Yaponiya səfirliyinin əməkdaşlığı ilə Kimya-Biologiya təmayüllü Liseydə təlim-dərs keçirilib

17:20 18.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiya Səfirliyi tərəfindən ikitərəfli diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə təsadüf edən “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində növbəti tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, Səfirliklə Yaponiyanın Hitachi Hightech şirkətinin birgə əməkdaşlığı ilə Bakıdakı Kimya-Biologiya təmayüllü Respublika Liseyində “Təbiət elmləri təhsilinə dəstək” adlı təlim dərsi baş tutub. Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi, Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova və digər qonaqlar iştirak edib.

Təlim zamanı şagirdlərə Hitachi Hightech şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilib. "Hitachi Hightech" Rusiya və Yaponiya ofislərinin birgə hazırladığı və dünyanın bir sıra ölkələrində təqdim etdikləri təlim dərsi prezentasiya ilə başlayıb, daha sonra 7-ci sinif şagirdlərinə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxma imkanı verilib.

Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olub. Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya qarşı marağının artırması və bununla da, iki ölkə arasında əlaqələrin daha genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir.

Eyni tədbirin Azərbaycanın regionlaru da daxil olmaqla 3 başqa təhsil müəssisəsində (Bakı, Şamaxı və Şəki) keçirilməsi planlaşdırılır.