Uşaq vaxtı hərəkətsiz olanların çoxu gələcəkdə ürək xəstəsi olur

11:05 24.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa Kardiologiya Cəmiyyətinin (ESC) saytında dərc edilən araşdırmaya görə, tədqiqatçılar müəyyən ediblər ki, uşaqlarda uzun müddət hərəkətsiz qalmaq sonrakı həyatda ürəyin zədələnməsinə səbəb ola bilər.

Hafta.az-ın yazdığına görə, tədqiqat çərçivəsində 11, 15 və 24 yaşlarında olan 766 uşağın oturma və hərəkətsiz qalma müddəti bir həftəlik müddətdə aktivlik monitorlu smart saatlarla izlənilib. İştirakçılar 17 və 24 yaşlarında olarkən ürəklərindəki sol mədəciyin çəkisi exokardioqrafiya adlanan ultrasəs müayinəsi ilə ölçülüb.

Tədqiqatçılar yaş, cins, qan təzyiqi, bədən yağ faizi, siqaret çəkmə, fiziki fəaliyyət və sosial-iqtisadi vəziyyət kimi faktorları tənzimlədikdən sonra 17 və 24 yaşlarda ürək ölçmələrini, 11-24 yaşlarında hərəkətsizlik zamanı ilə müqayisə ediblər. Tədqiqat uşaqlarda uzun müddət hərəkətsiz qalmanın "sol mədəciyin çəkisinin artması" ilə əlaqəli olub olmadığını araşdırıb.

İştirakçıların 11 yaşında oturaq vəziyyətdə keçirdikləri 6 saatlıq müddətin 24 yaşında təxminən 9 saata yüksəldiyi qeyd edilib. Tədqiqatçılar müəyyən ediblər ki, 11-24 yaş arasında hər dəqiqə hərəkətsizlik sol mədəciyin çəkisinin artması ilə nəticələnir.

Finlandiyadakı Şərqi Finlandiya Universitetindən və tədqiqatın həmmüəllifi Dr. Andrev Agbaje deyir: "Yeniyetmələrin ekranda keçirdikləri vaxt ürəyin daha ağır olmasına səbəb olur. Biz böyüklərin araşdırmalarından bilirik ki, ağır ürək infarkt və insult şansını artırır".

Agbaje, sözügedən araşdırmanın, bədən çəkisi və qan təzyiqindən asılı olmayaraq, oturaq vaxt keçirmənin ürəyin zədələnməsi ilə əlaqəli ola biləcəyini ortaya qoyub.

Uşaqların və gənclərin uzunmüddətli sağlamlığına çağıran Agbaje, valideynlərə uşaqlarını aktiv saxlamaq üçün gəzintiyə çıxmağı, sosial media və video oyun vaxtını məhdudlaşdırmağı tövsiyə edib.