Yerli startapların beynəlxalq bazara çıxış imkanları

11:46 31.03.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda innovasiyalar, yeni texnologiyalar istənilən ölkənin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu gün ölkəmizdə də informasiya texnologiyaları sahəsi uğurla inkişaf etdirilir. Azərbaycan höküməti innovasiyalar sahəsinə investorların cəlb olunması, o cümlədən yerli startaplarımızın təkmilləşdirilməsi üçün şərait yaratmağa çalışır. Bu il isə startaplarla bağlı qanunvericilik bazasının hazırlanması nəzərdə tutulub. Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun sözlərinə görə, hazırda məsələ müzakirə mövzusudur və qanunvericiliyin üzərində 10-dan artıq qurum çalışır:“Biz düşünürük ki, 2022-ci ildə artıq həmin qanunvericiliyi ictimai müzakirəyə təqdim edək və burada aidiyyəti qurumlar da iştirak etsin”.

Qeyd edək ki, müasir dövrdə startapların yaradılmasına və inkişafına dünyanın əksər dövlətləri, beynəlxalq qurum və təşkilatlar dəstək göstərir. Çünki startaplar ilk növbədə iqtisadiyyatın inkişafına və böyüməsinə şərait yaradır, cəmiyyətin hansısa xidmət və ya məhsul üzrə tələbatını ödəyir, iş imkanları yaradır, uğurlu olduqda ideya rəhbərlərinə və startapa dəstək olan investorlara gəlir gətirir. Azərbaycanda mövcud qanunvericilikdə startapın tərifini, əlamətlərini və meyarlarını Vergi Məcəlləsində və Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”nda tapmaq olar. Startap – innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq orqan tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən orqan tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir. “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslər bu meyarlara cavab verməlidir: mikro və ya kiçik sahibkarlıq subyekti olması; orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması; rezident vergi ödəyicisi olması.“Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir.

Bu gün Azərbaycan hökuməti ölkədə startap ekosistemini yaxşılaşdırmaq və ABŞ-ın məşhur “Silikon vadisi”nin alternativi olan “Abşeron vadisi”ni yaratmaq istəyir. Ona görə də bu sahənin inkişaf etdirilməsi hökümət üçün əsas prioritetlərdəndir. Hazırda bu sahədə münasibətlər, əsasən, nizamnamələrində və fəaliyyət istiqamətlərində göstərilənlərə əsasən Nazirliklər, Dövlət Agentlikləri və Orqanları tərəfindən tənzimlənir.Nizamnamə və fəaliyyət istiqamətlərinə əsasən, aşağıdakı dövlət qurumları və ya onların tabeliyində olan mərkəzlər startaplara dəstək göstərir:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi;

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində fəaliyyət göstərən Innoland İnkubasiya və Akselerasiya Mərkəzi;

Azərbaycan İnvestisiya Şirkəti;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu.

Həmçinin fəaliyyət istiqamətlərində birbaşa nəzərdə tutulmasa da, startaplara digər dövlət qurumları və fondları da dəstək göstərə bilər, yetər ki, startapınızın istiqaməti həmin qurumun marağında və səlahiyyət dairəsinə aid sahələrdə olsun.

Dünyada geniş tətbiq olunan bir dəstək tədbiri kimi startaplar üçün maliyyə dəstəyi göstərə biləcək investorların tapılmasına yardımı göstərmək olar. Azərbaycanda yuxarıda adını çəkdiyimiz qurumların bəziləri (Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Innoland İnkubasiya və Akselerasiya Mərkəzi) bu dəstəklərin göstərilməsini təklif edir. Ətraflı həmin qurumların internet saytlarından məlumat ala bilərsiniz ( http://smb.gov.az , www.innoland.az ).

Həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi daha bir maraqlı dəstək – daxili bazar araşdırmalarında və bu cür araşdırmaların xərclərini ödəməkdə yardım təklif edir. Siz həmin agentliyə müraciət edə və bu dəstək barədə ətraflı məlumat ala bilərsiniz.

Bundan əlavə, startaplar üçün geniş yayılmış dəstək xidmətləri olaraq startaplara pulsuz məsləhətlərin verilməsi, ideya rəhbərlərinin təlimlərə cəlb olunmasını və s. göstərə bilərik. Azərbaycanda bu cür xidmətlər də yuxarıda adını çəkdiyimiz qurumlarda təklif olunur.

Dünya təcrübəsində istifadə olunan digər dəstək tədbirləri kimi dövlət satınalmalarında startap xidmət və məhsullarına müəyyən faizlə yer verilməsi, startapların dövlət tərəfindən təmin olunan “cloud”-dan (azərbaycanca “bulud” sistemi) istifadə imkanları, hüquqi dəstək və informasiya və təhlükəsizlik tədbirlərini və s. göstərmək olar.

Xatırladaq ki, hazırda dünyada startaplara ən yaxşı dəstək göstərən ilk beş ölkə Yaponiya, Almaniya, ABŞ, İsveç və Birləşmiş Krallıqdır.

