Yeni Zelandiya səsvermə yaşını 16-ya endirməyi təklif edir

12:00 22.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yeni Zelandiya hakimiyyəti seçicilərin yaşını 16 yaşa endirməyə hazırdır. Baş nazir Casinda Ardern yaxın vaxtlarda müvafiq qanunvericilik təşəbbüsünü parlamentə təqdim etmək niyyətindədir.

“The Guardian” yazır ki, belə bir fikir Ali Məhkəmənin mövcud 18 illik kvalifikasiyanın ayrı-seçkilik xarakteri daşıması və gənclərin hüquqlarını pozduğu barədə tarixi qərarından sonra yaranıb. Bu işə baxılması iki il davam edib. Nəticədə, məhkəmə iqlim dəyişikliyi kimi mövzular ictimai müzakirəyə çıxarıldıqda gənclərin səs verə bilməsi lazım olduğunu iddia edən Make It 16 fəal qrupunun apellyasiya şikayətini təmin edib.

“Hökumət və parlament belə aydın hüquqi və mənəvi mesaja məhəl qoymaya bilməz. Bizə səs verməyə icazə verməlidirlər”, - Make It qərardan sonra bildirib.

Ardern deyib ki, o, şəxsən seçicilərin yaşının 16-ya endirilməsinin tərəfdarıdır, lakin məsələyə parlament qərar verməlidir ki, “hər kəs öz sözünü deyə bilsin”.

Seçki qanununa dəyişiklik etmək üçün təşəbbüsü deputatların azı 75 faizi dəstəkləməlidir. Bu isə o deməkdir ki, ölkədə hakim leyboristlər, eləcə də müxalif Milli Partiyasının nümayəndələri bu təklifə səs verməli olacaqlar. Amma sonuncu hələlik belə dəyişikliklərə ehtiyac görmür.