"Adada iki azad dövlət yan-yana yaşamalıdır" - Şimali Kipr rəsmisi

10:35 07.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Əvvəllər biz deyirdik ki, iki bərabərhüquqlu toplum olaraq federasiyada birləşək. Yunan Kipri buna razı olmadı".

Bu barədə Hafta.az-a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəsi Mustafa Kamal Bəyazbayram deyib. O, hətta 2004-ci ildə Annan Planının icra edildiyini, kıprıslı türklərin 65 faiz “hə” dediyini, yunanların isə 76 faizinin buna qarşı çıxdığını xatırladıb.

"Bu da onu göstərdi ki, yunanlar heç nəyi türklərlə bölüşmək istəmirlər. Belə bir deyim var: zorla evlilik olmaz. Kosovo da bir zamanlar müstəqil deyildi, amma gördülər ki, serblərlə birgə yaşaya bilmirlər, müstəqilliklərini elan etdilər və hazırda dünyanın böyük qismi tərəfindən tanınıb", - M.K.Bəyazbayram bildirib.

Yunanların öz mövqelərində israr etdiklərini deyən müsahib əlavə etdi ki, sonuncu Cenevrə görüşündə BMT-nin baş katibi dedi ki, ortaq razılığa gəlinmədi və onlar da geri qayıdıblar. "Bildirildi ki, danışıqlar yenidən olacaq, amma o gün-bu gün, heç nə yoxdur. Bizim mövqeyimiz aydındır: adada iki bərabərhüquqlu, azad dövlət tanınmalı və yay-yana yaşamalıdır", - o, əlavə edib.