Bir aydan çoxdur, tədris ili yekunlaşıb və məktəblilər yay tətilinə çıxıblar. Qeyd edək ki, tətil günlərində şagirdlərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan asılıdır. Mütəxəssislər bildirirlər ki, məktəblilərin boş vaxtlarının səmərəli təşkili ilə bağlı həyata keçirilən proqramlar onların milli-mənlik şüurunun inkişafına və vətənpərvərlik hisslərinin artmasına böyük təsir göstərir. Uşaqların asudə vaxtının səmərəli təşkili onları zərərli vərdişlərdən də uzaq tutur. Ekspertlər hesab edirlər ki, tətilin maraqlı və səmərəli təşkili uşaqların yeni dərs ilində daha enerjili olmasına kömək edir. Belə ki, maraqlı, əyləncəli tətil keçirən, dincələn uşaqlar dərs ilinə həvəslə hazırlaşırlar. Uşaqların asudə vaxtının ən səmərəli təşkili yollarından biri isə onların yay düşərgələrində dincəlməsi hesab edilir.
Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov bildirib ki, düşərgələr sosiallaşma baxımından əvəzolunmaz şərait, valideynlər üçün uşaqlarına görə arxayınçılıq yaradan bir ortamdır: “Düşərgələrin uşaqların təlim-tərbiyəsi, zərərli vərdişlərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından da çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Orada şagirdlər özlərinə dost tapırlar, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirlər, nizam-intizama alışırlar. Məlumdur ki, uzun müddətli gərginlikdən sonra istirahətlə yanaşı kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, bu isə öz növbəsində təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir. Qeyd edim ki, o vaxtkı düşərgələr bir növ hərbi xidmətə hazırlığın, fiziki, mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsinin də sınanmış bir forması idi. Uşaqların şeypurun səsi ilə vaxtında yuxudan durması, yatması, qidalanması rejimlə tənzimlənirdi. Tonqallar, məşəllər, bayraq önündə düzülüş, Vətənə, doğma torpağa sədaqət andları və s. bütün tərbiyə aspektləri baxımından əhəmiyyətli idi. Bir çox iri müəssisələrin və təşkilatların olduğu kimi yerli təhsil şöbələrinin də belə düşərgələri var idi".
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov deyib ki, şagirdlərin yay tətillərinin səmərəli keçməsi, dövlət və cəmiyyət olaraq hər birimizin diqqətində olmalıdır: “Əvvəllər uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. İndi bu düşərgələr yox vəziyyətindədir. İndi məktəbliləri düşərgələrə yönləndirmək də çox çətindir. Çünki hazırda Azərbaycanda 1,6 milyon şagird təhsil alır. Ümumilikdə, bu düşərgələr 9 aylıq təhsildən sonra tətil adlandırılsa da, əslində tətil, istirahət deyil, öyrəndiklərinin təcrübəsini keçmək olmalıdır. Şagirdlər 3 aylıq tətil dövründə oxumaq, yazmaq vərdişlərini yadırgamamalıdır”.
Mütəxəssis bildirir ki, hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur: “Çünki yay düşərgələrində, əslində, maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə uşaqları toplayıb, gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə və görüntü xarakteri daşıyır. Sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi”.
K.Əsədov qeyd edib ki, Azərbaycan 1992-ci ildən BMT-nin uşaq hüquqları Konvensiyasına qoşulub. Bu konvensiyada göstərilib ki, uşaqların istirahət hüququ təmin edilməlidir: “Bu gün uşaqlarımız yay tətilində valideynləri ilə dənizə çimməyə və yaxud meşələrə, çaylara gedirlər. Bu səfərlər zamanı uşaqlar yaşlarına uyğun olmayan mənzərə ilə qarşılaşırlar. Uşağın tətil vaxtı gördüyü mənzərə dəniz kənarında baş verənlər və valideynlərinin meşələrdə kabab çəkərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsə, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təəssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır”.
O həmçinin vurğulayıb ki, düşərgələrin qiymətləri, adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır. Adambaşına hazırda düşən düşərgə qiyməti real qiymət deyil. Adambaşına 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz: “Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir. Bütün bunların hamısı Təhsil Nazirliyi, rayon təhsil şöbələri, şəhər təhsil şöbələri tərəfindən həyata keçirilməlidir. Və hətta ilin əvvəlində şagirdlərə “təlimdə yüksək göstəricilər göstərən şagirdlər olimpiadaların, yarışların, buraxılış imtahanlarını yüksək səviyyədə keçmiş uşaqlar ilin sonunda düşərgələrə göndəriləcək” xəbərdarlığı edilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır. Bu həm də, əlavə iş yeri deməkdir. Azərbaycanda hazırda 160 min tələbə var. Onların 70 faizi regionlardan gələnlərdir. Yaxşı olardı ki, 3 ay ərzində həmin tələbələr boş qalmasın deyə, əlavə gəlir əldə etsinlər deyə, aidiyyəti qurumlar layihələr hazırlasın. Təhsil Nazirliyi, təhsil şöbələri, məktəb direktorları bu sahədə çalışsınlar. Bu, Azərbaycan təhsilində inqilabi bir addım olar”.
