Urumçidə ŞƏT-in Media Əməkdaşlıq Forumu keçirilib

13:20 23.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Çinin Sincan-Uyğur Muxtar Rayonunun inzibati mərkəzi olan Urumçi şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Media Əməkdaşlıq Forumu keçirilib. Tədbirin mövzusu “Birlikdə gözəl ev tikirik, birlikdə firavan gələcək yaradırıq”dır.

Hafta.az-ın Khovar-a istinadən yazdığına görə, tədbirdə ŞƏT-ə üzv 26 ölkədən, müşahidəçi ölkələrdən və dialoq üzrə tərəfdaşlardan 300-dən çox KİV və biznes nümayəndəsi, rəsmi şəxslər və ekspertlər iştirak edib.

Qeyd edilib ki, 2001-ci ildə yarandığı gündən ŞƏT ardıcıl olaraq “Şanxay ruhu”na – qarşılıqlı etimad, qarşılıqlı fayda, bərabərlik, qarşılıqlı məsləhətləşmə, mədəni müxtəlifliyə hörmət və birgə inkişaf istəyi prinsiplərinə sadiqdir. Təşkilat üzv dövlətlərin əsas maraqlarının və ən mühüm məsələlərinin qorunmasını, onların inkişafı və çiçəklənməsində etibarlı tərəfdaşa çevrilməsini qətiyyətlə dəstəkləyir.

Bəşəriyyət üçün ümumi taleyi olan icma konsepsiyasını rəhbər tutaraq, ŞƏT mühüm uğurlara imza atıb ki, bu, üzv ölkələr arasında siyasi etimadın dərinləşdirilməsi, iqtisadi inteqrasiyada təsirli nəticələr, təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq və zəngin humanitar mübadilələri əhatə edir.

Forum iştirakçıları vurğulayıblar ki, ŞƏT ölkələrinin kütləvi informasiya vasitələri media sənayesinin transformasiyasını qlobal perspektivdən təhlil etməli, yeni imkanların müəyyənləşdirilməsi üçün innovativ yanaşmalardan yararlanılmalı, öz peşəkar missiyasını birgə yerinə yetirməlidirlər. Əlverişli informasiya mühitinin yaradılmasına töhfə verməklə, obyektiv və qərəzsiz işıqlandırma vasitəsilə ŞƏT çərçivəsində əməkdaşlığın məqsəd və əhəmiyyətini üzə çıxarmaq lazımdır. Təşkilatın nailiyyətlərinin tanıdılmasına, “Şanxay ruhunun” təbliğinə və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir.

Forum “People's Daily” qəzeti və Sincan-Uyğur Muxtar Rayonu Xalq Hökumətinin birgə təşkilatçılığı ilə keçirilib. Proqrama açılış mərasimi, media konfransı və gənclərin mədəniyyət layihəsinin başlanması daxildir. Forumun açılışında iştirakçılara “Ümumi ev – ŞƏT-ə üzv dövlətlərin inkişafı baxışına dair ictimai sorğu” məruzəsi təqdim olunub.

Media nümayəndələrinin konfransı çərçivəsində “ŞƏT ölkələrinin KİV-ləri arasında videokontentin mübadiləsi və təşviqi Proqramı”nın təqdimatı keçirilib.