Qazaxıstan, təxminən 225 nəfərin ölümü ilə sonuclanan və "Yanvar faciəsi " adlanan olaylardan sonra yaralarını sarmağa çalışır. Bu gün konstitusion müstəvidə ölkədə sabitlik tam bərpa olunub və belə demək mümkündürsə, “Yeni Qazaxıstan”ın təməlləri atılmaqdadır.
Hadisələr nəticəsində ölkəni az qala 30 il ərzində idarə etmiş Nursultan Nazarbayev siyasətdən və dövlət idarəetmə sistemindən birdəfəlik uzaqlaşdırıldı. İndi mövcud prezident Kasım-Jomard Tokayev sərbəst şəkildə bütünlüklə iqtidarı ələ alaraq, ölkədə yeni islahatlara start verməkdədir. Elə “Yeni Qazaxıstan” da məhz onun şüarıdır. Yadınızdadırsa, hələ yanvarın 11-də Məclisdə çıxışı zamanı da islahatların başlayacağını eşitdirən prezident xalqa xitabən “Gəlin “Yeni Qazaxıstanı” sizinlə birgə quraq” demişdi.

Qazaxıstan Prezidenti Yanına Strateji Araşdırmalar İnstitutunun direktor müavini Sanat Kuşkumbayevin AA-ya açıqlamasına görə, yanvarın 2-də mayeləşdirilmiş qazın (LPG) qiymətinin qaldırılmasına qarşı başlayan etiraz aksiyaları, uzun illərdir ölkədə həllini gözləyən sosial-iqtisadi problemlərdən boğaza yığılan insanların etiraz etməsinə səbəb verib. Cənab Kuşkumbayevin fikrincə, baş verənlər Qazaxıstan müstəqilliyinə qovuşandan sonra ölkə yaşanmış ən genişmiqyaslı etiraz aksiyaları olub. Hadisələr ölkədə get-gedə dərinləşən gizli işsizlik, gəlirlərin qeyri-bərabər bölüşdürülməsi, varlı-kasıb uçurumu və bölgələr arasında inkişafda böyük tarazsızlığın olduğunu üzə çıxarıb.
“Baş verən hadisələri iki prosesə bölmək lazımdır. Birincisi, vətəndaşların haqlı səbəblərlə başlatdıqları aksiyalar. Hansı ki, bu olaylar yanvarın 2-dən 4-dək olub. Burada gündəm sırf social-iqtisadi problemlərdən bəhs edib. Ancaq yanvarın 5-dən başlayaraq hadisələrdə radikallaşma halları sürətlə artmağa başladı. İctimai bnalar ələ keçirildi, özəl mülklərə od vuruldu, qarət halları yayıldı. Hətta silahlı qruplar dinc etirazçıların arxasında gizlənərək strateji binaları ələ keçirməyə başladı” deyən Kuşkumbayev əlavə edib ki, dinc aksiyalara səbəb olan social-iqtisadi problemlərdən bəzi gizli qruplar istifadə etdilər. Odur ki, yeni qurulan hökumətin əsas vəzifəsi gələcəkdə bənzər hadisələrin yaşanmaması üçün tədbirlər görmək olacaq.
Prezident Tokayevin elan etdiyi "Yeni Qazaxıstan" siyasətinin təsadüfən seçilmədiyini bildirən Kuşkumbayevin sözlərinə görə, bu, iqtidarla xalq arasında yeni əlaqə modelidir. Yəni yeni adların ortaya çıxması, yeni idarəetmə sisteminin formalaşması, iqtisadiyyatda monopoliyanın aradan qaldırılması deməkdir. “Bu model başda iqtisadiyyat olmaqla, illərdir çözülməmiş və yığılıb qalmış ictimai problemlərin olduğu sahələrdə siyasi islahatların gündəmdə olması deməkdir”, - deyir qazax ekspert.
Kuşkumbayevin fikrincə, bununla yanaşı sözügedən siyasət ölkədə yeni siyasi sistemin yaranacağına da işarədir. "Belə anlaşıldı ki, artıq Nazarbayev dönəmi geridə qaldı. Bunu o, özü də təqaüddə olduğunu deməklə bəyan edib. İqtidardakı tranzit sona çatdı. 2022-ci ildən başlayaraq prezident Tokayevin iqtidarı tamamilə ələ aldığının şahidiyik”, - deyib Kuşkumbayev.

Qazaxıstanlı siyasət eksperti Dosım Satpayev də bu qənaətdədir ki, 30 illik müddətdə ölkədə geniş miqyasda orta sinif yaradılmayıb. “Orta sinif, hər hansı cəmiyyətdə demokratiya və digər dəyərlərin qurulmasında mühüm rol oynayır. Bu, Tokayevin sosialyönümlü yeni siyasətində əsas şərt kimi qoyulacaq. Uzun illərdir ölkədə “öncə iqtisadiyyat, sonra siyasət” şüarına söykənən inkişaf modeli mənfi nəticələrə səbəb olub. Bu doğru deyil, hamısı parallel şəkildə həyata keçirilməlidir – iqtisadi inkişaf da, daxili siyasət də, xarici siyasət də", - deyir cənab Satpayev.

Qazax Texnologiya və İdarəetmə Universiteti İqtisadiyyat fakültəsinin doktoru Saparbay Jubayev də deyir ki, indiyədək ölkədə həyata keçirilmiş iqtisadi siyasət bütöv xalqın deyil, çox varlı olan bir qrupun maraqlarına xidmət edib. “Düzdür, Qazaxıstan son 30 ildə Orta Asiyanın ən böyük iqtisadi gücünə çevrilib, ən çox xarici sərmayəni özünə çəkə bilib, iri iqtisadi layihələr icra olunub. Amma bədbəxtlikdən bütün qazanclar bəlli qrupların cibinə gedib. Qazaxıstan iqtisadiyyatındakı ədalətsizliklər yanvar faciəsinə gətirib çıxardı. Xüsusilə də iqtidardakı zəngin qruplar xammalın emal edilməsinə maraqlı olmadıqları üçün iqtisadiyyatın emal sektorunun inkişafına imkan verməyiblər” deyən cənab Jubayevə görə, Tokayevin "Yeni Qazaxıstan" siyasəti mütləq ölkə iqtisadiyyatını kökündən dəyicək. Buna sübut olaraq ölkənin bütün təbii qaz sərvətlərini özündə cəmləyən Samruk Qazına Milli Ehtiyyatlar Fondunda artıq islahatların başladığını göstərmək olar.
Jubayevin sözlərinə görə, kiçik və orta müəssisələr (KOBİ) də korrupsiya səbəbilə istənilən şəkildə inkişaf edə bilməyib. O, qeyd edib ki, iqtisadiyyatda dövlət sektorunun payının azaldılması, özəlləşdirmə və bölgələrdə KOBİ-lərin inkişafına stimul verilməsi kimi addımları atmaqla “Yeni Qazaxıstan” mütləq qurulacaq.