Yerli tinglərimiz rəqabətə davamlı deyil - Mürvət Həsənov

14:35 28.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün ölkəmiz ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı və inkişafını qeyri-neft sektorunun inkişafı baxımından strateji hədəf kimi götürüb. Bu istiqamətdə təhlillər aparan iqtisadçı mütəxəssislər dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə kənd təsərrüfanın ən məhsuldar və tələbat sahələrindən biri kimi, meyvə və tərəvəzçiliyə diqqət yetirilməsinin üstünlüklərini önə çəkir.

Araşdırmalar onu göstərir ki, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda meyvə-tərəvəzçiliyə yetərli qədər diqqət ayrılmadığı üçün bu sahədə boşluqlar var. Azərbaycanda bu sahədə də xeyli işlərin görüldüyünü istisna etməyən bir çox iqtisadçı ekspertlər məhz kənd təsərrüfatında meyvə və tərəvəzçiliyin inkişafına da strateji sahə olaraq xüsusi diqqətin ayrılmasını məqsədəuyğun hesab edir.

Son vaxtlar əhali tez bar verən ağac tinglərini də geni dəyişdirilmiş elementlər sırasına daxil edir. Əhali fəslə uyğun yetişməyən meyvəni qeyri-normal hesab edir.  İstixanalarda yetişdirilən meyvə tingləri ilə bağlı şübhəlidir, narahatdır.

Bu istiqamətdə yaranan bir çox suallar ətrafında hafta.az-a müsahibə verən iqtisadçı, istixanalar üzrə meyvə-tərəvəz istehsalı üzrə ixtisaslaşan mütəxəssis Mürvət Həsənov maraqlı nüanslara diqqət çəkib.

- Mürvət bəy, Azərbaycanda meyvə bağlarının salınması, inkişafı, məhsulların istehsalı, keyfiyyəti, satışı və buna istehlakçı marağının səviyyəsi barədə nələri söyləmək olar?

- Ölkə başçısının qəbul etdiyi strateji yol xəritəsinə uyğun olaraq aqrar sektorun inkişaf etdirilməsində meyvə bağlarının salınması strateji hədəf kimi götürülüb. 2016-cı ildə qəbul edilmiş yol xəritəsinə əsasən 2025-ci ilə qədər biz bu hədəfə çatmalıyıq. Mənə elə gəlir ki, ölkəmiz meyvəçilikdə, tərəvəzçilikdə başqa respublikalara, özəlliklə də MDB ölklələrinə nisbətən öndə gedir. Eləcə də Özbəkistan və Gürcüstan da meyvəçilikdə irəliləyir. Bir iqtisadçı kimi deyə bilərəm ki, meyvəçiliyin inkişafı ölkəyə böyük valyuta axınının təşkili deməkdir. Azərbaycan bu istiqamətdə xüsusilə irəliləyir. Məlumdur ki, bir müddət Rusiya bazarında alma, pomidor satışına qadağa qoyuldu. Müəyyən qadağadan sonra hazırda pomidorun, almanın satışına icazə verildi. Ona görə də ötən ilə nisbətən bu il alma və pomidorun ixracı 30 faiz azalıb. Biz keçən il Rusiyaya 272 min ton pomidor ixrac eləmişdik, bu da hardasa Rusiya bazarının ixrac potensialının 52 faizini təşkil edir. Müqayisə üçün qeyd edim ki, bu bazarda Özbəkistan 32 faiz, Türkiyə 9 faiz yer tuturdu. Bu il Azərbaycanda ixrac edilən bu məhsullar müəyyən qadağalara görə bir qədər azaldı. Lakin keçən il hətta bu il üçün biz meyvə ixracında Rusiya bazarında öz liderliyimizi qoruyuruq. Bizim meyvələrin orqanikliyi Rusiya bazarında həm də ona gətirib çıxardır ki, baha qiymətə satılır. Əsasən gilas, şaftalı, üzüm və başqa meyvələrin ixracı ilə məşğuluq. Üzü payıza doğru almanın, narın ixracı daha çox olacaq və düşünürəm ki,  öz liderliyimizi Rusiya bazarında qoruyacağıq. Hazırkı dövrdə Rusiyaya pomidor ixracımız var. Artıq avqustdan sonra havalar soyuyacaq və bizim pomidor ixracımız güclənəcək.

- Kənd təsərrüfatında meyvəçiliyin inkişafı deyəndə meyvə-tərəvəzlər ərzaq çatışmazlığını nə dərəcədə ödəyə bilir?

