Zorakılığa məruz qalan qadınlar

11:47 09.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünyanın istənilən yerində qadınlara qarşı zorakılıq hallarına rast gəlinir. Sadəcə olaraq, bu hal bəzi ölkələrdə ümumi cinayətlərin çox cüzi faizini, bəzi ölkələrdə isə əsas hissəsini təşkil edir. Aparılan müşahidələrə görə, son illər dünyada qadınlara qarşı zorakılıq halları, ailə münaqişələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Bunun əsas səbəbi kimi isə pandemiya göstərilir. Belə ki, qlobal hesablamalara əsasən, dünyada ən az 3 qadından biri fiziki, cinsi, psixoloji zorakılığa məruz qalır. Bu barədə danışan BMT-nin Azərbaycandakı nümayəndəliyində Rezident nümayəndənin səlahiyyətlərini icra edən Çaru Bistin sözlərinə görə,qadınlara qarşı zorakılıq növləri pandemiyadan sonra artıb: "Xüsusilə də məişət zorakılığı artıb. Avropa və Asiyada zorakılıq hallarının artdığı daha çox müşahidə olunur. Buna kölgə pandemiyası adı verilib. COVID-19-la bağlı böhranın aradan qaldırılması üçün cəhdləri birləşdirməlidir. Dünyada bütün qadın sığınacaqlarının tutumlardan istifadə edilib. BMT tərəfdaşları ilə birlikdə kölgə pandemiyasının aradan qaldırılması istiqamətində əlindən gələni edib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, qadınlara qarşı zorakılıq cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. O deyib ki, son illərdə həyata keçirilən mühüm tədbirlərə baxmayaraq, ölkədə qadınlara qarşı zorakılıq halları davam edir: “Bununla bağlı bir sıra normativ hüquqi sənədlər qəbul olunub və mühüm irəliləyişlər əldə edilib. Ən vacib məsələlərdən biri qadınların iqtisadi inkişafına təkan vermək, əmək bazarında kişilərlə bərabər iştirakı ilə nəticələnir”.

Onun sözlərinə görə, hazırda daha çox Mərkəzi Aran rayonlarda qadınlar zorakılığa məruz qalırlar: “Bununla bağlı təhlil aparılıb. Qadınlara qarşı zorakılıq daha çox yaxınları tərəfindən olur. Qadınlara qarşı zorakılıq hallarında son illərdə artım yoxdur. Sadəcə, bu hallara reaksiyalarda artım var".

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun əməkdaşı  professor Əhməd Qəşəmoğlu hesab edir ki, qadınlara qarşı zorakılıq, ailə münaqişələrinə səbəb kimi pandemiya, iqtisadi-sosial problemlər göstərilsə də, məsələnin kökü tamamilə başqadır:

“Müşahidəm əsasında deyə bilərəm ki, bu cəmiyyət gün-gündən daha da mürəkkəbləşir. Bu da təbiidir, çünki sürətlə qloballaşma prosesi baş verir. Bəziləri deyir ki, pandemiya nəticəsində qloballaşma dayanıb və yaxud zəifləyib. Lakin bu qeyri-ciddi söhbətdir. Pandemiya nəticəsində yalnız qloballaşmanın xarakterində dəyişikliklər olub, amma qloballaşma yenə də sürətlə davam edir. Beləliklə, cəmiyyət günü-gündən sürətlə mürəkkəbləşməyə doğru getdikcə həm də daha da həssaslaşır, bu zaman insanların psixologiyası da dəyişir. Bəli, bu məsələdə pandemiyanın, iqtisadi vəziyyətin öz rolu var. Əgər insanların bir-biri ilə ünsiyyəti dayanırsa, bu ciddi bir məsələdir”.

Ekspert onu da əlavə edib ki, bu gün qadınlara azadlıq, demokratiya haqqında dəqiq olmayan çoxlu məlumatlar verilir, bu mövzuda maarifləndirmə düzgün istiqamətdə aparılmır: “Bəzən qadınlar bir çox hallarda ürəkləri nə istəsə etməyi  azadlıq kimi qəbul edirlər. Digər tərəfdən də, köhnə adət-ənənələrə meyilli olan kişilər qadınların birdən-birə bu qədər sərbəstləşməsinə təəccüb edirlər və buna anormal hal kimi  baxırlar. Yəni nə kişilərimizin müasir dövrün tələbləri ilə bağlı məlumatları, nə də qadınlarımızın azadlıq və demokratiya haqqında təsəvvürləri düzgün və arzuolunan səviyyədə deyil. Ona görə də bu cür gərginliklər yaşanır. Bu problemin həlli üçün bir çox işlər görməliyik. Yaxşı olardı ki, sahə müvəkilləri olduğu kimi bütün məhəllələrdə  sosial iş xidməti də təşkil edilsin. Beləliklə də sosial iş xidməti aid olduğu məhəllə üzrə ailələrdə nə baş verdiyini biləcək, zərurət olduqda bununla bağlı lazımi orqanlarla əlaqə saxlayacaq”.  

