Zəngəzur dəhlizinin açılması yalnız İranın ziyanınadır - Arif Hacılı

18:34 14.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Biz onu bilməliyik ki, İran heç vaxt Azərbaycanın inkişafını istəməz. İran faktiki Ermənistanla düşmən vəziyyətində olan, Azərbaycanın torpaqlarını işğal edən, Azərbaycanın 30 mindən çox insanını şəhid edən cinayətkar bir dövlətlə qardaşlıq münasibətindədir. Özü isə Azərbaycanı İsrailə münasibətlərinə görə ittiham edir”.

Bunu hafta.az-a Müsavat Partiyasının sədri Arif Hacılı İranın Azərbaycanla bağlı mövqeyi müstəvisində verdiyi açıqlamasında bildirib.

Partiya sədri bildirib ki, biz bu məsələlərlə bağlı mövqeyimizi ortaya qoymaqdan çəkinməməliyik. Onun sözlərinə görə, bu gün Zəngəzur dəhlizinin açılmasında Türkiyə, Azərbaycan, Rusiya, Orta Asiya dövlətləri də maraqlıdır. Yalnız İranla Ermənistan bu dəhlizin açılmasını istəmir. Amma Ermənistan populizmdən əl çəkib dərin düşünsə, Zəngəzur dəhlizinin açılmasının Ermənistanın da maraqlarına uyğun olduğunu görə bilər.

“Zəngəzur dəhlizinin açılması yalnız İranın ziyanınadır. Çünki dəhliz açılandan sonra Azərbaycan və Türkiyə üzərindən olan əlaqələr artıq İran üzərindən aparılmayacaq. İranın narahatlığı, gərginliyi, Azərbaycana qarşı bu təhdidləri bir tərəfdən də bununla bağlıdır. Lakin İranın geopolitik vəziyyəti o səviyyədə deyil ki, Azərbaycanla güc dilində danışsın. Əvvəla ona görə ki, İranın ərazisində 30 milyondan çox soydaşımız var və onlar Azərbaycanla, dosluq, qardaşlıq münasibətlərinin tərəfdarlarıdır. İran öz ordusu ilə öyünürsə, bilməlidir ki, İranın ordusunun təxminın yarısı Azərbaycan türklərindən ibarətdir.  Bu ordunu Azərbaycan, Türkiyə üzərinə göndərmək mümkün deyil.  Yəni İranın “qışqıran” bəyanatları bu həqiqətləri bildiyinə görədir”.

Müsavat başqanı hesab edir ki, bu gün İranın Azərbaycanda dini təsirləri kifayət qədərdir. Onun sözlərinə görə, bir çox məscidlərdə açıq-aydın İran təbliğatı aparılır.

“Azərbaycandakı bir çox dindarlar İran təəsübkeşi kimi çıxış edirlər. Elə sosial şəbəkələrə baxmaq kifayətdir ki, o dindarların kimlərdən ibarət olduğunu görəsən. İran təbliğatı yas mərasimlərində də aparılır. Bir çox hallarda anti-türk təbliğatı aparılır”.

A.Hacılı keçmiş spiker Rəsul Quliyevin İranla bağlı fikirlərinə diqqət çəkərək, bəzi hallarda belə məsuliyyətsiz çıxışların olduğunu deyib. Onun fikrincə, bəzən tarixi bilməyən adamlar, hansısa populist çıxışları ilə tərəfdar toplamaq üçün belə fikirlər də səsləndirib.

“Bu tamamilə absurd bir fikirdir, əslində İran özü qondarma bir dövlətdir. İranın böyük əraziləri qədim Azərbaycan torpaqlarıdır. Biz tariximizi bilməliyik, tarixi torpaqlarımızı tanımalı və bu barədə fikirlərimizi səsləndirməliyik. İran Azərbaycan dövlətini Bakı dövləti adlandırır, “Azərbaycan dövləti”, deməyə dilləri dönmür.  Onlar bizə türk, azərbaycanlı demirlər, bizi “azəri” kimi təqdim edirlər və bizi hansısa Azəri tayfalarının törəmələri kimi təqdim etməyə çalışırlar.  Halbu ki, yüz illər boyu bütün İran ərazisində olan hökmdarlar Azərbaycan türkləri olublar.  Bu dövlət əslində Azərbaycan türkləri tərəfindən qurulmuş bir dövlətdir. Amma belə həqiqətlərin fonunda bəzən daxildə də peşəkar olmayan fikirlərin səsləndirilməsi halları mövcuddur”.

A.Hacılı məsələyə bu kontekstdən yanaşaraq hesab edir ki, siyasətçilərin borcu odur ki, onlar tarixi deyil, siyasi gerçəkləri əsas götürərək fəaliyyət göstərsinlər.

“Guya ermənilər İrəvan xanlığının qədim Azərbaycan torpaqları olduğunu bilmirlərmi. Əgər bilmirlərsə, o zaman niyə orda olan türk-müsəlman karvansaralarını, məscidləri sökürlər. Biz bilirik ki, İrəvan Azərbaycanındır. Amma Yerevana ərazi iddiası irəli sürmürük. Biz hesab edirik ki, Azərbaycanın İrəvanda doğulmuş, böyümüş şəxslərinin orda yaşamasına şərait yaradılmalıdır. Zəngəzurda yaşamış soydaşlarımızın o ərazilərə qayıtmasına şərait yaradılmalıdır. Biz indi İrəvanı işğal etməyə iddia etmirik. Yaxud biz İrana iddia etmirik ki. Deməli, İranın siyasətçiləri də Azərbaycana iddia etməli deyil”.

Siyasət rubrikasından digər xəbərlər