Üzdə "düşmən" olsalar da... - TƏHLİL

17:58 22.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son günlərdə Rusiyanın Ermənistanı gizli şəkildə silahlandırdığı ortaya çıxmaqdadır. Bu azmış kimi, üzdə İrəvanla Moskva arasında süni siyasi gərginlik yaradılsa da, iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin sürətlə artdığına dair yeni statistik rəqəmlər var. O zaman sual olunur: necə ola bilər ki, Moskvaya arxa çevirən, bu məqsədlə Qərbdən yardım dilənən Ermənistan rəhbərliyi, Paşinyan hökuməti Rusiya ilə bu cür sıx əlaqələrə malikdir? Əslində, Azərbaycan hər zaman bildirir ki, İrəvan sanksiyalardan yan keçməklə Rusiyaya Qərb məhsullarını çatdıran əsas vasitələrdən biridir. Qərb də bu rəqəmləri görür. Ancaq özünə sərf etdiyi üçün gözdən pərdə asmaqla Ermənistanı Rusiyadan "qoruyacağına" vəd verir. Bu məqsədlə həm İrəvan silahlandırılır, həm də ciddi maliyyə dəstəyi alır. Əslində hədəfin Rusiya olmadığı bəllidir. Bütun bu siyasətin başlıca hədəfi Azərbaycandır. 30 illik işğal dövründə olduğu kimi, yenə də Qərblə Moskvanın Ermənistan maraqları üst-üstə düşür.     

Siyasi analitik Bəhruz Quliyev bildirir ki, Cənubi Qafqazda manipulyasiyalar, saxta ittihamlar, məqsədli təxribatlar, saxta düşmənçilik yeni xəbər deyil, Rusiya və Qərbin “Ermənistan” adlı birgə oyunlarının tərkib hissəsidir. Ekspert qeyd edir ki, erməniləri Azərbaycan torpaqlarına köçürən, onları lazımi və həyati əhəmiyyətli vəsaitlərlə, o cümlədən torpaq, mülk verən və sonradan Ermənistan adlı qondarma dövlət quran Qərb ölkələri və Rusiyadır:

“Bu tandemin, birgə layihənin tarixi qədimlərə gedib çıxır. Uzunmüddətli planda Azərbaycan torpaqlarında yeni xristian dövləti yaratmaq var idi və bu, qismən də olsa həyata keçirilib. Birinci Qarabağ savaşında qondarma dövlətin ərazilərini genişləndirməyi bacarmışdılar. Danılmaz faktdır ki, Ermənistanı yaradan və bu gün də bəsləyən Qərb və Rusiyadır”.

B.Quliyev xüsusi olaraq qeyd edir ki, Qərbin və Rusiyanın Cənubi Qafqazda baş verən hadisələrə münasibətinin necə olduğunu dəqiqləşdirmək üçün uzağa getmək lazım deyil, nəticəyə baxmaq kifayətdir:

