Uşaq aktrisası, qəhrəman, yaramaz və komediya oyunçusu Manorama həyatının təxminən 60 ilini hind kinosuna həsr edib. Bir çox izləyicilər aktrisanı “Zita və Gita” filmində Zitaya işgəncə verən Kauşalya kimi xatırlayırlar.
Hafta.az-ın yazdığına görə, Manorama 1926-cı il avqustun 16-da indiki Pakistanın Lahor şəhərində doğulub. Anası irland, atası isə xristian-hindli olub. Manoramanın əsl adı Erin İssak Danielsdir və doğulanda vəftiz olunub. Valideynləri musiqiçi olduqları üçün Erin klassik rəqs və musiqi öyrənərək böyüyüb.
O, lap gənc yaşlarından səhnəyə çıxmağa başlayıb və bir gün məşhur rejissor R.K.Şorinin diqqətini çəkib. Qızın rəqslərini görən rejissor gələcək aktrisanı filmlərə çəkmək üçün atasından icazə alıb və ona Manorama adını verib. Həmin vaxt onun 10 yaşı var idi. O, ilk dəfə 1941-ci ildə “Xazançi” filmində çəkilib (Əslində 1940-cl ildə Pəncabda "Ik Musafir" filmində oynayıb – V.T.). Bu illər ərzində Manorama Pəncabda ən çox axtarılan aktrisalardan birinə çevrilib. Bundan sonra o, o dövrün məşhur aktyorları - Məcnu, Nissar və Vasti ilə birlikdə "Çampa", "Badnami", "Çunariya" filmlərində rol almağı bacarıb.
Hindistanın bölünməsindən sonra aktrisa Mumbaya köçməli olub. Yeni məkanda həyat mübarizəsindən əziyyət çəkən aktrisa ümidini itirərkən aktyor Çandramohan ona kömək əlini uzadıb. O, Manoramanı nəinki Mumbayda qalmağa inandırdı, həm də onu müxtəlif prodüserlər və rejissorlarla tanış etdi.
Bir müddət sonra aktrisa bir-birinin ardınca təkliflər almağa başlasa da, bütün rollar ikinci dərəcəli olub. Manorama çox gənc ikən aktyor əl-Nasirlə evlinib, lakin 20 yaşında boşanıblar. Daha sonra həyat yolunu aktyor Racan Xaksarla bağlayıb. Onların Rita Xaksar adlı bir qızı var. Rita 1973-cü ildə “Suraj Va Çandada” da rol aldı, lakin evləndikdən sonra kino dünyasını tərk etdi.
Manorama mənfi rollar üçün ardıcıl təkliflər almağa başladı. Aktrisa müsahibələrinin birində “Gözlərim amansızcasına bağlandı, hətta səsim də boğuq idi” deyib.
Komik personaj rolunda "Milyon rupi", "İki çiçək", "Çiçək və iki bağban", "Bombeydən Qoaya" və "Zita və Gita" filmlərində çəkilib.
Ötən əsrin 70-ci illərində ona demək olar ki, heç vaxt rol təklif olunmayıb. 80-ci illər də aktrisa üçün çox çətin olub. O, uzun müddət tək yaşamaq məcburiyyətində qalıb, ancaq “Görüş” filmində kiçik rolda çəkilib, sonra yenidən yoxa çıxıb.
80-ci illərin sonu və 90-cı illərin əvvəllərində aktrisa hindseriallarında işləməyə başlayıb. Dehliyə köçdükdən sonra Şahrux Xanın baş rolda çəkildiyi "Dustaq" serialında rol alıb.
2000-ci illərin əvvəllərində aktrisa BalajiTelefilms tərəfindən istehsal olunan “Kashti” və “Kundali” filmlərində görünüb. 2005-ci ildə Manorama “Suv” filmində rol alıb və tənqidçilər onun performansından heyran qalıblar.
Aktrisanın sözlərinə görə, bu, onun ilk və son seçimi olub. Çəkilişlərdə problem yarandığından film 5 il sonra davam etdirilsə də, aktyor heyəti dəyişdirilib. Bu Manoramanın son rolu idi. Karyerası ərzində 150 filmə çəkilən aktrisa 2008-ci il fevralın 15-də dünyasını dəyişib. Təəssüf ki, kino sənayesinin nümayəndələrindən heç biri Manoramanı dəfnində iştirak etməyib.