Konqonun cənub-qərbindəki Kvanqju bölgəsinin səhiyyə naziri Apollinayre Yumba son iki həftədə ən azı 67 nəfərin müəmmalı xəstəlik nəticəsində öldüyünü açıqlayıb.
Hafta.az-ın DPA-ya istinadən yazdığına görə, Apollinayre Yumba xəstəliyin qızdırma, baş ağrısı, tənəffüs problemləri və anemiya kimi qripə bənzər simptomlara səbəb olduğunu və əsasən 15 yaşdan kiçik uşaqlara təsir etdiyini bildirib.
Kvanqju əyalətinin Panzi rayonunda ən azı 376 nəfərdə xəstəliyin simptomları aşkarlanıb.
Bəzi KİV-lər ölənlərin sayının 140 nəfəri keçdiyini bildirib.
Yumba, mütəxəssislər qrupunun xəstələri müalicə etmək və Milli Biotibbi Tədqiqat İnstitutunda analiz məqsədilə nümunələr toplamaq üçün Panziyə getdiyini bildirib.
Səlahiyyətlilər zərər çəkmiş ərazinin sakinlərinə ciddi şəxsi gigiyena qaydalarına, o cümlədən tez-tez əl yuma və sosial məsafə saxlamağı tövsiyə edib.
Panzidəki bir həkimin sözlərinə görə, insanlar infeksiyaya məruz qalma qorxusu ilə evlərini tərk etmirlər.