Yapon həkimlər Google-u məhkəməyə verdilər

10:41 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyada həkimlər Google-u çalışdıqları klinikaları haqda pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər.

Hafta.az-ın “Asahi Shimbun”a istinadən yazdığına görə, 63 həkim Tokio Məhkəməsində açdıqları iddiada ABŞ-ın texnologiya nəhəngindən toplam 1,4 milyon Yen (təxminən 15700 manat) təzminat tələb edib.

Həkimlər bildirdilər ki, xəstələrin şəxsi məlumatlarını məxfi saxlamaq öhdəliyi var, ona görə də Google Maps-də onlar haqqında yazılan mənfi şərhlərə cavab verə bilməzlər.

Adının açıqlanmasını istəməyən iddiaçı həkimlərdən biri Fransanın AFP xəbər agentliyinə "İnternetdə yazı yazanlar kimliklərini gizli saxlayaraq sizin haqqınızda hər şeyi deyə bilər. Mən özümü yumruq torbası kimi hiss edirəm" deyib.

Həkimlər bildirdilər ki, məqsəd xəstələri sevindirmək deyil, onların sağlamlıq problemləri ilə peşəkarcasına məşğul olmaqdır.

Google Maps-in Yaponiyada geniş şəkildə istifadə edildiyinə diqqət çəkən həkimlər tətbiqin az qala “gündəlik həyatın əvəzolunmaz hissəsinə” çevrildiyini bildiriblər.

Həkimlərin hüquqşünaslarından Yuiçi Nakazava, "Şərhlər çox asanlıqla dərc olunur, lakin onların silinməsini təmin etmək olduqca çətindir. Bu, həkimlərin daim dəhşətli tənqidlərə məruz qalma qorxusu ilə iş görməsinə səbəb ola bilər" deyib.

Vəkil bildirib ki, həkimlərin öz vəzifələrini layiqincə yerinə yetirməməsi son nəticədə cəmiyyətə ziyan vuracaq.

Nakazava onu da qeyd edib ki, bu, Yaponiyada mənfi onlayn rəylərə görə texnologiya şirkətini hədəf alan ilk sinif davasıdır.

Həkimlər Google Maps-də bəzi şərhlərin şirkət qaydalarına uyğun olaraq silindiyini desələr də, çoxlu müraciət etdiklərini, lakin əksər qiymətləndirmələrlə bağlı heç bir addım atılmadığını bildiriblər.

Google tərəfindən verilən açıqlamada tətbiqdə "yanlış və yanıltıcı məzmunun azaldılması istiqamətində iş aparıldığı" ifadə edilib.

Oxunma sayı 214