Uşaqlarda aqressiv davranış nədən qaynaqlanır?

12:50 22.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər hesab edirlər ki, bu cür hallar tez-tez baş verirsə, valideynlər mütləq mütəxəssisə müraciət etməlidirlər

Çox eşitdiyimiz belə bir deyim var: “Hər bir uşaq ailəsinin güzgüsüdür”. Doğrudan da insan xarakterinin formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində ailə başlıca rola sahibdir. Elə bu səbəbdən də valideynlər çalışır ki, yetişdirdikləri övlada görə heç vaxt qınaq obyektinə çevrilməsinlər. Övlad yetişdirmək, onu cəmiyyətdəki neqativ təsirlərdən qorumaq heç də asan məsələ deyil. Bəzən valideynlər bunun öhdəsindən gələ bilmir və nəticədə övladları xoşbəxt uşaqlıqdan və sanballı gələcəkdən məhrum olurlar.

Qeyd edək ki, müasir dövrdə valideynlərin daha çox şikayət etdiyi məqamlardan biri uşaqların aqressiv davranışlarıdır. Əksər valideynlər bu halı cəmiyyətdəki neqatif faktorlarla əlaqələndirsələr də, səbəblər müxtəlifdir. Mütəxəssislər bildirirlər ki, aqressiv davranışlar istənilən yaş qrupuna mənsub uşaqlarda özünü büruzə verə bilər. Bu davranışlar ilk növbədə qıcıqlanma, qəzəb kimi mənfi emosiyaların ifadəsinə xidmət edir. Belə davranışı müşahidə edən uşaq onu lazımlı hesab edir. Aqressiyanın səbəbləri müxtəlifdir – toplanmış emosional gərginlik, incikliyini sözlərlə ifadə edə bilməmək, böyüklərin diqqətinin azlığı, başqasının oyuncağını əldə etmək arzusu, yaşıdlarına gücünü göstərmək və s. Bir çox hallarda uşaq özünə və ya ətrafdakılara zərər verir. Köməksizlik, kədər, inciklik hiss edir, lakin öz vəziyyəti ilə bacara bilmir, problemlərinin həlli üçün kommunikativ bacaqrıqlara malik deyil.

Müşahidələr göstərir ki, aqressiv davranışın əsas səbəbləri arasında ailə münasibətləri mühüm rol oynayır. Belə ki, qəddarlıq, zorakılıq, hörmətsizlik, ailədə tez-tez konfliktlərin olması, valideynlərin bir-birinə laqeydliyi aqresiyanın formalaşmasına təkan verir. Uşaq anasının və ya atasının davranışlarını təkrarlayır, onda mübahisə etmək, münaqişələri provokasiya etmək, qəzəbini açıq-aşkar göstərmək, diqqət cəlb etmək məqsədilə itaətsizlik kimi hallar müşahidə olunur.

Aqressiya fərdi xüsusiyyətlər fonunda baş verəndə isə emosional vəziyyətin qeyri-stabilliyi qəzəb, qıcıqlanma şəklində təzahür edir. Aqressiya vasitəsilə qorxu, yorğunluq, özünü pis hiss etmə ifadə edilir; günahkarlıq hissi kompensasiya edilir, özünü qiymətləndirmə azalmış olur.

Sinir sisteminin xüsusiyyətləri – MSS-i balanslaşdırılmamış zəif tipli olan uşaqlar aqressiyaya meyillidir. Onlar yüklənməni daha çətin yaşayır, fiziki və psixoloji diskomfortun təsirinə qarşı daha dözümsüzdürlər.

Sosial-bioloji faktorlar – aqressivliyin təzahürü uşağın cinsi mənsubiyyəti, rol oynama gözləntisi, sosial vəziyyətilə müəyyənləşdirilir. Oğlan uşaqlarına, adətən, təlqin olunur ki, kişi döyüşməlidir, cavab qaytarmağı bacarmalıdır.

Situasiya faktorları – uşaq yaşlarında emosional labillik təsadüfi xarici xoşagəlməz hadisələr zamanı qıcıqlanma, qəzəblə təzahür edir. Məktəb qiymətlərinin pis olması, ev tapşırıqlarını yerinə yetirməyin labüdlüyü, aclıq və ya üzücü səfərin (səyahət) yaratdığı fiziki diskomfort uşağı təşviq edə bilər.

Aqressivliyin bazal təzahürləri bir yaşa qədər südəmər uşaqlarda müşahidə olunur.  1-3 yaşlı uşaqlarda konfliktlər oyuncaqlar, digər şəxsi əşyalar başqası tərəfindən mənimsənildikdə meydana çıxır. Uşaqlar dişləyir, itələyir, dalaşır, əşyalar atır, tüpürür, qışqırır. Valideynlərin reaksiyanı kəsmək cəhdi kimi uşağı cəzalandırması vəziyyəti dərinləşdirir. Məktəbəqədər uşaqlarda aqressiyanın fiziki ifadəsi nadir hallarda müşahidə olunur. Onlarda nitq aktiv inkişaf edir, kommunikasiyanı yaxşı bacarırlar. Ünsiyyətə ehtiyac yaranır, lakin eqoistlik, başqasının düşüncələrini qəbul edə bilməmək , hadisələri obyektiv qiymətləndirə bilməmək produktiv qarşılıqlı əlaqəyə mane olur. Verbal aqressiyanın – danlama (söymə), təhqir, təhdid yaranmasına səbəb olan anlaşmazlıq, kin meydana çıxır.

