Vətəndaş cəmiyyətinin imkanlarından səmərəli istifadə edilir

16:20 28.04.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan demokratik inkişaf yolunda uğurla addımlayır. Ölkəmizdə bu istiqamətdə davamlı olaraq islahatlar aparılır və demokratiyanın başlıca atributları olan vətəndaş cəmiyyəti, hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması məsələsi əsas prioritetlər sırasındadır.

Məlumat üçün bildirək ki, vətəndaş cəmiyyəti - cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti haqqında təsəvvürlər uzun tarixi təkamül yolu keçib. Azərbaycanda da bu institutun formalaşması, təşəkkül tapması asan olmayıb. Belə ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra vətəndaş cəmiyyətinin əsasını təşkil edən qeyri-hökumət təşkilatları (QHT) yaranmağa başlasa da, ilk illər ciddi çətinliklər mövcud olub. Və yalnız Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra bu sektora münasibət müsbət istiqamətə dəyişməyə başladı. Onun tarixi mübarizəsi öz məntiqi və hüquqi nəticəsini 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında tapdı. Bu konstitusiya dövlətçiliyimiz və həm də vətəndaş cəmiyyətimiz üçün mühüm tarixi sənəd oldu. Keçmiş bütün sənədlərdə yalnız məhdud və ideoloji çərçivədə olan birləşmək hüququ var idi. Bu hüququn təminatı belə yox idi. 1995-ci il konstitusiyasının 58-ci maddəsindəki birləşmək hüququ, onun preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq müstəqilliyin verdiyi böyük imkanın hüquqi ifadəsi idi. Əslində, müasir və beynəlxalq standartlara uyğun olaraq yaranmış və fəaliyyət göstərən QHT-lər, məhz 1995-ci il konstitusiyasının qəbulundan sonra yaranmağa başlamışdı. Əlbəttə ki, müstəqilliyin ilk illərində ictimai birliklərin dövlət qeydiyyatına alınması bu dövrdə vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişaf etdiyindən bəhs etməyə əsas vermir. Amma 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq dövlət müstəqilliyinin verdiyi böyük imkanın hüquqi ifadəsi idi.

Dövlət ən böyük donor rolunda

Məhz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin ayrılmaz bir parçası olan QHT sistemi bu günümüzdə də inkişaf etməkdə, fəaliyyətini daha da genişləndirməkdədir. QHT-lərin inkişafı istiqmətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan mühüm addımlar bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycan dövləti vətəndaş cəmiyyəti təsisatları üçün həm də ən böyük donor rolunda çıxış edir. Bu məqsədlə ictimai sektorun yaxından iştirakı ilə formalaşdırılmış Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi mühüm addımlar atır. Hazırda ölkəmizdə vətəndaş cəmiyyəti ilə dövlət arasındakı münasibət aşağıdakı əsas prinsiplərə əsaslanır:  Vətəndaş cəmiyyəti dəstək tələb edən təşəbbüsləri ilə dövlətə üz tutur və dövlət tərəfindən ona yüksək səviyyədə dəstək ifadə olunur. Eləcə də dövlət mülki təşəbbüsləri öyrənir, dəstəkləyir. Dövlət ictimai təşkilatlara maddi, mənəvi, informasiya dəstəyinin verilməsində də mühüm rol oynayır. Onu da qeyd edək ki, dövlət vətəndaş cəmiyyəti vasitəsilə sosial siyasətinin həyata keçirilməsində də mühüm addımlar atır. Belə ki, dövlət əhalinin müdafiəyə daha çox ehtiyacı olan qruplarına sosial xidmətlərin göstərilməsində və yaxşı idarəçiliyin inkişaf etdirilməsində vətəndaş cəmiyyətinin daim fəal rol oynamasına çalışır. Bundan başqa, dövlət Azərbaycanın dünya birliyinə inteqrasiya olunması prosesində də vətəndaş cəmiyyətinin imkanlarından səmərəli istifadə edir. Həmçinin, siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, vətəndaşların hüquqi biliklərinin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, söz, fikir və ifadə azadlığının genişlənməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, təhsil, elm, texnika, mədəniyyət və incəsənətin inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi, uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı və əhalinin sağlamlığının qorunması kimi məsələlərdə dövlət sayəsində vətəndaş cəmiyyətinin rolu artır.

