Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az-a budəfəki müsahibəsində Yaxın Şərqdə son günlər baş verən qanlı olaylar, onların Güney Qafqaz, konkret Azərbaycan ətrafında gedən proseslərə, həmçinin Rusiya-Ukrayna savaşına mümkün təsirindən, Rusiyanın hər vəchlə öz “sülhməramlı”larının Azərbaycan ərazisində qalma müddətini uzatmağa çalışmasından və s. bəhs edib.
– İsrail–“HƏMAS” savaşının geosiyasi baxımdan Güney Qafqaza, konkret Azərbaycan ətrafında baş verən proseslərə mümkün təsirləri barədə çox danışılır...
– İsraildə baş verənlərin Cənubi Qafqaza, o cümlədən Azərbaycana ilk baxışdan heç bir təsiri yoxdur. Birbaşa olmasa da, dolayısı ilə həmin olayların regiona və ölkəmizə çox ciddi təsiri var. Məsələ burasındadır ki, biz hələ Yaxın Şərqdə gerçəklikdə nə baş verdiyini və bunun ardınca nələr baş verəcəyini bilmirik. Hələlik orada nə baş verdiyini biz kiçik çapda görürük. “Kiçik çap” dedikdə mən “HƏMAS”–İsrail qarşıdurmasını nəzərdə tuturam. Bunun böyüyəcəyi, başqa hansısa proksilərin bu prosesə qoşulacağı halda Yaxın Şərqdə böyük savaş başlaya bilər. Təsadüfi deyil ki, ABŞ öz hərbi potensialını Yaxın Şərqə toplamaqda davam edir. Amerikanın ən böyük təyyarədaşıyan gəmisi - “USS Gerald R.Ford”, artıq İsrail sahillərindədir. Ayın 11-də Pentaqon elan etdi ki, ikinci belə bir aviadaşıyıcı gəmi göndərib regiona – deməli, böyük müharibə təhlükəsi var. Rusiyaya isə hazırda Yaxın Şərqə çıxmaq lazımdır. Məsələ burasındadır ki, regionda böyük savaş baş verərsə, məsələn, konkret olaraq İrana qarşı hər hansı bir əməliyyat başlayarsa, bu, Kreml üçün siqnal olacaqdır ki, Rusiya Yaxın Şərqə çıxsın və bir geo-siyasi güc kimi həmin prosesdə özünü göstərsin, iştirak eləsin, onu təsbit eləsin və s. Bunun üçün isə Rusiya Azərbaycan üzərindən keçməlidir. Onun başqa quru yolu yoxdur Yaxın Şərqə. Bu mənada “HƏMAS”–İsrail qarşıdurması istər bütövlükdə Cənubi Qafqaz, istərsə də ayrıca Azərbaycan üçün özündə ciddi təhlükə və təhdid yükü daşıyır...
– İsraildə, Qəzzada baş verənlərin Rusiya-Ukrayna savaşına hər hansı bir təsiri ola bilərmi?
– Olayların Ukraynada baş verənlərə bilavasitə təsiri yoxdur. Dolayısı ilə təsiri o oldu ki, nə qədər təəccüblü də görünsə, məhz “HƏMAS”ın İsrailə hücum etdiyi gün ABŞ Prezidenti Co Bayden Konqresdən Ukraynaya 100 milyard dollarlıq hərbi yardım ayrılmasını xahiş etdi. Deməli, Ukraynadakı proseslərə də bunun təsiri var, deməli, amerikalılar nəyisə bilirlər. Bəs nəyi bilirlər? Yaxın Şərqi qarışdıran Rusiyadırmı – bunumu bilirlər, yoxsa başqa məsələləri. Baxmayaraq ki, hər kəs İranı dolayısıyla ittiham edir ki, “HƏMAS”ın arxasında duran İrandır. Hər bir halda Baydenin müraciətinin məhz həmin gün baş tutması təsadüf kimi qəbul edilməməlidir. Mən öz fikrimi deyirəm; hesab edirəm, Yaxın Şərqdə son baş verənlərdə Rusiyanın bu və ya digər şəkildə rolu var. Məhz ona görə də Ağ ev Ukraynanı gücləndirməklə Rusiyanın resurslarını, gücünü məhz həmin cəbhədə sıradan çıxarmağa qərar verib...
