Yaxın gələcəkdə gümüş üç dəfə bahalaşacaq - Araşdırma

13:00 09.04.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Baydenin 2,3 trilyon dollarlıq “Yaşıl enerji” və infrastruktur xərclər planı dünyanın hər yerində gümüşə ehtiyacı artırmaqdadır. Təbii ki, bu da gümüşün bazarda qiymətinin qısa müddətdə maksimum sürətlə yüksələcəyinə işarə edir.

Metal və enerji sahəsində ixtisaslaşan beynəlxalq araşdırma qrupu “The Gold & Silver Club”un analisti Fil Karrın fikrincə, yaxın gələcəkdə gümüşün bazar qiyməti üç dəfə yüksələcək. Səbəb isə budur ki, artıq günəş enerjisindən istifadə, külək enerji stansiyalarının iş həcmi hər gün artır, benzin və qazla işləyən avtomobillər isə elektrik mühərriki ilə işləyən modellərlə əvəzlənir. Həm günəş panellərində, həm külək turbinlərində, həm də elektrikli avtomobillərin batareyasında isə əsasən gümüşdən istifadə edilir. Baydenin planına əsasən yalnız bu il ərzində ABŞ-ın gümüşə tələbatı 3 min tonu aşacaq. Amma bir problem var ki, dünya üzrə təbii şəkildə yayılmış gümüşün ehtiyyatı olduqca məhduddur.

Bu arada qeyd edək ki, gümüş ötən il 47 faizdən artıq dəyər qazansa da, son vaxtlar 9 faiz enib. Amma bu o demək deyil ki, qiymətdə ucuzlaşma davam edəcək – bu cür eniş-qalxış hər zaman olub və olacaq da. Məsələn, 2002 – 2006-cı illər arasında gümüş üst-üstə dörd dəfə 10 faizədək bahalaşıb və yenidən ucuzlaşıb.

Daha əvvəlki illərin məlumatlarına nəzər salsaq, gümüş 2011-ci ildə 57 dollara, 1980-ci ildə isə hətta 120 dollara satılıb. Bu gün 25 dollar səviyyəsində tərəddüd edir. F.Karrın fikrincə, indiki müşahidələrə əsasən gümüş dünya bazarında daha 2 dollar ucuzlaşaraq 23 dollara satıla bilər. Amma ondan aşağı enməyəcək. Əksinə, yüksəlişə keçəcək və 100 dollaradək bahalaşacaq.

Dünyada gümüş ehtiyyatlarının 60 faizi Amerika qitəsindədir. Bunun da 35 faizi Meksikanın (152,8 min unsiya), 12 faizi Perunun, 11 faizi isə ABŞ-ın payına düşür. Bundan başqa, Çində 103,9 milyon unsiya, Avstraliyada 55,2 milyon unsiya, Çilidə 42,1 milyon unsiya, Polşada 40,8 milyon unsiya, Rusiyada 40 milyon unsiya, Boliviyada 30 milyon unsiya, Argentinada 22,6 milyon unsiya, Kanadada 19,1 milyon unsiya, Qazaxıstanda 17,6 milyon unsiya, Hindistanda 11 milyon unsiya, İsveç 9,1 milyon unsiya, Qvatemala 8,8 milyon unsiya, Mərakeş 7,3 milyon unsiya, İndoneziya 6 milyon unsiya, İran 3,5 milyon unsiya gümüş ehtiyyatına sahibdir. Papua-Yeni Qvineya da dünyanın əhəmiyyətli gümüş ehtiyyatına malik ölkələrindəndir.

Hazırda dünya miqyasında gümüşün ən böyük yataqları Kanadada “Kobalt”, Çilidə “Çanyarkilo”, Meksikada “Paçuka”, “Real-del-Monte”, Norveçdə “Kongsberq”, Almaniyada “Şneeberq”, “Mansfeld”, Çexiyada “Yaximov”, Rusiyada Turin mədənləri, Ukraynada “Zakarpatye” və sairdir.

Qardaş Türkiyə dünyada ən çox gümüş ehtiyyatı ilə təmin olunmuş 20 ölkə arasında 14-cü yeri tutur və dünya gümüş ehtiyyatlarının 10 milyon unsiya qisminə və ya 2 faizinə sahiblik edir. Türkiyədə yeganə gümüş yataqları Gümüşlü adlanan bölgədə yerləşir. Bunlar Kütahya-Gümüşköy yataqlarıdır. Kütahya-Gümüşköy gümüş yatağı 21,5 milyon ton ehtiyyata malikdir ki, bu da 3827 ton metal gümüş deməkdir. Türkiyədə ikinci iri gümüş yatağı Artvin-Cerattəpə olub, 7,3 min ton ehtiyyata və ya 1345 ton metak gümüş çəkisinə malikdir.