Kiçik məktəbyaşlı uşaqlar özününəzarətə malikdirlər. Onlar aqressiyalarını inciklik, narazılıq, qorxu şəklində ifadə edə bilirlər. Bununla yanaşı, bu uşaqlar həmin emosiyaları öz maraqlarının müdafiəsi, düşüncələrini dəstəkləmək üçün aktiv istifadə edirlər. Aqressivliyin gender xüsusiyyətlərini müəyyənləşdirməyə başlayırlar. Oğlanlar açıq hərəkət edirlər, fiziki güclərindən istifadə edirlər – dalaşırlar, bir-birlərinin alına vururlar və s.; qızlar isə dolayı və verbal üsullar seçirlər – istehza edirlər, ləqəblər qoyurlar, qeybət edirlər, inkar edirlər, susurlar. Hər iki cinsin nümayəndələrində özünü qiymətləndirmənin azalması, depressiya əlamətləri qeyd olunur.

Yeniyetməlik dövründə aqressivlik hormonal disbalans və bu dövrdə emosional labillik, sosial kontaktların çətinliyi ilə maşayiət olunur. Öz əhəmiyyətini, gücünü, özünə tələbatın olmasını sübut etmək ehtiyacı yaranır. Aqressiya ya fəaliyyətin produktiv növləri ilə basqılanır, ya da daha ağır formalara keçir: gənc oğlanlar və qızlar dalaşırlar, rəqibə xəsarət verirlər, intihara cəhd edirlər.

Məsələyə münasibət bildirən psixoloq Narınc Rüstəmova deyir ki, uşaqlarda aqressiya əsasən şəxsiyyətin formalaşdığı zaman şiddətlənir: "Bu prosesə 3-6 və 12-16 yaş arası uşaqlarda daha çox rast gəlinir. 3-6 yaş arasında uşaqların ilkin məni formalaşır. Buna elmi dildə eqosentirizm deyilir. Bu yaşda olan uşaqlarda aqressiya, əsəbilik daha çox olur. Qonaq getdiyi yerdə uşaqlarla, evdə bacı-qardaşı ilə tez-tez münaqişə edə bilər. Eqosentirizm dövründə valideynlər çox diqqətli olmalı, uşaqların eqolarını, yəni daxili "məni”ni sındırmamalıdırlar. Həmin dövrdə uşaqların alçaldılması gələcəkdə özgüvəndə problemlərin yaranmasına səbəb olur. Uşaq aqressivkən ona qarşı getmək olmaz, valideyn əksinə sakit, səbirli olmalıdır. Və çalışmalıdır ki, uşaqla göz kontaktı qurulmasın. Əgər uşaq çox aqressivdirsə və bu cür hallar tez-tez baş verirsə, yaxşı olar ki, valideynlər mütəxəssisə müraciət etsinlər”.

Məsələ ilə bağlı fikirlərini bildirən psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, uşaqlarda aqressiyanı yaradan əsas səbəblərdən biri fiziki və psixoloji şiddətə məruz qalmalarıdır: "Bildiyimiz kimi, ölkəmizdə bir çox ailələrdə uşaqlara qarşı fiziki şiddət var, həm də həddindən artıq psixoloji şiddət var.  Bu şiddətlərin qarşısında, təbii ki, uşaq aqressiya ilə qarşılıq verəcək. Belə deyək, valideynlər uşağa nə ötürürsə, o da onu geri qaytarır. Ailə münasibətlərində qəddarlıq, zorakılıq, hörmətsizlik, ailədə tez-tez konfliktlərin olması, valideynlərin bir-birinə laqeydliyi aqressiyanın formalaşmasına təkan verir. Demək olar ki, uşaq ailədəki davranışları təkrarlayır, mübahisə etmək, münaqişələri provokasiya etmək, qəzəbini açıq-aşkar göstərmək, diqqət cəlb etmək məqsədilə itaətsizlik və s. Valideynlərinin bir-biri ilə belə davranışı, artıq uşaqda belə fikir formalaşdırır ki, nə isə əldə etməyin yolu budur. Bir çox ailədə valideynlər uşaqlarını sevgiyə ac saxlayır, onlarla oynamır, vaxt keçirmir. Bunu bir çox bəhanə ilə əlaqələndirirlər. İşdənsonrakı yorğunluq, sosial şəbəkələrdə vaxt keçirmək və s. kimi bəhanələr. Bu səbəblərdən doğan aqressiyalarını  da uşaqlarına göstərirlər. Nəticədə uşaqlarda adekvat ataka ilə qarşılıq verirlər”.

Onun sözlərinə görə, valideynlərin daha bir səhvi uşaqlarını dinləməmək problemidir:     “Çox vaxt uşağa hirslənərək "Səsini kəs" və ya "Uşaqdır, bilmir" kimi reaksiyalar veririk. Əgər uşağı dinləsək, onda daxilə yığılmış aqressiya baş verməz. Daxili aqressiya yığıldığı zaman uşaq  bunu müxtəlif reaksiyalarla büruzə verir. Misal üçün, başını divara vurur, davamlı qışqırır, söz eşitmir və s. Valideynlər deyir ki, uşaq söz eşitmir. Bəs bu uşaq söz eşitməməyi necə öyrənir? Bunların hamısı valideynin davranışlarından götürülmüş xüsusiyyətlərdir.  Valideyn uşağı eşitmədikcə, həmin reaksiya uşaqda da yaranır”.

Ekspert vurğulayır ki, uşaqlarda aqressiv davranışları müəyyən etməyin müxtəlif diaqnostik yolları var: "Bunun üçün hər bir psixoloqun öz metodları var. Bu metodlar müəyyən praktikalar əsasında qurulur. Uşaqlar qəbul zamanı analiz edilir. Diaqnostikanın əsasında söhbət isə dayanır. Həkim şikayətlərə qulaq asır, vəziyyəti  aydınlaşdırır, daha sonra hansı metodla diaqnoz qoyacağını müəyyənləşdirir".

Oxunma sayı 1596