“Yaşıl yürüş”ün 46 il ərzində yaratdığı reallıqlar

14:20 06.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Mərakeşin güneyindəki Səhra bölgəsinin İspaniyanın əsarətindən qurtuluşu üçün 350 min nəfərin iştirakıyla həyata keçirilən tarixi "Yaşıl yürüş"ün 46-cı ildömümü qeyd edilir. Bu məqsədlə Mərakeşdə anım xarakterli bir sıra tədbirlər keçirilir. Məsələn, Rabatda açılmış fotosərgi bunlardan biriidir...

“Yaşıl yürüş” nədir? 1975-ci ildə Mərakeş Kralı II Həsənin çağırışı ilə başlayan və tarixə “Yaşıl yürüş” adı ilə düşən hərakatda 350 min mərakeşli iştirak edib. Məqsəd isə, quraq səhra olsa da, zəngin yeraltı sərvətləriylə İspaniyanın işğalında qalmış bu əraziləri öz əzəli sahiblərinə qaytarmaq olub.

İspaniyanın işğalına qarşı yerli xalq arasında başlayan qiyamlar gündən-günə genişləndiyi üçün, Madrid necə deyərlər, geri çıəkilməyə başlamışdı. Yerli hərakat nəticəsində isə artıq 1973-cü ildə Mustafa Seyidin rəhbərliyi altında Polisario Cəbhəsi qurulur və nəhayət, özünü xalqın yeganə təmsilçisi hesab edən bu təşkilat, Qərbi Səhranın müstəqilliyi üçün Beynəlxalq Məhkəməyə müraciət edir. Təbii ki, məhkəmə də 1975-ci ildə Qərbi Səhra xalqının "öz müqəddəratını təyinetmə haqqı" olmasına dair hökm çıxarır.

Bu yerdə haşiyəyə çıxaraq qeyd edim ki, siyasi tarixə əsasən hər hansı xalq müstəqillik istəyirsə, o zaman müəyyən sərhədlər daxilində müstəqilliyini elan edir və müstəvidə ilk olaraq onu müstəmləkə statusunda saxlayan ölkə ilə danışıqlara başlayır, paralel olaraq isə dünya birliyinə tanınmaq üçün müraciət ünvanlayır. Bunu son vaxtların misalı, Kosovo, lap elə 30 il əvvəl Azərbaycan da edib. Səhranın İspaniyadan müstəqillik aldığı vaxtlara gəldikdə isə, o dövrdə Afrikanın əksər ölkələri azadlıq mübarizəsi aparırdı. Elə isə niyə birbaşa məhkəməyə müraciət etdilər? Çünki Qərbi Səhra üzərində haqqı olduğunu bildirən Mərakeş və Mavritaniya vardı. Qərbi Səhranın zəngin rsursları bu iki müsəlman dövlətinə qismət olmasın deyə, İspaniya “Polisario”nu dilə tuturdu ki, müstəqilliyə nail olsunlar və bu prosesdə Madrid onlara hər cür dəstək verəcək. Bu ssenarinin tərkib hissəsi olaraq 1975-ci ildə İspaniyanın təklifi ilə Polisario Cəbhəsinin nəzarət etdiyi Səhrada müstəqillik haqqında referendum keçirilməsinə qərar verilir. Bunun nəticəsi isə əvvəldən Madridə aydın idi: xalq mütləq şəkildə müstəqil olmağa səs verəcək. Müstəqil olduqları ilk gün isə, güman ki, “Polisario” İspaniya ilə hərbi ittifaqa girəcək, Mərakeşin və ya Mavritaniyanın “təhlükəsindən qorunmaq” məqsədilə ispan ordusu Səhra ərazisinə dəvət olunacaq. Bundan sonra da Səhranın yeraltı sərvətləri birmənalı şəkildə İspaniyaya daşınacaqdı...

