Yardımlıda koronavirus təhlükəsinə qarşı hazırlıq hansı səviyyədədir?

14:56 21.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə koronavirus təhlükəsinin qarşısının alınması üçün bölgələrdə də profilaktik tədbirlər həyata keçirilir.

Hafta.az-ın əməkdaşı Yardımlı Rayon Mərkəzi Xəstəxanasında olub. Xəstəxanadan bildiriblər ki, koronavirusla bağlı müraciət edən olmayıb:

"Ölkədə koronavirusdan başqa qrip yayılıb ki, bu qriplə bağlı müraciət edənlər olur. Profilaktik tədbirlər görülür. Xəstəxanada hərcür şərait yaradılıb. Vətəndaşlara bildirmək istəyirik ki, qorxuya, təlaşa ehtiyac yoxdur".

Xəstəxananın yanında fəaliyyət göstərən aptekin müdiri Aqil həkim isə deyir ki, bizə müraciət edən vətəndaşların əksəriyyəti maska və spirt istəyənlərdir:

"Koronavirusla bağlı pandemiya elan olunandan sonra artıq biz müraciət edənləri əliboş qaytarırıq. Çünki maska və spirt depodan çox az gəlir. O da tez bir zamanda bitir".

Rayonda fəaliyyət göstərən digər aptekdə də eyni vəziyyət hökm sürür.

Əczaçı Mirbəşir bəy deyir ki, spirt, maska gün ərzində sayla bizə gəlir, o da tez bir zamanda qurtarır:

"Vətəndaşlar da bizdən narazı qalırlar. Lakin bizə də depo göndərsə sata bilirik".

Əczaçı Süleyman isə artıq vətəndaşların hər gün narazılığı ilə qarşılaşmaqdan bezdiyini deyir:

"Bizlik heç nə yoxdur. Təlaş var deyə hamı maska, spirt almaq üçün müraciət edir. Bizə də sayla gəlir".

Yardımlıda insanların ən sıx toplaşdığı ərazilərdən biri rayon mərkəzindəki avtovağzaldır.

Orada dezinfeksiya işləri aparılmayıb. Taksi sürücüləri də heç bir dezinfeksiya işlərinin aparılmadığını deyirlər.

Yardımlı rayonunda bir neçə məktəblərdə olduq.

Alçabulaq kənd tam orta məktəbi, Rayon 1,2 saylı qəsəbə məktəblərində, Sırıq kənd orta məktəbi, Bozayran kənd tam orta məktəblərində dezinfekaiya işləri aparılıb.

Rayon təhsil şöbəsinin müdiri Manaf Balaşov hafta.az-a bildirdi ki, rayonun mərkəzində və kəndlərinə fəaliyyət göstərən məktəblərdə dezinfeksiya işləri aparılıb:

"Rayonda məktəblərin çoxunda bu işlər aparılır. Şagirdlərimizin təhlükəsizliyi məqsədi ilə müvəqqəti tətil elan olunub. Teledərslər vasitəsi ilə şagirdlər artıq dərslərlə maraqlana bilirlər".