Xələf Xələfov polşalı iş adamlarını azad olunmuş ərazilərə sərmayə qoymağa çağırıb

11:44 22.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Varşavada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Şərqi Araşdırmalar Mərkəzinin (OSW) birgə təşkilatçılığı və Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə Polşa-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi qeyd olunub.

Hafta.az-ın yazdığına görə, Azərbaycanvə Polşa Xarici İşlər nazirlərinin müavinləri Xələf Xələfov və Marcin Przidacz, ölkəmizin Polşadakı səfiri Nərgiz Qurbanova, BMTM-in sədri Fərid Şəfiyev, OSW-ın sədri Adam Eberhardt, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, millət vəkili Aydın Mirzəzadə, hər iki ölkədən ictimai-siyasi xadimlərin və ekspertlərin iştirakı ilə təşkil olunmuş dəyirmi masada ikitərəfli əlaqələr müxtəlif aspektlərdən müzakirə olunub. İştirakçılar 2022-ci ilin Azərbaycanla Polşa arasında diplomatik əlaqələrin qurulmasının ilk dönümü ilə yanaşı, iki ölkə arasında tarixi əlaqələrin qurulmasının 550-ci və strateji əməkdaşlıq sazişinin imzalanmasının 5-ci il dönümü kimi qeyd olunduğunu vurğulayıblar.
Ölkəmizin müstəqillik əldə etməsindən sonra Azərbaycan və Polşa arasındakı əlaqələrin sürətlə inkişaf etdiyi və son illərdə xüsusi dinamika aldığı qeyd olunub.

Tədbir iştirakçılarına bu əlaqələrin tarixi və müasir aspektləri barəsində ətraflı məlumat verən nazir müavini X.Xələfov ölkələr arasında iqtisadi, mədəni, humanitar əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğuna diqqət çəkib. İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyət haqqında dinləyiciləri məlumatlandıran X.Xələfov polşalı investorları və şirkətləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yenidənqurma işlərində iştirak etməyə dəvət edib.
İkitərəfli əlaqələrin inkişaf potensialının yüksək olduğunu deyən Polşa Xarici İşlər nazirinin müavini M.Przidaczın 2017-ci ildə prezidentlər İlham Əliyev və Andrzej Duda tərəfindən imzalanmış strateji əməkdaşlıq sazişinin bunun üçün möhkəm təməl yaratdığını qeyd edib. O, İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyəti və Ermənistan-Azərbaycan sülh prosesini yaxından izlədiklərini və ATƏT-in hazırki sədri kimi bu prosesə dəstək olduqlarını vurğulayıb.
BMTM-in sədri F.Şəfiyev tədbir iştirakçılarına post-müharibə dövründə yaranmış vəziyyət, Azərbaycanın quruculuq planları və eyni zamanda bölgədə sülh və əməkdaşlıq üçün ortaya çıxan imkanlar və təhdidlərdən bəhs edib. Azərbaycanın Ermənistanla qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımaq prinsipi ilə sülh müqaviləsini imzalamağa hazır olduğunu, lakin Ermənistandakı millətçi və revanşist qüvvələrin buna qarşı çıxdığını bildirib. O, Avropa İttifaqının bu münasibətlərin normallaşmasında son aylarda aktiv rol oynadığını və bunun bütövlükdə Cənubi Qafqazda sülh və stabillik üçün əhəmiyyətli olduğunu qeyd edib.  
Tədbirdə Polşa Poçt Xidməti tərəfindən Azərbaycanla Polşa arasında diplomatik əlaqələrinin qurulmasının 30-cu il dönümü münasibəti ilə hazırlanmış poçt markaları təqdim edilib. Təqdimatı edən Polşa Poçt Xidmətinin Prezidenti Tomasz Zdzikot ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
Dəyirmi masa Azərbaycan və Polşadan olan ictimai-siyasi xadimlərin və ekspertlərin çıxışları ilə davam edib.