– “HƏMAS”ın İsrailə son gözlənilməz və genişmiqyaslı hücumundan sonra yaranan versiyalardan biri də belədir ki, İsrail kəşfiyyatının həmin hücumundan vaxtında xəbər tutmamasında, eləcə də İsrail ordusu haqda məlumatların qarşı tərəfə sızmasında dünyanın, xüsusən Qərbin diqqətini Ukraynadan yayındırmaq məqsədi güdən Rusiya xüsusi xidmət orqanlarının rolu olub. Netanyahunun təkrar hakimiyyətə qayıtmasından bəri Moskva ilə xeyli yaxınlaşmaq siyasəti Kremlə imkan yaradıb ki, özünün İsraildə, xüsusən bu ölkənin Müdafiə Nazirliyi və ordusu daxilindəki agentura şəbəkəsini gücləndirsin. Məhz həmin şəbəkə “HƏMAS”a böyük kəşfiyyat dəstəyi verib. Sizcə, belə bir şey gerçəkdən mümkündürmü?
– Hazırda “HƏMAS”ın İsrailə hücumu, bunun səbəb və nəticələri haqda çoxsaylı versiyalar mövcuddur. Xüsusilə də həmin hücumun arxasında kimin durması, onu kimin təşkil etməsi ilə bağlı çoxlu ehtimallar irəli sürülür. Məsələn, dünən ABŞ-ın “Uolstrit Cornal” nəşri belə bir məlumat yayıb ki, “HƏMAS”ın hazırlanmasında birbaşa İranın İslam İnqilabı Keşikçiləri korpusu, yəni "SEPAH" iştirak edib. Hətta bu işə kimlərin qatılması, görüşlərin harada keçirildiyi də göstərilir. Konkret olaraq Livanın paytaxtı Beyrutdan söhbət gedir. Bundan başqa, deyilənlərə sübut kimi göstərilir ki, “HƏMAS” döyüşçülərinə həmin “SEPAH”ın mütəxəssisləri təlim keçib və s.
Hər bir halda “HƏMAS”ın hücumundan açıq görünür ki, onlar yalnız döyüşçü kimi hazırlıqlı olmayıblar, həm də İsrail ordusunun mövqeləri və imkanları haqda kifayət qədər kəşfiyyat məlumatlarına da malik olublar. Bu baxımdan aydın olur ki, əməliyyatın zaman seçimi, taktiki detalları çox yükşək peşəkarlıq səviyyəsində həyata keçirilib. Bəs bu dəstək kimin tərəfindən verilibdi?..
Versiyalar arasında, dediyiniz kimi, Qərbin diqqətini Ukraynadan yayındırmaq məqsədi güdən Rusiyanın İsrailə hücumda “HƏMAS”a dəstək verməsi də səsləndirilir. Hərçənd bu, baş vermədi. Bilirsiniz ki, elə məhz İsrailə hücumun ertəsi günü ABŞ prezidenti C.Bayden Ukraynaya 100 milyard dollarlıq hərbi yardım ayırmaq barədə Konqresə müraciət etdi. Deməli, hətta sözügedən versiya özünün doğrultsa da, o, göstərici deyil, yəni belə bir plan olubsa da, o, öz nəticəsini verməyib...
Konkret Rusiyanın sözügedən hücum əməliyyatına bağlılığı barədə versiyaya gəldikdə, nəzəri baxımdan, hipotetik baxımdan bu mümkündür. Bu hücumun arxasında İran ola bilərmi? Ola bilər. Üstəlik, İran açıq şəkildə “HƏMAS”ın əməliyyatını dəstəkləyir...
– Səslənən versiyalar arasında hansını gerçəyə, reallığa daha yaxın hesab etmək olar?
– Versiyalar çoxdur. Bu barədə konspiroloji versiyalar da irəli sürülməkdədir. Bəziləri iddia edirlər ki, guya “HƏMAS”ın hücumu öz hakimiyyətini möhkəmlətməyə çalışan Netanyahuya lazım olub. Əslində, onun mövqelərinin zəif olması haqda ortalıqda heç bir fakt da yoxdur...
