Havaların yağmurlu keçməsi nəticəsində su anbarlarında toplanmış su ehtiyatlarında artım müşahidə edilir. Bunu mətbuata açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Sarvan Ağayev bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin əsas su anbarlarında 19,5 milyard kubmetr su ehtiyatı toplanıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4 milyard kubmetr artıqdır: “Ölkəmizin ən böyük su mənbələri olan Kür və Araz çaylarında son günlər suyun səviyyəsi artıb. Bu çaylarda suyun səviyyəsinin artmasına baxmayaraq, üzərlərində yerləşən su anbarlarında daşqın sularının tənzimlənməsi üçün müəyyən qədər səviyyələr saxlanılıb. Belə ki, Kür çayı üzərində yerləşən 4 su anbarı var. Bu su anbarlarında normal həcmə qədər su toplanmayıb, o cümlədən Araz çayı və digər çaylarda da. Su anbarlarında sel-daşqın sularının tənzimlənməsi üçün müəyyən qədər səviyyələrin saxlandığı nəzərə alınaraq, hər hansı təhlükənin baş verməsi gözlənilmir”.
Bəs görəsən, havaların yağmurlu keçməsi və su anbarlarında toplanmış su ehtiyatlarında artım müşahidə edilməsi yay aylarındakı su qıtlığı təhlükəsini aradan qaldırırmı?
Məsələni qəzetimizə şərh edən Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, əslində su qıtlığı heç də ehtiyatın azlığından yaranmır: “Düzdür, bu il yağıntıların miqdarı normaldır, su anbarlarına da su toplanılıb. Amma biz içməli suya tələbatın artması ilə əlaqədar qənaətə diqqət etməliyik. İçməli su ilə bağlı kritik durum yoxdur, lakin bu o demək deyil ki, istədiyimiz kimi yaşaya bilərik”.
Onun fikrincə, suyun hər qramını diqqətlə istifadə etməliyik: “Günəş parıltısının illik miqdarı 2500-2800 saatdır. Hər kvadratsantimetrə düşən günəş radiasiyasının illik miqdarı 130-145 kkal/sm2 arasında dəyişir. Suvarma çox aparılan ərazilərdə günəş radiasiyası yüksəkdir. Təklif edirəm ki, həmin ərazilərdən günəş enerjisinin toplanılması üçün istifadə edilsin. Bu enerjidən məişətdə, ictimai yerlərdə istifadə edə bilərik. O ərazilərdə əhalinin 25-30 faizi yaşayır. Həmin əhaliyə həm istilik enerjisi verilsin, həm də anbarlara toplanan suyun bir qismi paylanılsın”.
Mütəxəssis bildirib ki, problemli məsələlərdən biri Azərbaycanda suvarma sistemlərinin köhnə olmasıdır: “Su bitkilərdən çox ətrafa məsrəf olunur və bu da xeyli ərazisinin şoranlaşmasına da səbəb olur. Kür-Araz ovalığının böyük hissəsi dövriyyədən çıxıb, yararlı deyil, səbəb qeyri-mədəni suvarma sistemləridir. Yeri gəlmişkən, Azərbaycanda suvarma sistemləri min il əvvəlki səviyyədədir. Çünki həmin qayda ilə suyu açıb buraxırlar, bitkiyə müəyyən qədər xeyir versələr də, amma torpağı sıradan çıxarır və şoranlaşma baş verir. Mən təklif edirdim ki, bütün kanallar betonlaşdırılsın. Bütün kollektorlar təmizlənməlidir. Hətta imkan olsa, kollektor suları təmizləyib yenidən dövriyyəyə buraxmaq olar. Elə sahələr var ki, ora icarəyə götürülmüş torpaqlardır və çoxillik bitkilər əkin altındadır, onlar da bütövlükdə suvarılır. Misal üçün, yemiş, qarpız, balqabaq fərdi qaydada suvarılmalıdır. Müəyyən bitkilərə sular betonla örtülü hissələrə yığılır, o sular sonradan yavaş-yavaş plastik borularla yemiş, qarpız, alça, alma kimi bitkilər olan sahəyə gətirilir. Misal üçün, yemiş üçün, 1 diametr ərazidə torpaq yaxşı emal olunur, müəyyən gübrələr vurulur və orada əkilir. O bitki ancaq oradan qidalanır. Sonra da indikatorlar qoyulur ki, torpaq lazım olan nəmlikdə olsun, su ora damcılayır, su avtomatik şəkildə indikatorun səsi ilə kəsilir. Burada hər damcının söhbəti gedir. Götürək, taxıl bitkilərini. Taxıl birillik bitkidir. Kökləri maksimum 5-7 santimetrdən aşağı getmir. Bunu selləmə üsulu ilə 2-3 saat suvarırsan, su torpağa hoparaq şoranlaşdırır. Burada da mütləq çiləmə üsulu ilə suvarmaq lazımdır. Yenə də təkrar edirəm, oradakı bütün qurğular hamısı betonlaşdırılmalıdır”.
O həmçinin qeyd edib ki, quraqlığın iqlim dəyişmələri ilə əlaqələndirilməsini də doğru hesab etmir: “Deyim ki, planetə düşən yağıntı ilə buxarlanan yağıntı balansı arasında dəyişiklik yoxdur. Yəni, min il necə idisə, indi də eyni qalıb. Bu periodik prosesdir. Əgər ölkələr təbiəti özündən asılı vəziyyətə salıbsa, bu təbətin günahı deyil”.