QHT-lər böyük layihələrə imza ata bilərlər

“Milli Qeyri-Hökumət Təşkilatı Forumu”nun İdarə Heyətinin sədri Rauf Zeyni bizimlə söhbətində bildirib ki, indiyədək vətəndaş cəmiyyəti institutları xeyli uğurlara imza atıb:“Vətəndaş cəmiyyəti institutları 30 illik müstəqillik dövrü ərzində, xüsusilə son 20 il ərzində uğurlara imza atıb: “Ümumiyyətlə, vətəndaş cəmiyyətində QHT hərəkatının gücləndirilməsi həm vətəndaş cəmiyyətinin formalaşmasına, həm də inkişafına müsbət təsir edir. Bu gün ölkədə 500-ə yaxın QHT fəaliyyət göstərir. Əslində 2000-ci ildə bizim forumun və Milli Məclisin birgə əməkdaşlığı nəticəsində, o cümlədən Ədliyyə Nazirliyinin dəstəyi ilə QHT-lər, fondlar və ictimai birliklər haqqında olan qanuna müvafiq olaraq 4 minə qədər QHT qeydiyyata alınıb. Amma təəssüflər olsun ki, hazırda onların sadəcə minə qədəri fəaliyyət göstərir. Müxtəlif səbəblərdən fəaliyyətlərini qura bilməyənlər, donor əldə edə bilməyənlər və s. olub. Bu gün aktiv QHT-lər təxminən 500-ə qədər nəzərdə tutulur və müxtəlif mənbələrdə bu barədə məlumat var. Təbii ki, dövlət QHT-lərə dəstək olur. Amma deyim ki, dövlət səviyyəsində də dəstək sistemli şəkildə artırılarsa, qeyri-hökumət təşkilatlarının maddi, texniki bazası, o cümlədən kadr bazası davamlı, dayanaqlı şəkildə inkişaf etdirilərsə, imkanlar daha da gücləndirilərsə, qeyri-hökumət təşkilatları həm ölkə daxilində, həm də təbii ki, beynəlxalq aləmdə çox böyük layihələrə imza ata bilərlər. Bu bizim potensialımızdan irəli gələn bir məsələdir. Yəni QHT-lərin belə potensialı, imkanları var. Sadəcə demək mümkünsə, bunu bu və ya digər sistemli şəkildə səfərbər etmək lazımdır. Bu, çox vacibdir. Biz güclü olmalıyıq ki, bizim müraciət etdiyimiz beynəlxalq təşkilatlar da bizim gücümüzdən, nüfuzumuzda irəli gələrək bizi eşitsinlər, dinləsinlər”.

Ekspert qeyd edir ki, bütün məqamlarda dövlət quruculuğu dövlətin gücləndirilməsinə, onun inkişafına, beynəlxalq aləmdə xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır: “Həmçinin, vətəndaş institutlarının formalaşmasında, insan hüquqları, sosial məsələlər, tibb, səhiyyə, mədəniyyət, ekologiya, təbii sərvətlər və digər sahələrdə problemlərin işıqlandırılmasına xidmət edir. Vətəndaş cəmiyyəti institutları mədəniyyətdən  tutmuş iqtisadiyyata qədər, sosial problemdən tutmuş ekologiyaya qədər həm milli, həm də qlobal problemlərin işıqlandırılmasında, araşdırılmasında və bu sahədə vətəndaş cəmiyyətinin aktiv iştirakını təmin edir. Bundan başqa, dövlət quruculuğu prosesində dövlətçiliyin, o cümlədən azərbaycançılıq məfkurəsinin ölkəmizdə və dünyada yayılması istiqamətində aparılan işlərdə vacib rol oynayır. Məcburi köçkünlərlə işin aparılması və bütün mənalarda Azərbaycana qarşı ermənilər tərəfindən törədilən terrorun, işğalın, soyqırım və bəşəri cinayətlərin çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutlarının rolu danılmazdır. O cümlədən soyqırımlarla bağlı  beynəlxalq ədalət kampaniyası çərçivəsində layihələrin həyata keçirilməsi, fləşmobların, filmlərin çəkilməsi həm ölkə əhalisinin, həm də dünya ictimaiyyətinin maarifləndirilməsi istiqamətində  qeyri-hökumət təşkilatları xeyli işlər görüb. Yəni, vətəndaş cəmiyyəti hər zaman dövlətin, dövlətçiliyin yanında olub. Hər zaman vətəndaş cəmiyyətinin hüquqlarının müdafiəsi istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirib. O cümlədən son dövrlərdə biz həm də ölkə prezidentinin tövsiyəsi ilə ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın artırılması, şəffaflığın nəzarətin  institutunun formalaşması istiqamətində də addımlar atırıq. Bilirsiniz ki, 23 il ərzində milli hökumətlər forumu cəmiyyətdə maarifləndirmə və digər funksiyaları yerinə yetirməklə yanaşı, həm də ictimai nəzarət funksiyasını, ictimai müzakirələr, dinləmələr, monitorinqlərin keçirilməsi missiyasını da yerinə yetirib. Bu istiqamətdə biz bu gün də ictimai nəzarət mərkəzi olaraq geniş fəaliyyət göstəririk”.

Oxunma sayı 231