- İstənilən halda meyvə-tərəvəzçilik immunitet qaldıran orqanik məhsul kimi götürülür və insanların sağlamlığını qoruyur. Biz sovet dövründə də dənli bitkilərə o qədər önəm verməmişik. Respublikada 30-35 faiz dənli bitkilərin istehsalı olanda 65 faizə qədər meyvəçiliyə önəm vermişik. Ona görə ki, bizim torpaqlar daha münbitdir, meyvəçiliyə daha adekvatdır, bol məhsul verir. Bir iqtisadçı kimi deyə bilərəm ki, biz daha çox meyvə-tərəvəz istehsalına fikir verməliyik ki, onun ixracından ölkəyə daha böyük gəlir, valyuta gətirə bilək. Sovet dövründə biz 30-35 faiz dənli bitkilər istehsal edirdiksə, indi 60-65 faizə qalxıb. Ətçilik sovet dövründə 30 faiz idisə, müstəqillik dövründə 83-87 faizə, südçülük 90 faizə qalxıb. Bu iqtisadi inkişaf, əhalinin ərzaq tələbatının ödənilməsi baxımından müsbət haldır. Meyvə-tərəvəzdə olan rentabellik daha çoxdur. Rentabellik daha çox olduğuna görə, ölkəyə daha çox valyuta gətirə bilərik. Hazırda bu istiqamətdə uğurlarımız var.

- Sizin istixanalarda meyvə ağaclarının yetişdirilməsi üzrə müəyyən təcrübəniz və uğurlarınız var. Eləcə də istixanalarda xaricdən Azərbaycana gətirilən tez bar verən ağac tingləri də yetişdirilir. İstərdim bu barədə fikirlərinizi bildirəsiz?

- Azərbaycanda istixanalarda ilk faraş meyvə bağlarını bizim şirkət salıb. Qeyd edim ki, ümumiyyətlə hardasa mart-may aylarına yaxın respublikamıza 5000 tona yaxın xaricdən meyvə gətirilir. Ölkədə fəaliyyət göstərən bir neçə şirkət istixanalarda faraş meyvə bağları salandan sonra özümüz 1000 tona yaxın Rusiyaya və başqa ölkələrə meyvə ixrac edirik. Bununla da həm ölkədən valyuta çıxışının qarşısını almışıq, həm də ölkəyə az miqdarda da olsa, valyuta gətiririk. Bu, həm də may ayında İrandan, Türkiyədən və başqa ölkələrdən gələn meyvələrin qarşısını alacaq. Bu mənada qeyd etdiyim kimi, aqrar sektorun meyvə-tərəvəz sahəsinə daha çox diqqət yetirməliyik. Eləcə də intensiv bağçılığı inkişaf etdirməliyik.

Bilirsiniz ki, ölkə başçısının tapşırığı, kənd təsərrüfatı nazirinin diqqəti ilə bu il limon, portağal, nar bağlarında 4 və 11 min manat civarında hektara görə subsidiya verir. Bu subsidiya həmin sahənin təşviqinə kömək üçün nəzərdə tutulur. Yəni 11 min manat bir hektara subsidiya o deməkdir ki, limon, portağal, zeytun, badam, nar bağlarının salınmasında daha böyük inkişaf olacaq. Ümumiyyətlə, aqrar sektorda belə bir müqayisə aparanda düşünürəm ki, bu subsidiyalar da azdır. Təsəvvür edin, istehsal olunan kənd təsərrüfatı məhsulunun 3,7 faizə qədəri subsidiyaya verilir. Yəni bu gün biz 6 milyardlıq kənd təsərrüfatı məhsulları istehsal ediriksə, onun 3,7 faizə qədəri subsidiyalı idi. İsraildə və ya başqa inkişaf etmiş ölkələrdə 70 faizə qədər subsidiya verirlər. Təbiidir ki, onlarda 6 milyardlıq məhsul istehsal olunmur. Bu dövlətlər keçən il 102 milyard avroluq məhsul ixrac etmişdi. Bu gün İsrail aqrar sektorda 4-cüdür. Onun aqrar sektorda 100 milyard avroya yaxın ixracı var idi ki, onun 70 faizə qədəri subsidiyalar hesabına olur.

- Bəs Azərbaycanda kənd təsərrüfatı məhsullarına subsidiyaların ayrılması niyə azlıq təşkil edir?

- Biz gənc respublikayıq. Qəbul olunan strateji yol xəritəsinin 2025-ci ilə qədər olan proqramına əsasən düşünürəm ki, artım silsilə olaraq davam edəcək.

- Xaricdən gətirilən tez bar verən tinglər yerli ağac tinglərinin becərilməsinə, satılmasına nə cür təsir göstərir?

- Azərbaycanda son dövrlər İspaniyadan, İtaliyadan seleksiyası daha çox, soyuğa davamlı, daha çox soyuğu qəbul edən meyvə ağacları gətirilir. Yəni ağacbaşı 30-40 kilo, 60 kilo, bəzən 10 kiloya kimi meyvə verən tinglərin hamısını gətiririk, becəririk. Biz o tingləri gətirib meyvəçilikdə onlardan istifadə edirik.

