Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı ilə hafta.az üçün budəfəki söhbətimizdə Ermənistandakı Qarabağdan köçkün ermənilərin Rusiya XİN müavini Mixail Qaluzinin onların Qarabağa qayıtmalarına Moskvanın dəstək verə bilməsi haqqında bəyanatına reaksiyası, Paşinyan hakimiyyətinin devriləcəyi və Qarabağ klanı hakimiyyətə qayıdacağı halda, ermənilərin Qarabağa dönüşünün baş tutması ehtimalı, Zəngilan istiqamətində atəşkəsin pozulmasını icra etmiş Ermənistanın “Yerkrapa” terrorçu təşkilatının hansı qüvvələrə bağlı olması, hazırkı durumda sərhəddə atəşkəsin pozulmasında Rusiyanın, yoxsa Fransanın daha çox maraqlı olması, son təxribatlardan sonra yeni genişmiqyaslı Azərbaycan–Ermənistan müharibəsinin başlanması ehtimalı və s. mövzulardan bəhs etdik.
– Ermənistandakı Qarabağdan köçən ermənilər Rusiya XİN müavini Mixail Qaluzinin onların Qarabağa qayıtmalarına Moskvanın dəstək verə bilməsi haqqında bəyanatına necə reaksiya veriblər?
– Ermənilər Qarabağa geridönüşlə bağlı siyasətlərini Qərbin onlara dəstək verəcəkləri ümidləri üzərində qurublar. Odur ki, Rusiyanın təhlükəsizlik qarantiyası barədə bəyanatlarını müzakirə edərkən bu variantı inandırıcı görmürlər. Ermənistan Rusiyanı özünün strateji müttəfiqi olaraq görmür; həm də Azərbaycan torpaqlarına ermənilərin dönüşü məsələsi ölkəmizin məsələsidir. Bunu həm Rusiyada, həm də erməni siyasi çevrələrində yaxşı anlayırlar. Ermənistan da, Rusiya da geridönüşlə bağlı hər hansı addım atsalar, bu, Azərbaycanın daxili işlərinə qarışmaq demək olacaq və qarşıda gözlənilən sülh danışıqlarına birbaşa təsir göstərəcək. Ermənistana daha çox lazım olan sülh prosesinin təhlükəyə düşməməsi üçün Ermənistan ehtiyatlı addımlar atmaq zorundadır. Ölkədə elə qüvvələr var ki, Paşinyan hakimiyyətini zərbə altına salmaq üçün addımlar atırlar...
– Yəqin ki, Qarabağ erməniləri 2023-cü ilin payızında baş verənlərdən sonra Rusiyanın heç bir “təhlükəsizlik qarantı”na etibar etməz?
– Təbii ki... Və dediyim kimi, artıq Ermənistan Rusiyanı özünün strateji müttəfiqi olaraq görmür. Sözsüz ki, hakimiyyətin siyasəti Qarabağdan köçkün düşmüş ermənilərin də baxışlarına təsir göstərir. Nəticədə, onlar bir daha Kremlin qurduğu oyunların girovu olmaq istəmirlər...
– Paşinyan hakimiyyəti devrilsə və Qarabağ klanı hakimiyyətə qayıtsa, sözsüz ki, Moskvanın göstərişi ilə həm Zəngəzur yolunun açılmasına razılıq verərlər, həm də Qarabağdan köçən erməniləri zorla da olsa, geri qayıtmağa məcbur edərlər?
– Ehtimal ki, Ermənistanda konstitusiyanın dəyişikliyi üçün referendum və növbədənkənar seçkilər olacaq. Qarabağ klanının isə öncələr də dediyim kimi, artıq hakimiyyətə gəlmə ehtimalı yoxdur. Bundan sonra Ermənistanda daha çox qərbyönümlü qüvvələrin demarşı olacaq, Paşinyanın hakimiyyətini davam etdirməsi və legitimlik qazanması üçün Qarabağ klanının rolunu azaltmaq tədbirləri görüləcək. Hadisələrin belə inkişafı zamanı Qarabağa ermənilərin qayıtması məsələsi gündəmə gələ bilər. Azərbaycan Dövləti və Ordusunun son illər atdığı qətiyyətli addımlar sayəsində yaranmış yeni mühitdə bunun reallaşması mümkün olmayacaq...
– Zəngilan istiqamətində atəşkəsin pozulmasını Ermənistanın “Yerkrapa” terrorçu təşkilatının təşkil etməsi haqqında məlumat yayıldı. Sizcə, həmin qruplaşma Ermənistan müdafiə nazirliyinin əmr və təlimatından kənar fəaliyyət göstərə bilərmi?