İspaniyanın referendum təklifindən dərhal sonra, Madridin məkrli planlarını başa düşən Mərakeşin o vaxtkı rəhbəri Kral II Həsənin çağırışı ilə 350 min nəfərdən ibarət kütlə Qərbi Səhraya yürüş edir. Gələcəkdə tarixdə “Yaşıl yürüş” adıyla qalacaq bu hərəkat noyabrın 6-da başlayıb üç gün sonra – noyabrın 9-da başa çatır və noyabrın 14-də işğalın sona çatdığını təsdiqləyən Madrid Bəyannaməsi imzalanır. Bundan sonra İspaniya Qərbi Səhranı tərk etməyə başlayır və ərazi Mərakeşlə Mavritaniya arasında bölünür. Amma 1976-cı il yanvarın 12-də İspaniya sonuncu əsgərini bu ərazilərdən çıxarsa da, təxribatları davam etdirir. Məhz Madririn ssenarisi əsasında, ispan ordusu ərazini tərk edəndən cəmi 6 həftə sonra - fevralın 17-də Polisario Cəbhəsi Səhra Xalq Demokratik Respublikasının qurulduğunu elan edir.

Bu arada, ərazidə sol meylli dövlətin qurulması qərarında keçmiş SSRİ-nin də rolu olub. Çünki həmin dövrdə kommunizmi dünyaya yaymaq üçün addımlar atan Sovet İttifaqı Şimali Afrikada Əlcəzair və Liviyada, eləcə də qitənin başqa bölglərində (Anqola, Mozambik, Konqo Demokratik Respublikası, Misir...) nüfuz sahəsi yaratmağa başlamışdı...   

O vaxtdan münaqişə davam edir. 1991-ci ildə tərəflər arasında imzalanmış atəşkəs sazişi elə həmin il “Polisario” tərəfindən ləğv edilib. Gizli şəkildə İspaniya, hətta Əlcəzair tərəfindən dəstəklənən Polisario Cəbhəsi Mərakeşə müqavimət göstərməkdədir. Amma illər ötdükcə dünya ölkələrinin bu məsələyə dair mövqeyi də dəyişməkdədir. Vaxtilə xeyli sayda ölkə Qərbi Səhranı müstəqil dövlət kimi tanımışdısa, bu gün həmin ölkələrin bir çoxu mövqeyini dəyişib, ABŞ başda olmaqla, çox sayda ölkə Səhranı Mərakeşin hüquqi ərazi olmasına dair reallığı qəbul edib. Xüsusilə də Afrika ölkələri arasında Mərakeşin mövqeyinə inananların sayı artmaqdadır. Hətta vaxtilə Səhra problemini həll etməyə çalışan BMT belə geri çəkilməkdədir. Əgər 2003-cü ildə BMT deyirdisə ki, əvvəl muxtariyyət, sonra da müstəqillik haqqında referendumların keçirilməsinə tərəfdardır, hansı ki, rəsmi Rabat Mərakeşin sərhədləri daxilində Səhraya genişləndirilmiş muxtariyyət vermək istəyini təkrarlayaraq, müstəqilliklə bağlı referendum təklifini rədd etmişdi, hətta 2016-cı ildə BMT-nin baş katibi Pan Gi Mun Əlcəzairə səfəri zamanı Mərakeşi işğal siyasəti yürütməkdə ittihamlayırdısa, 6 mart 2017-ci ildə BMT-nin Səhra üzrə nümayəndəsi Kristofer Ross səkkiz illik missiyasının ardıyla istefa verdi. Onun yerinə təyin olunan Almaniyanın eks prezidenti Horst Köhler də 22 may 2019-cu ildə istefa məktubunu BMT-nin baş katibinə təqdim edib. O vaxtdan bu yana keçən iki ildən artıq müddətdə hələ də yeni təmsilçi təyin olunmayıb. Bu da artıq hətta BMT-nin Səhra məsələsində reallıqla barışmağa başladığını göstərir.