Ümumilikdə isə tingçilik çox maraqlı bir sahədir. Bu, əsasən Avropa ölkələrində və Amerikada daha çox inkişaf edib və onlar daha çox genetik selleksiyaya diqqət yetirirlər. Əsasən də tinglərin soyuğa davamlılığına, çox bar verməsinə, ikinci ilində məhsul verməsinə diqqət yetirilir. Bu istiqamətdə ən yaxşı nəticə verən meyvə ağaclarının tinglərini Azərbaycana gətiririk ki, daha çox inkişaf edək.

- Bizim yerli tinglər rəqabətə nə dərəcədə dözümlüdür?

- Yerli tinglərimiz rəqabətə davamlı deyil. İstənilən tingin sortunu alanda düşünürük ki, bu nə zaman bar verəcək?! Əgər yerli əriklər iyul ayının sonlarında çıxırsa, istixanalarda aprelin sonunda, mayın əvvəlində çıxır. Həmin ağacları sahələrdə əksək, o da mayın 20-25-i arasında çıxır. Yəni istixanalarda yetişdirilən meyvələr daha tez bazara çıxır. Daha rentabelli olur. İlk olaraq bu cəhətə, daha sonra məhsuldarlığa, zərərvericilərə, viruslara, xəstəliklərə qarşı dözümlülüyünə fikir verilir.

- Bəzən belə fikirlər səslənir ki, iki ilə bar verən ağac necə ola bilər?

- İstər istixanalarda, istər sahələrdə yetişdirilən meyvələrin keyfiyyət fərqi yoxdur. İkisi də eyni torpaqda, eyni suda böyüyür. Ona başqa qidalandırıcı maddə verilmir. Bu daha keyfiyyətlidir, daha təmizdir, daha dözümlüdür. Bu, elmin inkişafıdır. Burda başqa bir səbəb yoxdur. Daha tez bar verən ağaclarla, məhsuldarlığı olan ağacların kökünün calağından söz gedir.

- Mürvət bəy,  dünyada qida təhlükəsizliyi ilə bağlı vahimə doğuran məqamlardan biri də genetik modifikasiya olunmuş (GMO) məhsulların istehsalı, satışı və istehlakıdır. Bir çox hallarda belə qidalar əhalidə narahatlıq yaradır. Bəs, görəsən tez bar verən ağacların GMO ilə əlaqəsi varmı?

- Heç bir ağacın genini dəyişmək mümkün deyil. Bu meyvələrin GMO məhsullarla əlaqəsi yoxdur. Bu, soya deyil, qarğıdalı, yaxud başqa meyvələr deyil. Bu, ağacdır. Tutaq ki, alma ağacını götürüb daha bol məhsulu olan ağacla, virusa davamlı kökün üzərində calayırlar. Onun geni dəyişmir, alma almadır. Almanı yığandan sonra onu saxlamaq üçün üzərinə hansı maddələr vururlar, o ayrı şeydir. Düşünürəm ki, seleksiya olunmuş məhsullarla genetik modifikasiya olunmuş məhsulları bir-biri ilə qarışdırmaq lazım deyil.

Bu gün dünyada 28 ölkənin ümumilikdə 170 milyon hektar ərazisində GMO məhsullar becərilir. GMO məhsullarının becərildiyi əkin sahələrinin ölçüsünə görə isə bu gün ABŞ dünyaya liderlik edir. Məlumata görə, ABŞ-ın 70.9 milyon hektar sahəlik ərazisi GMO məhsullarının becərilməsinə ayrılıb.

Hazırda geni dəyişdirilmiş bitkilər və digər məhsullar istehsal edən böyük dövlətlər - ABŞ, Çin, Yaponiya və digərləri arasında iqtisadi və biotəhlükəsizlik maraqlarının toqquşması zəminində münaqişələr yaranıb. ABŞ 2017-ci ildə Çinə 14 milyard dollarlıq soya məhsulu satıb. Məlumata görə, ABŞ transgen bitkilərin ixracından 73 milyard dollar gəlir əldə edir. Bu onu göstərir ki, GMO məhsulların istehsalı bəzi ölkələr üçün əsas gəlir mənbəyi olduğundan onların maraqlarına xidmət edir. Elə GMO növlərinə görə də ABŞ Yaponiya ilə birgə digər dünya ölkələrinə liderlik edir. Məlumata görə, Yaponiyada 334, ABŞ-da isə 203 GMO növü mövcuddur.

"Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanuna görə Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağan edilir.

 

Oxunma sayı 878