İş həyatında qadınların rolunun artması uşaqlara baxmaq kimi məsuliyyətlərin yaranmasına gətirib çıxarır. Əlbəttə qadın istəyərsə hər şeyi bacarar. Bu işdə isə köməyə dayələr çatır. Yaxşı dayə, yaxud başqa adla desək baxıcı seçimi ciddi əmək, vaxt və məlumat istəyən məsələdir. Lakin hazırda onlarla baxıcının arasından ən uyğun namizədi seçmək bir xeyli asanlaşıb. Bu iş üçün nəzərdə tutulan şirkətlər var ki, onlar ailələrin istəklərinə uyğun dayələri bir araya gətirib, psixoloji tibbi və s. yoxlanışdan keçirərərək müraciət edənlərə təklif edirlər.
Hafta.az-ın əməkdaşı “düzgün dayə nə cür olmalıdır?” sualını əsas götürərək araşdırma apardı.
İlk olaraq dayə şirkətləri, qiymətlər və təklif edilən xidmətlər haqqında məlumat topladıq. Belə ki, bu gün həftə içi 5 gün saat 9-dan 7-ə kimi 1 uşağını dayəyə əmanət etmək istəyən ailə ən azı 400 manatından keçməlidir.
Dayə şirkətlərinin birindən verilən məlumata görə, paketlərin qiyməti müştərinin verdiyi məlumatlara əsasən təyin olunur. Həmçinin onlar, yatılı, gün boyu və saatlıq xidmət göstərirlər:
“Dayələr psixoloji testdən keçirilmiş, pediatr və pedaqoqlar tərəfindən təlim almış, çekap olunmuş xanımlardır. Şirkət tərəfindən onlara daimi nəzarət var. Dayəyə hər ay xüsusi proqram verilir. Yemək rasionu belə şirkət tərəfindən təyin edilir. İlkin növbədə valideynə yönəldilir, bəyənildiyi təqdirdə dayələr həmin menyu ilə işləyir. Yaş kateqoriyasına görə zehnin, məntiqin inkişafı, intellektual oyunların qurulması dayənin iş prinsipinə aiddir. Uşaqların sayı, ünvan, dil amilləri də qiymət paketində fərqlilik yaradır. Standart sadə paket - həftənin 5 günü saat 9-dan 7-ə 500 manat hesablanır”.
Başqa bir şirkətin xidməti də demək olar ki oxşar idi. Burada uşaq baxıcılarının maaşı 400, 450-500 manat arasında dəyişir:
“Dayələrin aylıq maaşı 400, 450-500 manat arasında dəyişir. Buraya1 uşaq üçün saat 9-dan 7-ə qədər olan müddətdə dayə xidməti daxildir. Dayələrin, sağlamlığı haqqında məlumatlar, narkoloji testdən keçmələri, psoxoloji yoxlanış şirkət tərəfindən həyata keçirilir. Bundan başqa hər bir dayənin məhkumluq arayışı, banklara küllü miqdarda borcunun olub olmaması da tərəfimizdən öyrənilir. Dayələr rus və ingilis dilli olmaqla da kateqoriyaya ayrılıb. Hər bir ailəyə onlara yaxın ərazidə olan uyğun dayə seçilib yönləndirilir. Dayənin maaşı vətəndaşlarla aralarındakı razılaşma əsasında da təyin edilə bilər. Biz sadəcə vasitəçi oluruq”.