Yük maşınları Polşa-Ukrayna sərhədində 10 gündür gözləyir

10:15 05.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Noyabrın əvvəlindən Polşa-Ukrayna sərhədini bağlayan daşıyıcılar saatda cəmi bir neçə yük maşınının keçməsinə icazə verir, eyni zamanda humanitar yardım aparan avtomobillərin, avtobusların və nəqliyyat vasitələrinin keçidinə mane olmurlar.

Hafta.az-ın Polşanın PAP xəbər agentliyinə istinadən yazdığına görə, səlahiyyətlilər təxminən 520 yük maşınının Doroxusk sərhəd qapısında 16 kilometr məsafədə növbə gözlədiyini və tranzit müddətinin beş günə qədər uzandığını bildirib.

Əldə edilən məlumata görə, Ukraynaya daxil olmaq istəyən yük maşınları plşalı avtonəqliyyatçıların etirazları səbəbindən bəzi sərhəd qapılarında 10 günə qədər gözlədilir.

Ukrayna Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada, sərhəddəki maneələrin aradan qaldırılması üçün həyata keçirilən silsilə tədbirlərin ilk addımı olaraq Ukraynadan çıxan boş yük maşınlarına Ukriniv - Dolhobyşov sərhəd qapısının açıldığı bildirilib.

Noyabrın 6-da etiraz aksiyalarına başlayan polşalı yük maşınları humanitar yardım və hərbi ləvazimatlar daşıyanlardan başqa Ukrayna şirkətlərinə kommersiya icazəsi verilməsini tələb edirlər.

Polşa yük maşınları da Ukraynada müharibə başlayandan sonra yaradılmış şirkətlərin fəaliyyət lisenziyalarının dayandırılmasını istəyirlər.