Mövzu ilə bağlı təhsil eskperti Elçin Süleymanov qeyd edib ki, uşaqların fiziki və mənəvi cəhətdən tərbiyəsi gələcək nəsillərin daha sağlam, mükəmməl yetişməsinə müəyyən qədər bir siqnal olur: “Uşaqlar bizim gələcəyimizdir. Dövlətin vəzifələrindən biri də uşaqların sağlamlığı, eyni zamanda onların savadlanması istiqamətində addımlar atmaqdır. Bu istiqamətdə müəyyən addımlar atılır və atılmaqdadır. Təbii ki, bütün vəzifə təkcə dövlətin üzərinə düşməməlidir. Eyni zamanda, valideynlər də övladlarının asudə vaxtlarının səmərəli təşkilini düşünməlidirlər. Son illər bu istiqamətdə layihələr həyata keçirilir. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə yay məktəbi təşkil olunur. Düşünürəm ki, bu alqışalayiq bir addımdır. Dərslər bitdikdən sonra şagirdərin həm istirahəti, həm də əyləncəli şəkildə tədris fəaliyyəti onların inkişafına müsbət təsir göstərir.”
Ekspert deyib ki, “Summer school” tipli layihələr müxtəlif ölkələrdə tətbiq olunur: “Belə layihələrdə dərslər daha çox əyləncəli şəkildə tətbiq edilir. Bu tip layihələrdə şagirdlərin sinif, auditoriya xaricindən də tədris və əyləncənin bir arada olaraq kollektivdə özünü ifadəetmə bacarıqlarının inkişafı nəzərdə tutulur. Bu, təbii ki, yeni bir layihə deyil. Sovet dönəmində də məktəb düşərgələri var idi. Düzdür, o dövürdə müxtəlif idealar təbliğ olunurdu və komminist ideaların təbliği məhz, elə o düşərgələrdən başlayırdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra şagirdlərin milli ruhda böyüməsi,vətənpərvər bir insan kimi, yetişməsi istiqamətində mühüm addımlar atıldı. Vətənpərvərlik, Vətənə sədaqət kimi, hissləri təbliğ edən idealar uşaqlar arasında səmimiyyəti, birliyi, torpağa bağlılığı daha artırır”.
Onun sözlərinə görə, şəhərimizdə kifayət qədər muzeylər, parklar, əyləncə yerləri var ki, valideynlər övladlarını adıçəkilən yerlərə apararaq, onların asudə vaxtlarını səmərəli keçirə bilərlər: “Valideynlər büdcəsinə uyğun övladları ilə xoş yay tətili keçirə bilər. Valideyn övladına vaxt ayırmalıdır. Onunla vaxt keçirərək günlərini maraqlı keçirə bilərlər. Bunun büdcə ilə yox, düşüncə ilə əlaqəsi var. Bəzən valideynlər yaxınlıqdakı mağazaya övladlarını göndərmir. Əlinə telefon verib, evdə oturmalarını daha düzgün hesab edirlər. Əsl təhlükənin isə çöldə yox, evdə-əlindəki telefonda olduğunun fərqinə varmırlar. Valideyn övladı ilə dost olmalıdır. Onun bütün psixoloji durumuna nəzarət etməli, zərərli vərdişlərdən qorumalıdır. Valideyn nə qədər övladı ilə vaxt keçirsə, sonradan problemlər yaranmaz. Bəzən uşaqlar valideynləri ilə diaoloq qura bilmədiyindən tanımadığı insanlarla dialoq qurur. Bunun fəsadları isə sonralar özünü biruzə verir. Yay məktəbində uşaqlara yeni vərdişlər qazandırmaq olar. Məncə, bu yaxşı fürsətdi. Dövrümüz texnologiya, qloballaşma dövrüdür.Düşünürəm, yay məktəblərində digər fəaliyyət növlərini – musiqi, idman rəsm, xarici dil biliklərini inkişaf elətdirmək olar. Qeyd edim ki, bunu tədris dönəmində olduğu kimi yox, daha əyləncəli formatda etmək olar”.