il 554 olub, ötən il bu rəqəm 880 nəfər idi. Eyni zamanda bu il 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 10524, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı 15101-dir. Ötən il isə 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 13169, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı isə 16649 nəfər olub”. 

Mövzu ilə bağlı hafta.az-a münasibət bildirən təhsil eksperti Etibar Əliyev keçid balların aşağı salınmasını artıq müzakirə mövzusu olmadığını bildirdi. O, hesab edir ki, bu praktika bir neçə ildir təkrarlanır:

“Azərbaycan təhsilində bu təcrübədən istifadə olunur. Ötən illərdə birinci ixtisas qrupunda 50 bal aşağı salınırdı. Burada məqsəd göstəricilərin aşağı olması ilə bağlıdır. Aydın məsələdir ki, bütün özəl məktəblərdə plan yerləri olur. Builki təhlillər göstərir ki, nəticələr aşağıdır. Balların aşağı düşməsində əsas məqsəd universitetlərdə plan yerləri boş qalmasın deyədir. Çalışacaqlar ki, ötən illərdə olduğu kimi boş yerlər qalmasın. Boş yerlərin qalması kifayət qədər ciddi faktordur. Nəzərdə tutulan plan yerlərinin dolmaması, professor-müəllim heyyətinin ixtisarına gətirib çıxara bilər. əsasən aşağı balla universitetlərə daxil olanlar ödənişli əsaslarla oxuyurlar. Bunun özü də ali məktəbinin maddi vəziyyətinə təsir göstərir”.

Ekspert keyfiyyət məsələsinə gəldikdə isə, bizdə təhsilin keyfiyyəti belə məsələlərdə nəzərə alınmadığını bildirdi: “Yəni ölkədə indiyə qədər ali məktəblərdə təhsilin qiymətləndirilməsi üçün normal akkreditasiya prosesi həyata keçirilməyib. Təhsilin keyfiyyət məsələsi bir faktor olaraq nəzərə alınmır. Konkret olaraq kəmiyyət göstəricilərinə üstünlük verilir. Istənilən halda bir monitorinq aparılsa 150-200 balla ali məktəblərə daxil olan tələbələr ali məktəbləri normal şəkildə bitiriblər. Halbuki 150-200 bal göstəricisi kifayət qədər aşağı göstəricidir. Gələcəkdə aşağı nəticə göstərənlərin mütəxəssis kimi çalışmaları sual altındadır. Müəyyən dərəcədə qeyri-müəyyənlik yaranır. Görülən odur ki, hər iki qurum çalışır ki, plan yerləri dolsun”.

E. Əliyev ali məktəblərə qəbul prosesində heç bir xarici ölkələrin modelindən istifadə olunmadığını qeyd etdi: “Ənənəvi olaraq bu model bizdə tətbiq olunur. Qərbdə belə bir model yoxdur. Avropada və digər ölkələrdə belədir ki, ən yüksək göstəriciyə malik olan tələbələr ali məktəbləri qazanırlar. Müəyyən qədər göstəricisi zəif olanlar isə heç bir halda seçim edib bizdəki kimi oxuya bilmirlər. Məqsəd odur ki, insan kapitalı inkişaf eləsin, savadlı kadr yetişsin. Ali məktəblər arasında rəqabət genişlənsin. Bizdə isə bunun əksi baş verir”.