Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan və Ankara turizm mövsümü başlamazdan əvvəl üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün quru sərhədlərini açmağa hazır olduqlarını təsdiqləyiblər.
Hafta.az xəbər verir ki, bu haqda "Armeniantoday" nəşri məlumat yayıb.
A.Mirzoyan əlavə edib ki, İrəvan hazırda bu istiqamətdə fəal addımlar atır.
“Ermənistan-Türkiyə sərhədindəki Marqara quru keçid məntəqəsi son 30 ildə ilk dəfə fevral ayında Ermənistanın Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə humanitar yardım və xilasedicilər göndərdiyi zaman aktivləşdirilib”, - deyə o bildirib.
Xarici işlər naziri xatırladıb ki, 2022-ci il iyulun 1-də Vyanada keçirilən görüşdə iki ölkənin emissarları Ruben Rubinyan və Serdar Kılıç sərhədin ən qısa zamanda əcnəbilər üçün açılması barədə razılığa gəliblər. 2022-ci ilin fevralından dövlətlər arasında birbaşa uçuşlar, 2023-cü ildən isə hava yüklərinin daşınması bərpa edilib. Mirzoyan fevralın 15-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Ermənistan-Türkiyə sərhədinin açılmasının detallarını müzakirə edib.
“Sərhədin tam açılması ərəfəsində Ani körpüsünün birgə təmiri, eləcə də müvafiq infrastrukturla bağlı müqaviləmiz var”, -deyə Mirzoyan əlavə edib.