Xocalıya ilk gedənlərdən olacağam - Elman Məmmədov

12:12 22.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının mövcud vəziyyəti, bu istiqamətdə Bakının şərtləri ən ali səviyyədə bir daha bəyan edildi. Bu proseslər fonunda isə, işğaldan azad edilmiş beş şəhərə ilk köç başlayacaq. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Elman Məmmədov bir çox maraqlı məqamlara toxunub toxunub.

-Bu gün Ermənistanla Azərbaycan arasındakı sülh danışıqları yeni reallıqlar, regionla bağlı gedən geosiyasi proseslər müstəvisində necə müşahidə olunur?

-Proseslər onu göstərir ki, ermənipərəst dövlətlər, erməni havadarları olan bir sıra beynəlxalq təşkilatlar Ermənistanın təhriki ilə yenidən Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşdirilməsi üçün canfəşanlıq edirlər. Bu qüvvələr  yenidən Ermənistana ümidverici vədlər verir, onu silahlandırmaqla, erməni hərbçilərini NATO ölkələrində hazırlamaqla məşğuldurlar. Ancaq tam əminliklə deyə bilərəm ki, bütün bunlar əbəs yerə edilən cəhdlərdir. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, heç bir dövlətin ərazisinə müdaxilə etməyib və müdaxilə etmək fikrində də deyil. Azərbaycanı qazandığı bu qələbədən çəkindirməyə və yenidən ermənilərə nə isə vəd etməyə çalışan dövlətlər və qurumlar vəziyyəti o yerə gətirib çıxaracaqlar ki, Ermənistan onların bu hərəkətlərinin qurbanı olacaq. Əgər ermənilər yenidən bizə qarşı ərazi iddiası ilə çıxış etmək fikrində olsalar, yenidən müharibə fikrinə düşsələr, yəqin ki, biz dədə-baba torpaqlarımız olan indiki Ermənistanın yerləşdiyi əraziləri də erməni işğalından azad etməli olacağıq. Ona görə də ermənilər bir qədər ağıllı fikirləşib bu sərsəm iddialarından daşınmalıdırlar.

-Bütün bu proseslərin fonunda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdırmı?

-Ermənistan rəsmiləri, başda baş nazir Nikol Paşinyan olmaq şərti ilə bəyan edirlər ki, Azərbaycanla sülh sazişi imzalamağa hazırdırlar. Ancaq bunun müqabilində sürətlə silahlanır, müharibəyə hazırlaşmaqla məşğuldular. Ermənistan Azərbaycanın beynəlxalq hüquqa əsaslanmış verdiyi təkliflərə qarşı elə təkliflər verir ki, bu bizim üçün qəbuledilməzdir. Belə olduğu halda onlar “biz sülh sazişi imzalamağa hazırıq”-deməklə, özləri özlərini təkzib edirlər. Ermənistan əgər sən sülh sazişi imzalamağa hazırsansa və bunu bəyan edirsənsə,  əməkdaşlığa, mehriban qonşuluq şəraitində yaşamağa çalışmalısan, Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşmalısan. Amma Ermənistan bunların hamısından boyun qaçırır. Belə olan şəraitdə deməli, Ermənistan sülh sazişi imzalamaq fikirində deyil.

-Əgər Ermənistan müharibədən sonra öz öhdəliklərini yerinə yetirmək üçün aparılan danışıqlara adekvat yanaşmırsa, 30 il olduğu kimi bu gün Avropanın, Qərbin qarşı tərəfi sülhə cəlb edən hər hansı təsirləri görünmürsə, o zaman Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün hansı tədbirlər görməlidir?

-Azərbaycan nə etməliydisə, onu edib. Azərbaycan qarşısına məqsəd qoymuşdu ki, 30 il müddətində erməni işğalı altında olan torpaqlarımızı işğaldan azad etsin, ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etsin. Bu gün Azərbaycan əsgəri, sərhədçisi  Azərbaycanla Ermənistan arasında mövcud olan şərti sərhəd hardadısa, həmin yerdə də dayanıb, bir addım da geri çəkilən deyil. Onlar belə bir sərsəm fikir irəli sürürlər: güzgü prinsipi ilə hər iki tərəfdən qoşunlar geri çəkilsin. Biz nəyə görə geri çəkilməliyik. Dövlətin sərhədçisi özünün sərhəd xəttində dayanır. Azərbaycan da bunu edib. Sənin əsgərin harda dayanacaq, hara gedəcək özün bilərsən. Belə olan halda Azərbaycan bundan sonra ordumuzu daim hazır vəziyyətdə saxlamalı, ordu ən müasir silah-sursatla təmin olunmalı, döyüş hazırlığı günbəgün yüksəldilməlidir. Biz təhlükəsizliyimizi təmin etmək üçün nə lazımdırsa onu edirik. Yenə də qeyd edirəm, bizim hər hansı dövlətin ərazisində müdaxilə etmək fikrimiz yoxdur. Düzdür, Azərbaycanı belə fikirlərlə şantaj edirlər. Fransa və digərləri erməniləri qızışdırırlar ki, Azərbaycan Ermənistan ərazilərinə müdaxilə edəcək. Bütün bunlar şər-böhtan xarakterli fikirlər, bəyanatlardır. Azərbaycanın belə bir fikri olmayıb və yoxdur. Ancaq bizim üçün Zəngəzur dəhlizinin açılması, anklavların azad olunması məsələsi var. Azərbaycan bu məsələlərlə bağlı səbrlə sülh danışıqları yolunu tutub. Lazım olsa, ədalətli mövqeyimizi, təkliflərimizi müdafiə etmək üçün dəmir yumruq hazırdır və hər an işə düşə bilər. Ermənistan elə etməlidir ki, bu baş verməsin.

