“Varlı və kasıb” rayonlarımız - Aktual

12:49 15.07.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər büdcədən dotasiya almayan şəhər və rayonların sayı əhəmiyyətli dərəcədə artıb. Yəni həmin şəhər və rayonlar artıq büdcə dəstəyinə ehtiyac duymurlar. Bu il mərkəzdən dotasiya almayan bölgələr  Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Abşeron, Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Zaqataladır. 2022-ci ilin dövlət büdcəsinə əsasən, mərkəzdən regionlar üçün nəzərdə tutulmuş vəsait Ağdam, Balakən, Cəbrayıl, Goranboy, Xocalı, Xocavənd, Kəlbəcər, Qax, Laçın, Lerik, Oğuz, Yardımlı, Zəngilan və Zərdab rayonları arasında bölünəcək.

Bəs, görəsən, bu gün büdcədən dotasiya almayan bölgələr həqiqətənmi özlərini dolandırmaq gücünə malikdirlər? Bu rayon və şəhərləri varlı hesab etmək olarmı? Ümumiyyətlə, bölgələrə ayrılan dotasiya hansı meyarlar əsasında dayandırılır? 

Qeyd edək ki, rəsmi şəkildə regionların iqtisadi reytinqi aparılmasa da, ekspertlərin fikrincə, Azərbaycanın hazırda ən zəngin bölgələri Bakı, Şəmkir, Tovuz, Gəncə, Lənkərandır. Bakı Azərbaycanın ən böyük şəhəri olmaqla yanaşı, həm də ölkənin iqtisadi mərkəzi sayılır. Reytinqinə görə, ölkənin digər rayon və şəhərləri Bakıdan xeyli geridə qalır.

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib ki, hər il büdcə zərfi hazırlanarkən şəhər və rayonlardakı vəziyyət də təhlil edilir:

“Bölgələrdə istehsal müəssisələri mövcuddur, sahibkarlıq fəaliyyəti vardır. Həmin müəssisələrdən, sahibkarlardan vergilər toplanılır, ödənişlər alınır. Hər bir şəhər və rayonun öz büdcəsi olur və onlar il ərzində aidiyyəti instansiyalara xərclərini bildirirlər. Ümumiyyətlə belə götürəndə rayonların büdcədən vəsait almaması kimi təqdim olunan proses heç də, göründüyü kimi deyil. Məsələn, təhsil xərclərini yerli xərclərdən ayırıb, mərkəzi xərclərə aid etdilər. Nəticədə rayonların yerli xərclərində ciddi azalma baş verdi. Eyni zamanda, rayonlarda fəaliyyət göstərən yol təsərrüfatı idarələri yerli tabeçilikdən çıxarılıb Avtomobil Yolları Dövlət Agentliyinin balansına verildi, yol təsərrüfatı xərcləri də rayonların yerli xərclərinin strukturundan ayrıldı.

Bu da yerli xərclərin bir qədər də azalmasına gətirib çıxartdı. Nəticədə rayonların gəlirlərini artırmaqla öz xərclərini qarşılaması deyil, xərclərin onların büdcəsindən çıxarılması hesabına mərkəzi büdcədən vəsait almaması prosesi baş verdi. Yəni, bu gün hansısa şəhərin və rayonun büdcədən dotasiya almaması o demək deyil ki, həmin bölgə təhsil, səhiyyə xərcləri ilə bağlı məsələlərdə mərkəzi büdcədən asılı deyil. Təbii ki, bu məsələdə hər bir şəhər və rayon büdcədən asılıdır. Digər tərəfdən, bələdiyyələrin səlahiyyətləri genişləndikcə mərkəzi icra hakimiyyətlərinin səlahiyyətləri daha da azalır. Bu baxımdan birmənalı şəkildə demək olmaz ki, mərkəzi büdcədən dotasiya almayan şəhər və rayonlar varlıdırlar”.

Hazırda hansı bölgələrin real olaraq özünü maliyyələşdirmək potensialının olmasına gəlincə, ekspert vurğulayıb ki, belə bölgələrin sayı çoxdur:

“Onlardan çoxunun adını sadalamaq olar. Məsələn, Gəncə, Şəmkir. Sadəcə burada əsas söhbət büdcə vəsaitinin düzgün və səmərəli idarə olunmasından gedir. Əgər büdcə vəsaitlərinin səmərəli və şəffaf xərclənməsi həyata keçirilsə, çox bölgə özü-özünü maliyyələşdirə bilər. Rayonlarda ümumiyyətlə, mövcud iqtisadi fəaliyyətin çox az bir qismi büdcə daxiolmalarına gəlir. Bilirik ki, əksər sahibkarlıq subyektləri qeyri-rəsmi işləyirlər. Təbii ki, onlar rəsmi işləsələr, daxilolmalar da artar. Digər bir tərəfdən, hər bir rayonda, kənddə bələdiyyələr mövcuddur, onlar bəzi istiqamətlər üzrə əhalidən, icarədarlardan vəsait toplayırlar. Əgər həmin vəsaitlər vaxtı-vaxtında, şəffaf şəkildə toplanılarsa, ciddi şəkildə əlavə vəsait ortaya çıxa bilər”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev də bildirib ki, ölkəmizdə kifayət qədər bölgə özünü maliyyələşdirmək iqtidarındadır:

“Demək olar ki, bu gün bütün bölgələrdə yaşayan insanlara büdcədən vəsait ayrılır. Məsələn, təhsil, səhiyyə, sosial müdafiə. Bəzi şəhər və rayonların mərkəzi büdcədən vəsait almaması o demək deyil ki, onlar əhalinin təhsil, səhiyyə, sosial müdafiə xərclərini də qarşılayırlar. Amma iqtisadi cəhətdən zəngin resurslara malik bölgələrimizin sayı kifayət qədərdir. Bu bölgələr həm də ölkə iqtisadiyyatında xüsusi çəkiyə malikdirlər. Hesab edirəm ki, bir neçə ildən sonra Azərbaycanın ən zəngin bölgələri sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları öndə olacaqlar. Bu ərazilərin həm özünü maliyyələşdirmək, həm də ölkə iqtisadiyyatına ciddi töhfələr vermək kimi geniş potensialı mövcuddur”.

Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri deputat Tahir Rzayev isə bildirib ki, hazırda iqtisadi baxımdan rayonlar arasında ciddi fərq yoxdur. Onun sözlərinə görə, əvvəllər rayonlar arasında olan fərq artıq aradan qalxıb:

"Bu təsərrüfat göstəricilərinə görə idi. Hansı rayonun təsərrüfatı güclü olubsa, ordan gələn gəlir rayonun abadlaşdırılmasında və digər işlərdə istifadə olunub. Bəzi dağlıq rayonları var idi ki, təsərrüfat zəif inkişaf etmişdi. Müəyyən qədər yaşayış tərzi çətin idi. Dağlıq rayonda həm iqlim şəraiti, həm də yol problemli məsələlər idi. Rayonların hamısı simalarını dəyişib. Su, yol kimi problemlər artıq həllini tapıb. Əksər rayonlarda qazlaşdırma 97 faiz təmin olunub”.

T.Rzayev statistikaya əsasən deyib ki, hazırda ən varlı Bakı və Abşerondur. Onun fikrincə, yenə də statistikaya görə, kasıb olaraq qeydə alınan rayonlar dağ rayonlarıdır.