– Öncə dediyim kimi, Ermənistanda Paşinyan hakimiyyətini zərbə altına salmaq üçün istənilən addımlar atmağa hazır olan, xarici, daxili qüvvələrin əlində alət olan qruplaşmalar var. “Yerkrapa” da bu qəbildən olan terrorçu qruplaşmadır və revanşistlərin əlində vasitələrdən biridir. Ona indi müxalif radikal qruplar, haradasa Qarabağ klanı nəzarət edir. Həmin qüvvələr Paşinyanı devirmək üçün istənilən təxribat törədəcəklər...
– “Yerkrapa”nın əvvəlki komandiri – “tuşonka Manvel” ləqəbli Manvel Qriqoryan terrorçu eks-prezidentlər Serjik Sərkisyan və Robert Köçəryanla, yəni Qarabağ klanı ilə yaxın olmuşdur. Mümkündürmü ki, hazırda da bu qruplaşma Qarabağ klanının təsiri altında olsun?
– Bəli, mümkündür. Hazırkı Ermənistan hakimiyyətinin “ASALA”nın yeni qollarından olan “Sasna Tser”, “Yerkrapa” və digər terrorçu təşkilatlarının fəaliyyətindən xəbəri olmamış deyil. Son məlumatlara görə, Paşinyan hökuməti həmin qurumların fəaliyyətinin revanşist müxaliflərin nəzarətinə keçməməsi üçün tədbirlər görür. Bəzən isə həmin tədbirlər yetərli olmur. Ermənistan da “erməni demokratik qütbü” (bever) kimi təşkilatların Azərbaycan və başqa ölkələrə təzyiq məqsədilə istifadə etməyə çalışır. Bu təşkilatların Azərbaycanla sərhəddə, əsasən, Zəngəzur bölgəsində könüllüləri var. Onların bəzi qrupları Ermənistan müdafiə nazirliyinin təlimatları əsasında çalışır. Onlar Zəngəzur koridoru məsələsində Ermənistanın mövqeyini möhkəmləndirmək üçün oradadırlar...
– Hazırkı durumda sərhəddə atəşkəsin pozulmasında Rusiya daha çox maraqlıdır, yoxsa Fransa?
– Sərhəddə atəşkəsin pozulmasında hansısa ölkənin marağı olduğunu düşünmürəm. Sadəcə olaraq Ermənistan hansısa qüvvəni özünün siyasi ambisiyalarının girovuna çevirmək üçün belə hərəkətləri məqbul hesab edir. Ermənistan öz məkrli məqsədlərini reallaşdırmaq üçün daim belə təxribatlara gedib, bu gün də onu davam etdirir. Bunlar isə heç də həmişə Ermənistanın xeyrinə olmur, həmin təxribatlar onun öz başında çatlayır...
– Son təxribatlardan sonra, yeni genişmiqyaslı Azərbaycan–Ermənistan müharibəsinin başlanması ehtimalı nə qədərdir?
– Necə ki, Ermənistanda “Yerkrapa”, “Sasna Tser” kimi müxtəlif daxili və xarici qüvvələrin əlində alət ola bilən terrorçu qruplaşmalar var, Azərbaycanla növbəti genişmiqyaslı müharibənin alovlanması ehtimalı istisna deyil. Sərhəddəki son təxribatlar da göstərir ki, sülhə gedən yolda Ermənistanın hələ çox problemi mövcuddur...
– Təhlilləriniz nə göstərir – hazırda planetdəki erməni lobbisinin Ermənistanın yaxın gələcəkdə Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamasına münasibəti necədir?
– Erməni lobbiçiliyi mövcud olduğu ölkəyə görə dəyişir. Lobbiçililk üçün ayrılan vəsaitə uyğun bəzi ölkələrdə Ermənistan zəif və ya güclü müdafiə oluna bilər. Bir şey məlumdur ki, lobbiçilik fəaliyyəti üçün əvvəlki kimi diaspordan vəsait ayrılmır. Erməni lobbisinin özünün maraqları və vəzifələri var, missiyalarına uyğun olaraq fəaliyyət yürüdürlər. Erməni diasporu Azərbaycanla və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasında rol oynaya bilər, amma onlar Paşinyanı “xain” hesab edir və onun imzalayacağı sənədi də saya almırlar; çoxluq Paşinyanın getməsini istəyir. Bununla belə, ona dəstək verənlər və yeganə çıxış yolunun qonşularla əlaqələrin yaxşılaşmasında görənlər də var...
– Türkiyədəki ermənilərin Azərbaycan və Türkiyə ilə barışığa münasibəti haqqında məlumatınız varmı?
– Türkiyə erməniləri digər ölkə ermənilərindən fərqlənmir. Necə deyərlər, erməni hər yerdə ermənidir və onillərlə, yüzillərlə eyni xisləti yaşatmaqda davam etməkdədirlər...