“Qərb, o cümlədən Rusiya öz daxilində baş qaldıran separatçılığa qarşı çox ciddi ölçülər götürür, başqa ölkələrin ərazilərində yaşananlara isə fərqli davranır. ABŞ-də ştatların mərkəzdənqaçma prosesi dərinləşməkdədir, amma mərkəzi hakimiyyət bunun baş verməməsi üçün ən qanlı üsullara, gizli repressiyalara əl atır. Fransanın Korsikada, Yeni Kaledoniyada və digər dənizaşırı ölkələrdə azadlıq hərəkatına verdiyi təpkini, apardığı qəddar siyasəti demək olar ki, hər gün seyr edirik. Parisi ittiham edən, onun yürütdüyü siyasəti tənqid edən yoxdur. Paralel olaraq Azərbaycan ərazisindəki erməni separatçılarını həm Fransa, həm də ABŞ lazım olduğu qədər dəstəkləyirdi. Rusiyanın Cənubi Qafqaz siyasətində də İrəvana dəstək özünü bütün çılpaqlığı ilə büruzə veridi. Ukraynada aparılan müharibə səbəbindən bir-birinə düşmən olan Qərb və Rusiya Ermənistan məsələsində birgə hərəkət edirlər. Rusiya Ermənistandadır, həm də bütün mənalarda. Sərhədlərini qoruyur, ərazisində ən böyük hərbi bazaya malikdir. Bununla yanaşı, İrəvan Moskvaya düşmən olan Qərbi Ermənistana gətirir, Rusiya isə yalnız tamaşa edir. Bu, mümkündürmü? Yəni, Ermənistan məsələsində Qərblə Rusiya çəkici bir zindana vururlar. Qərbin Ermənistanla “inteqrasiyasına” cavab olaraq Rusiya İrəvanla iqtisadi əlaqələrini son 3 ildə 2,8 dəfə artırıbsa, burada fəlsəfə axtarmağa əsas yoxdur. Dünyanın bir qütbündə düşmən olan tərəflər, o biri qütbündə dostluq edirlər. Çünki, maraqlar bunu tələb edir. Rusiyada və Qərb ölkələrində siyasət heç vaxt dəyişmir. Bunu tərəflər “Ermənistan” layihəsində bir daha sübut etdilər. Bir sözlə, Qərbin və Rusiyanın, xristian dünyasının neosəlibçiliyi bütün imkanları və yeni planları ilə davam etdirilir”.

Siyasi analitik Vüqar Dadaşov hafta.az-a bildirib ki, Qərbin Ermənistan–Rusiya dartışmasında İrəvanı sona qədər müdafiə etməyəcəyi qənaəti Ermənistanı Rusiya ilə münasibətini normallaşdırmağa vadar edib. Onun sözlərinə görə, təhlükəsizlik deyəndə, məhz Ermənistan dövlətinin fiziki, siyasi mövcudluğunun Rusiya tərəfindən tarixdən silinməsi düşünülür.

 “Təbii ki, Rusiya hər zaman Ermənistana siyasi, diplomatik, hərbi dəstək verib. Ermənistanın bir dövlət kimi də yaranması, mövcudluğu Rusiyanın xidmətidir. Ermənistan ərazisinin Azərbaycan torpaqları hesabına 9 min kvadrat-kilometrdən  29 min kvadrat kilometrə qədər genişləndirilməsinin səbəbi Rusiya, Moskvadır. 44 günlük müharibə də Rusiya Ermənistan hər cür kömək etdi, müharibəni dayandırdı, Qarabağa sülhməramlı adı ilə daxil oldu. Biz bu məsələləri həl edə bildik. Ancaq Rusiyanın Azərbaycana qarşı, Türkiyə qarşı tarixi siyasi kursu dəyişməz olaraq qalır. Rusiyanın müəyyən dövrlərdə Azərbaycanla isti münasibəti onun düşdüyü çətin siyasi-hərbi vəziyyətinə bağlıdır. Hansı ki, müvəqqəti xarakterlidir”.

V.Dadaşov hesab edir ki, Rusiyanın indi Ermənistana silah verməsi, ticarətin 16 milyard dollara çatdırılması bu ölkənin ənənəvi siyasətinin davamıdır:

“Zəngəzur dəhlizinin açılması, ona nəzarət məsələsində Rusiyanın əli daha güclüdür. ABŞ və Rusiyanın bu məsələdə üz-üzə gəlməsində Ermənistan bitərəflik nümayiş etdirəcək ki, manevr imkanlarını qorusun. Həm də sonda güclü tərəfə keçəcək. Rusiya Zəngəzura nəzarət edərsə həm Ermənistana, həm də Azərbaycana, regiona təsir imkanlarını genişləndirəcək. Tranzit imkanlarına görə dünya iqtisadiyyatında önəmli rol sahibi olacaq”.

Ekspert bildirir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistana səfərindən dərhal sonra, Fransanın Avropa və Xarici İşlər Naziri Stefan Securnetin Ermənistana səfərində əsas mövzu, təbii ki, Ermənistan–Azərbaycan arasında mümkün sülh, Zəngəzur dəhlizi ilə bağlıdır”.