Bir sözlə, versiyalar çox olsa da, “HƏMAS”ı kimin bu hücuma yönləndirməsi haqda konkret və ciddi dəlil-sübutlar yoxdur. Hər bir halda ortada bir fakt mövcuddur ki, “HƏMAS”ın əməliyyatına informasiya dəstəyi çox məlumatlı, İsrail daxilində kəşfiyyat aparmaq imkanı olan hansısa bir ölkənin xüsusi xidmət orqanlarından gəlib. Artıq bu, aksiomdur. Əgər “HƏMAS” yaraqlıları hətta İsrailin xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanının, briqada generalının evinin yerinədək bilibsə, gedib onu oradan götürüblərsə, deməli, həmin təşkilat üzvləri nəinki bu İsrail generalının evinin yeri, hətta onun evində olub-olmaması haqqında da məlumatlara sahiblənə biliblər...
Xülasə, bu gün hələlik İsrailə hücum barədə birmənalı fikir söyləmək, mülahizə yürütmək çətindir. Bir versiya artıq faktdır ki, İsrailin bu qədər güclü sayılan, dünyanın müxtəlif nöqtələrində uğurlu əməliyyatlar keçirməklə qürrələnən, peşəkarlıq səviyyələri haqda əfsanələr dolaşan xüsusi xidmət orqanları öz qulaqlarının dibində bu miqyasda hücum əməliyyatı hazırlanmasını nəzərdən qaçırıblar...
– Necə olub ki, dünya şöhrətli, əfsanəvi “MOSSAD” primitiv silah və texnologiyalara malik bir təşkilatın hazırladığı əməliyyatdan xəbərsiz olub?
– Həqiqətən, nə baş verib? İsrail ordusu nəzdində olan hərbi kəşfiyyatın, ölkə daxilindəki kəşfiyyatın – “Şabak”ın, dünyaca məşhur xarici kəşfiyyatı “MOSSAD”ın günlərlə hazırlığı gedən bu əməliyyatın hazırlanmasından xəbəri olmayıb? Ən azı, texniki vasitələrin toplanması, onların hazırlanması, yerləşdirilməsi, istifadə edilməsi – bunların hamısı müəyyən vaxt apardığından nəzərdən qaçırılmamalı şeylərdir. Özü də Qəzza bölgəsi elə bir ərazi deyil ki, oraya nəzarət etmək mümkün olmasın. Biz dəfələrlə eşitmişik ki, İsrail qurumları, hətta Qəzzada yaşayan insanların adbaad telefon nömrələrinə qədər bilirlər və onların telefon danışıqlarına da nəzarət edirlər. Birdən məlum olur ki, bütün müşahidə qurğuları, nəzarət sistemləri belə bir vacib məsələdə işləməyibdir. Nəticədə, “HƏMAS” İsrailin ərazisinə daxil olaraq 20-dən artıq yaşayış məntəqəsini, bir neçə bazasını ələ keçirib, tanklarını vurub. Bu, həqiqətən biabırçılıqdır. Bax, bu məsələ, hesab edirəm ki, daha aktualdır. Bu araşdırılanda, yəqin ki, əsl səbəblər ortaya çıxacaq və mümkündür ki, hətta əsl səbəbkar aşkar ediləcəkdir. Qaldı hansı kəşfiyyatın, hansı xüsusi xidmət orqanının “HƏMAS”a dəstək verməsinə, mənə elə gəlir ki, bu gün artıq dünyanın bir sıra kəşfiyyat qurumları kifayət qədər yetkin hala gəlib-çıxıb, yetərincə təcrübə toplayıb. Belə düşünsək, İsrailə qarşı əməliyyatın informasiya dəstəyini “HƏMAS”ın özünün, “Hizbullah”ın, yaxud İranın və ya Rusiyanın kəşfiyyat qurumu da həyata keçirə bilərdi...
– Bir analitik olaraq Yaxın Şərqdə son günlər baş verənlərlə bağlı hansı versiyanı irəli sürürsünüz?
