Məhkəmə prosesində, istintaqda və təhqiqatda hər bir vətəndaşa hüquqlarını qorumaq haqqı verilir. Belə olan halda ümidlər qalır mantiyalı qəhrəmanlara... Bu gün ölkəmizdə ali hüquq təhsilli, hüquqşünas ixtisas üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində fəaliyyət göstərən, İxtisas Komissiyasında müvəffəqiyyətlə imtahan verən şəxs vəkil ola bilər. Hazırda ölkədə 2000-ə yaxın vəkil fəaliyyət göstərir. Son illərdə vəkillər və vəkillik fəaliyyəti haqqında qanunda bir sıra əlavələr və dəyişikliklər oldu. Nəzərə alsaq ki, il yeni başlayıb, o zaman elə 2021-də də bu sahədə yeniliklər gözləmək olar.
Hafta.az ölkədə vəkillilik fəaliyyətini dəyərləndirmək, peşə ixtisaslaşması, vəkillərin aldığı məvacib və digər məsələlərlə bağlı məlumat alnmaq üçün elə bu peşənin öz sahibinə müraciət etdi.
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əkrəm Həsənov söylədi ki, vəkillik fəaliyyəti haqqında qanun hal-hazırda günün tələbinə cavab verir. Xüsusən də son illərdə burada xeyli dəyişiklik olub. Buna baxmayaraq, vəkillərin ödədiyi vergi hələ də yüksəkdir:
“Fikrimcə, vəkillərin ödədiyi vergi ilə bağlı bir neçə dəyişikliyə ehtiyac var. Bu gün vəkillərin ödədiyi vergi, fərdi sahibkarın ödədiyindən çoxdur. Ölkə vətəndaşları gəlir vergisindən 7 il ərzində azaddırlar. Beləcə, onlardan 14% vergi tutulmur. Fərdi sahibkarların bir qismi sadələşdirilmiş vergi ödəyir - 2%. Əgər fərdi sahibkar hüquqi şəxslərlə işləyirsə, o da mikrosahibkarlıq subyekti kimi, 5% ödəyir. Biz vəkillər isə 14% vergi ödəyirik. Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ötən il vəkillər üçün 10%-ə endirildi. Fərdi sahibkarlarda isə daha əvvəldən elə bu məbləğ təxmini 30 manat civarında idi. Məni maraqlandıran məqam odur ki, niyə vəkillərin fəaliyyəti fərdi sahibkarlıq sahəsi kimi qəbul edilmir. Belə baxanda heç bir qurum bizə maaş ödəmir. İstərdim ki, bu istiqamətdə dəyişikliklər olsun. Vəkillərin vergi yükü onsuz da əvvəl-axır vətəndaşların çiyinlərinə düşür. Vəkil o məbləği ödəmək üçün gərək vətəndaşdan çox pul alsın”.

Əkrəm Həsənovun sözlərinə görə, ixtisaslaşdırılmış vəkillik çox yaxşı şeydir. Mən hər işə çıxan vəkili bir qədər anormal qarşılayıram:
“Yəni ki, heç bir vəkil qanunvericiliyin bütün sahələrini bilə bilməz, ən azından, yaxşı bilməz. İxtisaslaşmanı qanunla həyata keçirmək mümkün deyil. Bu ancaq praktikada müəyyən edilə bilər. Belə olan halda, həmin vəkilin xidməthaqqı da qalxır. Çox zaman vətəndaşlar işin keyfiyyətinə yox, qiymətinə baxırlar. İnkişaf etmiş ölkələrdə vəkillər daim öz üzərlərində işləyirlər. Avropada ildə bir neçə məqaləsi çıxmayan hüquqşünası orada ciddi qəbul etmirlər. Bizdə isə demək olar ki əksəriyyət bunu edə bilmir”.
Dövlətin təyin etdiyi vəkillər, fərdi fəaliyyət göstərən vəkillərin aldığı məvacibdən qat-qat aşağı əməkhaqqı alır
Mütəxəssis vəkillərin gördükləri işləri insanların obyektiv qiymətləndirdiyini düşünür:
“Ola bilər ki, vəkil öz işini yüksək səviyyədə görür, lakin məhkəmələr qanunsuzluq edir. Mənə deyiləndə ki, “Filan vəkil yaxşıdır, tanınmışdır”, sual verirəm ki, “Bunu necə qiymətləndirirsiniz?”. Düşünürəm ki, Azərbaycanda bir vəkili udduğu işlərlə qiymətləndirmək olmaz. Biz burada vəkilin biliyi və savadına dəyər veririk, yoxsa müştəri ilə hakim arasında vasitəçiliyinə? Bütün bu amilləri nəzərə almaq lazımdır. 2019-cu il aprelin 3-də Prezident sərəncam verdi. Burada tövsiyələrdən biri o idi ki, vəkillərlə hakimlər arasında qeyri-prosessual münasibətlər olmasın. Bu münasibətlərin varlığı prezident səviyyəsinə qədər çıxıb”.
Hüquq müdafiəçisi qeyd edir ki, dövlətin təyin etdiyi vəkillər, fərdi fəaliyyət göstərən vəkillərin aldığı məvacibdən qat-qat aşağı əməkhaqqı alır. Onu da əlavə etdi ki, göstərilən amil heç bir halda vəkilin öz işinə məsuliyyətsiz yanaşmasına səbəb olmamalıdır:
“Vəkil var ki, adına görə işinə məsuliyyətli yanaşır. Onun üçün dövlət hesabına və yaxud özəl qaydada iş aparmasının fərqi yoxdur. Əvvəllər dövlət hesabına iş aparan vəkilin 1 saatına 2 manat ödənirdi, indi bu, 6 manata qədər qaldırılıb. Öncədən vəkil bu pulu ümumiyyətlə ala bilmirdi, hazırda Vəkillər Kollegiyası işi daha yaxşı qurub. Yenə də istənilən halda vəkil gördüyü işdə pulu rəhbər tutmamalıdır. Vəkilin fərdi olaraq qazandığı məvacib isə görülən işdən asılıdır. Ortalama götürdükdə dövlət hesabına verilən puldan dəfələrlə çoxdur. Bəzən vəkillər aldıqları məvacibi rəsmi olaraq düzgün göstərmirlər. Bu da təbii ki, tutulan vergi ilə əlaqədardır. Digər xoşagəlməz hal da elə bununla bağlıdır”.
Gördüyünüz kimi, bəzi hallarda vəkillər özləri də haqsızlığa uğrayan tərəf olurlar.