“Xarıbülbül” festivalı Laçında başa çatdı

23:23 13.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulub.

 

Hafta.az xəbər verir ki, “Aşıq mahnıları yeni səslənmədə” adlı konsert proqramı Həkəri çayı ətrafında açıq səma altında təşkil olunub.

 

Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəman bütün laçınlıları salamlayaraq, 30 ilə yaxın davam edən Vətən həsrətinin sona yetdiyini və Laçının toylu-büsatlı günlərə qovuşduğunu böyük şükranlıqla vurğulayıb. Bildirib ki, bu gün Laçının gözəlliyi bütün görənləri valeh edir.

 

Şuşadan başlayan “Xarıbülbül” festivalının Laçında davam etməsini yüksək qiymətləndirən şair bunu qala-şəhərin qardaş payı kimi qiymətləndirib. O, festivalın təşkilatçılarına minnətdarlığını bildirərək, hər kəsi maraqlı konsert proqramına baxmağa dəvət edib.

 

Konsertdə, həmçinin Xalq artistləri Aygün Kazımova, Nazpəri Dostəliyeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, Elnarə Abdullayeva və digərləri tanınmış aşıqlarımızla duet oxuyublar.

 

Festival bütün iştirakçıların ifasında “Bütöv Azərbaycan” mahnısının sədaları altında başa çatıb.

 

Xatırladaq ki, “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 11-də Şuşada başlamışdı.

Oxunma sayı 107