– Düşünürəm ki, bu əməliyyatın arxasında Rusiya-Ukrayna savaşından diqqəti yayındırmaqdan daha çox bir qədər əvvəl razılığı əldə olunmuş Hindistan-Yaxın Şərq dəhlizinin qarşısını almaq cəhdi dayanır. Faktiki olaraq Yaxın Şərq böyük savaşa çəkilir. Çünki bu hələlik “HƏMAS”dır, ortada “Hizbullah” var, ortada “Hizbullah”ın Livan və Suriya qanadları var, İranın “SEPAH”ı var və əlbəttə ki, Rusiyanın Suriyadakı qoşunları var və nəhayət, Əsəd rejiminin özü var. Gördüyümüz budur ki, böyük bir müharibə təhlükəsi yaranıbdır. Bu savaşda kimlər maraqlıdır. “İran maraqlıdırmı? Maraqlıdır! “Hizbullah” maraqlıdırmı? Maraqlıdır! Rusiya maraqlıdırmı? Əlbəttə, maraqlıdır! Dediyim kimi, həmin savaşla Yaxın Şərqdə yeni layihənin qarşısı alınmış olur. Hər bir ölkə, o cümlədən Rusiya Yaxın Şərqdə öz gücünü göstərməyə çalışır. Yəni Moskva Ukraynada onun qarşısına çıxarılan gücə alternativ olaraq, Yaxın Şərqdə öz rəqiblərinin qarşısına güc çıxarır. Sonda dediyim kimi, bunların hamısı nəzəri baxımdan mümkündür. Hələlik ortada heç bir fakt yoxdur, reallıq budur...
- Azərbaycan Ordusunun Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçulara qarşı son uğurlu təmizləmə əməliyyatından, erməni əhalinin əksəriyyətinin də könüllü şəkildə ərazini tərk etməsindən sonra da Rusiya hər vəchlə öz “sülhməramlılar”ının müstəqil, suveren Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun dağlıq hissəsində qalma müddətini uzatmağa çalışır. İddia edirlər ki, guya ermənilərlə inteqrasiya prosesində bizə lazım olacaqlar. Halbuki, orada uzağı, bir neçə yüz erməni qalıb. Gedənlərin də geri qayıtmaq ehtimalı azdır. Hələlik “sülhməramlılar” bəhanə edirlər ki, azərbaycanlılarla bərabər ermənilərdən yığdığımız silah-sursat, texnika anbarlarına 25 postda keşik çəkirik. Halbuki, həmin silah-sursatın da çox hissəsinin daşınmasını son 3 ilə yaxın müddətdə özləri təşkil edib... Bütün bunları son baş verən olaylar fonunda nəzərdən keçirəndə, sizcə, heç olmazsa, 2025-ci ildə Rusiya hərbi qüvvələri tərk edəcəkmi torpaqlarımızı?
– Rusiyanın ermənilərin Qarabağda qalıb-qalmamasından asılı olmayaraq, Azərbaycan torpaqlarını tərk etmək istəyi yoxdur. Biz gördük ki, ermənilərin Qarabağı tərk etməsindən sonra ruslar müqavilənin müddətinin uzadılmasından danışdılar. Bu barədə Prezident Putinin sözçüsü Peskov da, Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova da danışdı. Belə çıxır ki, bu, konkret olaraq Rusiya dövlətinin mövqeyidir. Beləliklə, Rusiya demək istəyir ki, Qarabağda erməni qaldı-qalmadı, yüz erməni qalsa, hətta bir erməni qalsa belə, Rusiyanın hərbi qüvvələri orada qalmalıdır. Halbuki, Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin Qarabağın dağlıq hissəsində qalmasının heç bir əsası yoxdur. Azərbaycan həmin kontingentin heç olmasa, 2025-ci ildə ərazimizdən çıxması üçün artıq bu gün Moskva qarşısında məsələ qaldırmalıdır ki, sülhməramlı əməliyyatının predmeti, obyekti artıq mövcud olmadığı üçün Rusiya qoşunları Azərbaycan ərazilərini tərk etməlidir. O məsələ ən geci bu gün qaldırılmalıdır ki, 2025-ci ildə biz buna nail ola bilək...