-Siz də erməni havadarlarının sərgilədiyi mövqeyə toxundunuz. Elə bu günlərdə Fransa hökuməti casus qalmaqalından sonra növbəti anti-Azərbaycan qətnaməsi hazırlayır. Fransanın nəyə hesablanıb?  

-Fransanın 150-200 illik tarixinə nəzər salsaq, bu ölkə işğalçı və müstəmləkəçi, soyqırımlar törədən dövlət kimi tanınıb. Budur Fransanın iç üzü, əməlləri. Fransa və fransakimilər I dünya müharibəsi dövründə də erməniləri silahlandırıb, təşkilatlandırıb, təlimatlandırıb  Osmanlıya qarşı üsyana təhrik etdilər. Ermənilərə vəd ediblər ki, biz Osmanlını darmadağın edib, sizə böyük Ermənistan dövləti yaradacağıq. Türkiyəyə qarşı bəyanatlar, qətnamələr qəbul edib yüz oyundan çıxdılar. Qondarma soyqırım aktı qəbul elədilər. Türkiyədən təzminat tələb elədilər. Bu günə qədər nəyə nail olublar, heç nəyə… Nəyə nail olduqları tarixdən məlumdur. Ermənilər belə xam xəyallara görə başlarına nələrin gəldiyini unutmamalıdırlar. Bu gün də Fransa və fransakimilər şirin vədlərə uyan erməniləri yenə də şirnikləndirməklə məşğuldurlar. Nəticədə ermənilər yenə həmin zərbələri ala bilərlər. Ona görə də  tarixi dərslərdən ibrət götürməlidirlər.  Ermənilər inkişaf etmələri üçün Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq şəraitində yaşamalı olduqlarını nəhayət dərk etməlidirlər. Kənardan verilən vədlərə uymamalıdırlar.

- İşğaldan azad olunan ərazilərdə aparılan məskunlaşma prosesini necə dəyərləndirirsiz?

- Düşmənlər fikirləşirlər ki, araqarışdırmaqla məşğul olsalar, müxtəlif sahələrdə gərginlik yaradan fikirlə söyləsələr, bəyanatlar versələr, Azərbaycan əleyhinə qətnamələr qəbul eləsələr,  bu, o ərazilərin bərpasına və əhalinin məskunlaşmasına bəlkə də maneə yaradar. Ancaq bu onların ampluasıdır, onların istəyidir. Bizim fikrimiz başqadır. Məskunlaşma normal proqram üzrə kifayət qədər sürətlə gedir. Bütün ərazilərdə bərpa, quruculuq, tikinti, infrastruktur işləri görülür.  Yaşayış üçün şərait olan yerlərə də vaxtaşırı köçlər davam edir. Bu prosesi hamımız müşahidə edirik. İnşaallah 2024-cü ilin birinci rübünün sonuna, Novruz Bayramı ərəfəsində hamımız şahidi olacağıq ki, neçə kəndə, şəhərə qayıdışlar başlayıb. Cənab Prezident qarşıya məqsədlər qoyub: 2026-cı ilə qədər 140 mindən çox əhalimiz həmin ərazilərdə məskunlaşdırılacaq. Bu məskunlaşma ermənidən çox ermənilik edən düşmənlərin gözünü tökür.

-Məlumdur ki, bu il 5 rayona - Xocalı, Xankəndi, Cəbrayıl, Kəlbəcər, Şuşaya yeni köçlər olacaq. Necə hesab edirsiz, Xocalıya, Xankəndiyə ilk növbədə kimlər köçürüləcək, harada məskunlaşacaqlar, nə qədər adamın köçürülməsi nəzərdə tutulur?

-Mən özüm Xocalıdanam. Xocalıya ilk köçürülmə zamanı mən ailəmlə birlikdə gedəcəm. Düşünürəm ki, hər bir xocalı həmin günü səbirsizliklə gözləyir. Xocalıya qayıdışımız 2024-cü ilin ilk rübündə baş tutacaq.

Təbii ki, Xankəndiyə orada tarixən yaşamış xankəndililər köçürüləcək. Onların sayı 16 mindən çoxdur. Hər bir Xankəndi sakini olmuş şəxslərin “Qaçqınkom” və digər qurumlarda dəqiq siyahısı var. Bu ailələrin də Xankəndidə özlərinə məxsus olan evləri var.  O insanlar da öz dogma yurdlarına, ev-eşiklərinə qayıdacaqlar. O cümlədən, xocalılar, füzulilər, cəbrayıllılar, şuşalılar, ağdamlılar, kəlbəcərlilər, laçınlılar işğaldan azad olunan ərazilərimizdə yaşamağa şərait yaradılan kimi növbə ilə köçürülücək, qayıdış sürətlə davam edəcək.