“Zəfərimizin əsasında Ulu Öndərin əsasını qoyduğu siyasət dayanır”

15:22 09.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı həqiqətən də Azərbaycanı çox ağır problemlərdən kənarda saxladı və  gələcəkdə yarana biləcək problemlərin həlli üçün əhəmiyyətli baza yaratdı”.

Bunu Hafta.az-a siyasi təhlilçi Aydın Quliyev bildirib.

O, tarixi faktlara istinad edərək, ermənilərin sovet imperiyasının dağılması prosesində Azərbaycandan necə ərazi qoparmaq fürsətindən yararlanmalarına diqqət çəkib.

“İmperiyalar dağılanda ermənilər başqa xalqlardan, ilk növədədə Azərbaycan türklərindən özlərinə torpaq qoparmaq siyasətini daim həyata keçiriblər. Onlar bu dəfə də həmin taktika ilə işlədilər. Erməni faşistləri hələ 80-ci illərin sonları, 90-cı ilin əvvəllərində müxtəlif məkirli addımlarla Azərbaycandan çoxlu rayonlar, torpaqlar işğal edə bildilər. Təbii ki, bir tərəfdən sovet imperiyasının dağılması və ermənilərin əlverişli bir siyasi mühitə çıxması, o biri yandan da Azərbaycanda mövcud olan və hökm sürən xaos vəziyyəti davam etmiş olsaydı, ermənilərə yeni əlavə torpaq sahələrinin ələ keçirilməsinə şans və imkan yaratmış olacaqdı.  Belə bir şəraitdə - 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətin -Xalq Cəbhəsinin yeritdiyi xarici siyasət də Ermənistan üçün əlverişli şərait yaradırdı. Xalq Cəbhəsinin Rusiya ilə o qədər də yaxşı olmayan münasibətləri Rusiyanın Ermənistana öz siyasətində prioritet verməyə məcburiyyət yaradırdı. Rusiya açıq - aşkar Ermənistanı dəstəkləyirdi.  Belə bir şəraitdə Ermənistanın Rusiyanın dəstəyi ilə Azərbaycandan yeni torpaq sahələri ələ keçirtmək təhlükəsi yaranırdı”.

A.Quliyev hesab edir ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkənin daxilində nizam-intizam yaratması, xarici siyasətin sabitləşdirilməsi Azərbaycanı çox bəlalardan xilas elədi. Beləliklə də rus hərb-siyasi maşını  Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətində müəyyən qədər “stop” verməyə məcbur oldu.

A.Quliyev bildirib ki, 44 günlük müharibədə Azərbaycanın uğurlarının kökü 90-cı ilin əvvəllərində ulu öndərlə formalaşmağa başlayan siyasətlə qoyulub.

“Heydər Əliyev çox təcrübəli bir dövlət adamı idi. O çox yaxşı bilirdi ki, hər hansı bir xarici təcavüzün qarşısının alınması üçün birinci növbədə ölkə daxilində nizam-intizam yaradılmalı və hakimiyyətlə dövlətin, xalqın birliyi təmin olunmalıdır. Öna görə də ulu öndərin hakimiyyətə gələn kimi başlatdığı Ordu quruculuğu, iqtisadiyyatın sistemləşdirilməsi, ölkənin təbii ehtiyatlarının beynəlxalq müstəviyə çıxarılması üçün gərəkli işlərin görülməsi, beynəlxalq kontraktların imzalanması, xarici şirkətlərin Azərbaycana gətirilməsi və sair bütün bunlar ölkəni dayanıqlı vəziyyətə gətirməklə yanaşı, böyük problemlərin həlli üçün baza yarada bildi. 44 günlük müharibədə qalib gəlmiş ordu məhz nizam-intizam, hərbi -texniki təhcizat baxımından həmin maliyyə imkanlarının üzərində dayanırdı.  

Vətən Müharibəsində qələbəmizə gətirib çıxardan proseslərin bir çoxunuin əsası da məhz 90-cı illərin əvvəllərində qoyulmuşdu”.