Viktor Orban Ukrayna ilə gərginliyin səbəbini açıqladı

10:48 25.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Magyar Nemzet” qəzetinə açıqlama verən Macarıstanın baş naziri Viktor Orban Karpat dağlıq bölgəsində yaşayan macar milli azlığının hüquqlarını əlindən alan Kiyevin Budapeştin Ukrayna ilə münasibətlərinin pisləşməsinə görə məsuliyyət daşıdığını bildirib.

Hafta.az-ın yazdığına görə, Macarıstanın baş naziri deyib: “Bu məsələ ilə bağlı bir neçə dəfə düşünmüşəm və qəti fikrim var ki, Macarıstan münasibətlərin pisləşməsinə görə məsuliyyət daşımır. Münasibətlərin pisləşdiyi vaxta - 2015-ci ildə baxıla bilər, o zaman ukraynalılar macarlardan milli icma kimi macar azlığının müdafiəsinə zəmanət verən qanuni ləğv etdilər”.

Macarların min ildən artıqdır Karpat bölgəsində yaşadıqlarını, Ukrayna hakimiyyətinin son illər uşaqları öz dillərində böyütmək hüququnu əlindən aldığını və macar dilinin mümkün istifadə sahələrini daraltdığını xatırladan Orban sözlərini belə davam etdirib: “Ukrayna bunu düzəltməli, ləğv edilmiş qanun yenidən bərpa olunmalı, hüquqlar geri qaytarılmalıdır, bunlar edilərsə, münasibətlər yaxşılaşmağa başlaya bilər”.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto daha əvvəl demişdi ki, Kiyev Karpat macarlarına qarşı ayrı-seçkilik yaradan qanunları ləğv etməsə, Macarıstan Ukraynanın Avropa Birliyinə qəbulu ilə bağlı danışıqların başlanmasını təsdiqləməyəcək.