Bu gün CASA Kulinariya İncəsənət Mərkəzində (Casa Culinary Arts Centr of Azerbayjan) Malayziya Qastronomiya Həftəsinin açılışı olub.
Hafta.az-ın yazdığına görə, Malayziyanın ölkəmizdəki Səfirliyin diplomatları, media nümayəndələri, malayziyalı turizm sektorunun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Malayziya səfiri Əhməd Kamrizamil Bin Mohd Riza qonaqlara ithafən bildirib ki, onların iştirakı Malayziya ilə Azərbaycan arasında möhkəm dostluğu, mətbəxə və mədəniyyətə verilən ümumi qiyməti əks etdirir.

“Malayziya Qastronomiya Həftəsi Malayziyanın müxtəlif və canlı kulinariya irsinin qeyd olunduğu, bir çox mədəniyyətlərin saplarından toxunmuş göz oxşayan hörmədir. Malayziyanın ticarət mərkəzi kimi zəngin tarixi müxtəlif insan qruplarını bir araya gətirərək, bu gün Malayziya mətbəxi kimi qeyd olunan kulinariya ənənələrinin unikal birləşməsini yaradıb. Bu irs təkcə multikultural cəmiyyətimizin harmoniyasını deyil, həm də nəsillərin hekayələrini və regional xüsusiyyətlərini özündə əks etdirir. Küçə yeməkxanalarından lüks restoranlara qədər Malayziya yeməkləri ətirli ədviyyatlar, cəsarətli ləzzətlər və teksturalar palitrasıdır, hər bir yemək özünəməxsus şəkildə valehedicidir”, - cənab səfir deyib.

Diplomat bildirib ki, bu gün tədbir iştirakçıları üçün CASA-nın istedadlı aşpazları tərəfindən qeyd etdiyi mahiyyəti əks etdirən xüsusi menyu hazırlanıb.
“Kuah kacang (fıstıq sousu) ilə toyuq satay, mal əti rendanqı və sevimli milli yeməyimiz olan nasi lamak, sambal, hamsi, fıstıq və yumurta ilə süfrəyə verilən ətirli kokos düyü kimi yeməklərdən dadacaqsınız. Bunlara toyuq köri ilə roti jala rulon, ləzzətli asam laksa və krevet sambal tostları kimi ləzzətlər əlavə olunur. Bu yeməklərin hər biri Malayziyanın ədviyyat və ləzzətlərdən cəsarətli, həm də balanslı istifadəsinin təntənəsini təmsil edir” deyən səfir şirniyyatsevərləri də yaddan çıxarmadıqlarını qeyd edib. Deyib ki, şirin sevənlər üçün kokos, yapışqan düyü və pandan yarpaqlarından hazırlanmış kuih seri muka və onde-onde kimi ənənəvi desertlər hazırlanıb.

Səfir Əhməd Kamrizamil bildirib ki, bu axşamkı tədbir həm də mühüm bir mərhələnin qeyd edilməsidir, çünki hər bir kəs “2026-cı ildə Malayziyanı ziyarət et: Malayziya həqiqi Asiyadır” (“Visit Malaysia Year 2026”) turizm kampaniyasına böyük həyəcanla baxır. Bu təşəbbüs Malayziyanı bütün qeyri-adi müxtəlifliyi və gözəlliyi ilə nümayiş etdirmək məqsədi daşıyır.

“Biz Azərbaycandan gələn səyahətçiləri nəfəs kəsən adalarımızı, rütubətli tropik meşələrimizi, qaynayan şəhərlərimizi, zəngin mədəniyyət festivallarımızı və ən əsası, dünya səviyyəli mətbəximizi dadmaq üçün salamlayırıq. Azərbaycan vətəndaşlarından 30 günə qədər turizm səfərləri üçün viza tələb olunmur. Bu, maneəsiz səyahət imkanı verir və hətta Malayziyaya çatdıqda asanlıqla viza ala bilmələrinə imkan yaradır. Bu da Malayziyanı azərbaycanlı qonaqlar üçün daha əlçatan və cəlbedici bir məkana çevirir” deyən səfir qeyd edib ki, “Visit Malaysia Year 2026” turizm kampaniyasından daha çox şeydir: bu, hər səfərin şəxsi kəşfə çevrildiyi orijinal Malayziya təcrübəsinə qərq olmağa dəvətdir. İstər səs-küylü küçə dükanında bir stəkan tarik dadmaq, istərsə də rəngarəng mədəni şənliklərə qatılmaq olsun, Malayziya hərarət, macəra və unudulmaz anlar təqdim edir.

Çıxışdan sonra “Visit Malaysia Year 2026” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirin ikinci hissəsi Malaziya mətbəxinin ləziz təamları ilə bəzədilmiş süfrə arxasında davam edib.