Ə.Qəşəmoğlu vurğulayıb ki, hazırda sosial şəbəkələr, televiziyalar  da cəmiyyəti mövzu ilə bağlı yetərli səviyyədə maarifləndirmir: “İnsanın davranışına təsir edən 4 mühüm amil var. Birincisi insanın öz daxili aləmi, ikinci mühit, üçüncü aldığı informasiyalar və dördüncü isə üstünlük verdiyi dəyərlərdir. Əvvəl ailəni möhkəm saxlayan amil mənəvi dəyərlərə üstünlük verilməsi idi. İndi mənəvi dəyərlərə cəmiyyətdə lazımi qədər üstünlük verilmir. Nəticədə belə vəziyyət yaranır. Vəziyyətdən çıxış yolu var və bu, heç də çətin deyil. Bu məsələ ilə bağlı elmi əsaslarla ciddi bir fəaliyyət proqramı hazırlanmalı, bu proqramı da konkret mexanizmlərlə həyata keçirilməlidir. Məsələn, tarix boyu stereotiplər və normalar var idi. Evlənənlər ailədə kişinin və qadının borcunun nə olduğunu bilirdilər və bunu bir norma kimi qəbul edirdilər. Ailə qurandan sonra da yüz illər boyu formalaşmış normanı yerinə yetirirlər. İctimai qınaq və rəy də buna nəzarət edirdi. Yəni, kişi normal hərəkət etməyəndə el qınağına məruz qalırdı. İnsanların beynində hazır bir model var idi. Əvvəllər ailələrdə indikindən fərqli olaraq isti münasibət var idi. Düzdür, o dövrdə də xoşagəlməz hallar olub, amma bu qədər olmayıb. Cəmiyyət mürəkəb olanda isə ailə normaları pozulur. İndiki evlənən cütlüklərlə əvvəlkilərin ailə haqqında təsəvvürləri eyni deyil”.

Məsələyə münasibət bildirən “Təmiz Dünya ” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, zorakılıq bütün zamanlarda olub və hazırda da hər yerdə var:

“Bu problem şərqdə də, qərbdə də mövcuddur. Ancaq zorakılığın formaları, məzmunu var. Bəzən məzmun dəyişir, forma dəyişmir. Motiv eyni olsa da, zorakılıq formaları daha qəddar olur. Bu kişinin qadın üzərində hökmranlığı və ya  qadın üzərində öz səlahiyyətlərindən istifadə etməsi, yaxud qadının kişidən kifayət qədər güclü olmasının qarşısını almaq, onu susdurmaq, öz varlığını göstərə bilmək şəklində ola bilər. Zorakılığın əsas mahiyyəti ondan ibarətdir ki, tərəflər arasındakı münasibətdə qarşılıqlı hörmət hissi azdır. Əgər hansı ailədə bir-birinə hörmət varsa, kişi qadının nüfuzunu gözləyirsə, o zaman çox da problem yaşanmır”.

Ekspert bununla yanaşı qeyd edib ki, ümumiyyətlə, ailə münaqişələrinin yaranmasına hər zaman kişilər səbəb olmur: “Bəzən qadın tərəfindən kifayət qədər diqqətin göstərilməməsi, ailədəki psixoloji məqamlar, qadının müəyyən ifadələr, xüsusən də söyüş işlətməklə kişini zorakılıq törətməyə təhrik etməsi də zorakılıq hallarının baş verməsinə səbəb olur. Doğrudur, heç kim heç kimə qarşı zorakılıq törətməməlidir. Amma bəzən qadınların özləri zorakılığın baş verməsi üçün münbit şərait yaradırlar. Burada psixoloji faktorlar, kənar müdaxilələrin edilməsi də ailələrdə münaqişələrin yaranmasına səbəb olur. Ailə münaqişələrinin əksəriyyətində kənar müdaxilə amili mühüm rol oynayır".

Məsələnin psixoloji tərəflərinə toxunan psixoloq Vəfa Rəşidova isə bildirib ki, ailədaxili zorakılıq hallarında bəzən hər iki tərəf də günahkar olur:

"Deyirlər ki, son vaxtlar zorakılıq çoxalıb. Əslində isə zorakılıq həmişə olub. Əgər ailədə zorakılıq varsa, burada hər iki tərəfin də rolu var. Ancaq təbii ki, bu həmişə belə olmur. Ümumiyyətlə, zorakılıq arzuolunmaz bir haldır və xüsusilə də, ailədə zorakılığa yer yoxdur. Əgər bir ailədə zorakılıq varsa, deməli, bu ailə sağlam mövqedə deyil. Eyni zamanda ailə üzvlərindən birində və ya hər ikisində psixoloji problem var. Psixi sağlamlığı yerində olmayan şəxsin zorakılığa meyilli olması isə təbiidir. Digər tərəfdən, bu kimi hallar ailədəki uşaqlara da ciddi təsir göstərir. Ailədə zorakılıq görən qadının böyütdüyü uşaq cəmiyyətə faydalı olmur. Təbii ki, burada da istisnalar yox deyil. Bəzi qadınlar zorakılığa məruz qalsalar da, xaraktercə möhkəm olur və buna görə də, ailədə vəziyyətə nəzarət etməyi, uşaqlarına dəstək olmağı bacarırlar. Yəni, onlar uşaqlarını ataya qarşı mənfi fikirlərlə doldurmur, əksinə bütün gücləri ilə ailələrini xilas etməyə çalışırlar. Bax, belə ailələrin uşaqları cəmiyyətə faydalı olurlar. Digər bir ailə növündə isə ana zorakılığa məruz qaldıqda depressiyaya düşür və əgər belə demək mümkünsə, həyatdan əlini üzür. Belə ailədə böyüyən uşaq da cəmiyyətdə uğur qazanmaq istəmir, ya da uğur qazanmaq istəyir, ancaq bunu necə edəcəyini bilmir. Çünki valideyn ailədə vəziyyətə nəzarət etmir və ən əsası, uşağa dəstək olmur. Bu şəkildə isə ailədə ancaq aqressiv fərdlər formalaşır. Nəticədə, belə ailədə böyüyən uşaq ya ailədə gördüyü zorakılığı başqasına tətbiq edir, ya da cəmiyyətdə cinayət yolunu tutur".

Oxunma sayı 62