Azərbaycan ərazisində müstəqil gümüş yataqları məlum deyil. Amma bu mineral sərbəst şəkildə bir çox qurğuşun-sink, kolçedan, qızıl filizi, kobalt, dəmir-kobalt yataqlarında mövcuddur ki, buna Ağdərə, Mehmana, Gədəbəy, Vejnəli, Bağırsaq, Şimali-Daşkəsən, Cənubi-Daşkəsən, Ağduzdağ, Filizçay və başqa mədənlərdə rast gəlinir.

Qeyd edək ki, 4 kiloqram ağırlığında sərbəst gümüş külçəsi Çıraqdərə kolçedan yatağı rayonunda Çaykənd delüvisində aşkar olunub. Səpinti gümüşü Tərtər və Tutqun çayları hövzələrinin allüvial çöküntülərində də tapılıb.

Bu gün gümüşün ən böyük itxalatçıları Hindistan, Avropa Birliyi və ABŞ-dır.

Bəs dünyada gümüş istehsalı və ixracı ilə məşğul olan əsas şirkətlər hansılardır? Bunlardan ən böyüyü “Wheaton Precious Metals Corp”dur (WPM). Bu şirkət özü birbaşa gümüş yataqlarının axtarışı və işlənməsi ilə məşğul olmasa da, dünyanın hər yerindəki əlaqədar şirkətlərə spnsorluq edir, yataqların işlənməsi sahəsində investisiya yatırır və sair. Bunun sayəsində, adıçəkilən şirkət hazırda 200 milyon unsiyadan çox gümüş ehtiyyatına sahibdir. Hazırda şirkətin bazar gücü 12,3 milyard dollardır.

Gümüş istehsalı sahəsində ikinci iri şirkət “First Majestic Silver Corp.”dur.  Şirkət gümüşün axtarışı, işlənməsi və istehsalı, həmçinin mövcud gümüş mədənlərinin əldə edilməsi ilə məşğuldur. Şirkət orta ölçülüdür, bazar gücü 2 milyard dollardır. Bununla birlikdə, “First Majestic” əla böyümə perspektivlərinə malikdir. 2017-ci ilin dekabrınadək altı mədənə sahib idi və onun illik təmiz gümüş istehsalı, 2006-cı ildə təxminən 2 milyon unsiyadan hazırda 12 milyon unsiyayadək artıb. Kiçik gümüş mədən şirkətlərindən olduğuna görə, 2017 - 2018-ci illərdə gümüşün ucuzlaşması səbəbindən böyük itkilərlə üzləşib.

Pan American Silver Corp. (PAAS) Meksika və Cənubi Amerikada gümüş mədənlərinin axtarışı, inkişafı və istehsalı ilə məşğuldur. Gümüş istehsalına eksklüziv diqqət yetirməsinə baxmayaraq, qızıl, mis və sink satır. Şirkət dünyanın altıncı ən böyük gümüş istehsalçısıdır və dördüncü ən böyük gümüş ehtiyatına sahibdir.

“Pan American” 2017-ci ildə nağd xərcləri 28 faizədək azaltsa da, 2019-cu ildən başlayaraq yenidən bu sahəyə diqqəti artırmaqdadır.

Endeavour Silver Corp (EXK) da “First Majestic” kimi böyümə potensiallı şirkətlərdəndir. Kanadada yerləşən şirkət Çili və Meksikada gümüş və qızıl yataqlarının axtarışı, işlənməsi, hasilatı və ixracı ilə məşğul olur. Hazırda işlətdiyi mədənlərdə iki yeni genişləndirmə proqramı həyata keçirən şirkət gələcəkdə dünyanın ən yaxşı gümüş istehsalçıları siyahısına düşmək niyyətindər.

“Endeavour Silver” 340 milyon dollarlıq nisbətən kiçik kapital ehtiyyatına malikdir.

Daha bir şirkət - Hecla Mining Company (NYSE: HL) Şimali Amerikadakı ən qədim gümüş və qızıl istehsalçısıdır. Şirkət 1891-ci ildə Aydaho ştatının Coeur d'Alene şəhərində qurulub və ABŞ-da əsas aşağı qiymətli gümüş mədən şirkətlərindən biri olaraq tanınır.

Şirkət Aydaho və Alyaskada gümüş mədənlərinə sahibdir və Kvebekdəki mədən əməliyyatı sayəsində əhəmiyyətli qızıl istehsalçısına çevrilir. “Hecla Mining”, ABŞ, Kanada və Meksikada beş əlavə qızıl və gümüş mədən işlərində perspektivli kəşfiyyat və inkişaf layihələrinə sahibdir. Şirkət dünya gümüş ehtiyatlarında cəmi 200 milyon unsiya ilə yeddinci yerdədir və illik istehsal gücü 12,5 milyon unsiyadır.

Son olaraq belə nəticəyə gələ bilərik ki, yalnız dövlətlər və ya ayrı-ayrı şirkətlər deyil, dünya ictimaiyyəti nəinki əlindəki gümüşü satıb-xərcləməyə çalışmamalı, əksinə, nə qədər ki, ucuzdur. Imkanı daxilində ehtiyyat toplamalıdır.

Oxunma sayı 1368