Maraqlıdır, görəsən, bu gün yerli startapların beynəlxalq bazara çıxış imkanları necədir? Pandemiyanın bu sahəyə hansı təsirləri oldu?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən "Yeni Fikir” startap müsabiqəsinin təsisçisi İsa Qasımov yerli startaplarının beynəlxalq bazara çıxış imkanlarında məhdudiyyət olmadığını deyib. Onun fikrincə, startaplarımız beynəlxalq arenada kifayət qədər investisiya tələb etmək gücündədirlər: “Bu kütləvi xarakter daşımasa da, startaplarımızın beynəlxalq bazarda yaxşı kontentləri var. Onların istər yerli, istərsə də beynəlxalq bazarda uğur qazanması üçün təhsil sistemində müasir yanaşmaların tətbiqini kütləviləşdirmək lazımdır. STEM tədris metodologiyası buna misaldır. Hazırda bu istiqamətdə islahatlar aparılır. Bundan əlavə, universitetlərlə biznes-sənaye müəssisələrinin əməkdaşlığı, elmi-tədqiqat infrasturukturu gücləndirilməlidir. Bu zaman elmi tədqiqat işçilərinin motivasiyası da önəmlidir. Bu, maliyyə resursları ilə bağlı məsələdir. Çünki elmi tədqiqatların aparılmasına resursların cəlbi məsələsi aktualdır. Resursların cəlbi bacarıqlı şəxslərin təhsil sektorunda qalmalarına xidmət edir. Bu isə dəyər formalaşmasına gətirib çıxarır. Dəyər digər məsələlərin öz-özlüyündə inkişafına səbəb olur. Yaxşı dəyər formalaşdıran, biznes bazarına uyğun tədqiqat və araşdırmalar həm yerli, həm də xarici bazarda investisiya cəlb edə bilər”.

Mütəxəssis vurğulayıb ki, startap ekosistemində 100 startapdan 4-ü uğurludursa, bu, müvəffəqiyyət sayıla bilər: “Ümumiyyətlə, beynəlxalq bazarla Azərbaycan arasında xüsusi razılaşma, müqavilə aparmaq mümkün deyil. Həm yerli, həm də beynəlxalq bazarda startapa çox pul qoyduqda daha çox qazanır. Burada ölkələrarası razılaşmalar müəyyən qədər tənzimləyici rol oynasa da, investor üçün əsas olan startapdan qazanmaqdır. Startap ekosisteminin inkişafı birbaşa təhsil və elmi tədqiqat sisteminin biznes-sənayenin ehtiyaclarına uyğun qurulması ilə bağlıdır. Onu da qeyd edim ki, yerli startaplardan beynəlxalq bazara çıxanların sayı artıb”.

Ekspert öz açıqlamasında pandemiyanın bazara təsirlərinə də toxunaraq qeyd edib ki, pandemiya dövrü onlayn resurslara əsaslanan startaplar üçün avantajlı olsa da, ümumilikdə, startap bazarı zərər görüb: "Qlobal bazara çıxa bilmək üçün bir çox uğurlu layihələrdə ilkin çalışmalarda onlayn resursların istifadəsi var idi. Pandemiya dövründə təhsil sektorunda məcburi olaraq müəllim və tələbələr onlayn resurslardan istifadəyə getdilər. Bu da onlayn resursların daha çox insan tərəfindən istifadə edilməsi demək oldu. Bu mənada, pandemiya şəraiti startap ekosisteminə avantajlar gətirdi. Onlayn fəaliyyətin genişlənməsi amilinin üstünlüyü işin təməl hissəsi üçün keçərlidir. Ancaq startapların inkişafından danışanda, investor amilini də nəzərə almalıyıq. İnvestorların pandemiya şəraitində böhran vəziyyəti yaşaması, investisiyaların məhdudlaşmasına gətirib çıxardı. Təbii ki bu, investisiya mühitinə mənfi təsir etdi. Maliyyə problemi olduğu üçün startap seqmentində əvvəlki dinamikanı indi görmürük. Bundan əlavə, startaplarla investorlar arasındakı fərdi görüşlər, fərdi formatda olan bütün proseslər zərbə altında qaldı. Bu cəhətdən deyə bilərik ki, startap ekosistemi pandemiya dövründən zərərlə çıxdı. Amma işin əvvəlinə dönəndə, onlayn resursların kütləviləşməsi baxımından startap ekosistemi üçün avantajdır”.

İ.Qasımovun sözlərinə görə, pandemiya dövründə fürsətləri görmək startap bazarı üçün vacibdir: "Əvvəlki dövrlərdə də bir çox startaplar olub ki, böhran şəraitində yaranan fürsətləri görüb ortaya çıxıblar. Pandemiyanın gətirdiyi iqtisadi böhran şəraitinin startaplar üçün nə demək olduğunu, hansı istiqamətə müsbət, hansına mənfi təsir göstərdiyini gələcək dövrdə daha yaxşı görəcəyik. Ancaq indi görünən odur ki, onlayn resurslarla əlaqəli istiqamətlər pandemiya dövründəki fürsətləri görəcəklər və bu fürsətlərdən faydalanacaqlar”.

Oxunma sayı 645