"Azərbaycan bizim yalnız qardaşımız deyil, həm də müttəfiqimizdir" - Yavuz Səlim Kıran

10:15 07.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ilə Azərbaycan arasında "İki dövlət, bir millət" ruhuna söykənən qardaşlıq hərbi müstəvidə də güclənməkdədir. Şuşa Bəyannaməsinin imzalanmasıyla iki ölkənin əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib ki, elə bu çərçivədə də Türkiyə və Azərbaycan Milli Təhlükəsizlik Şuraları (MTŞ) birgə toplantı keçirəcək.  Davamlı olaraq keçiriləcək MTŞ toplantılarında ixtilaflar, bölgəsəl və qlobal təhlükəsizliyə dair məsələlərin danışılması və çözüm yolunun aranmasına səy göstərmək nəzərdə tutulub. 

Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran, Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasında və ardıyla da Məclisdə təsdiqlənən Şuşa Bəyannaməsinin detalları barədə məlumat verib. Bildirib ki, Qarabağın işğalının sona çatmasıyla yaranan bu reallıq bölgəyə yeni fürsətlər gətirəcək. "Can Azərbaycanla "Bir millət, iki dövlət" ruhunda yaranan müştərək mədəniyyət, dil və tariximizdən güc alan qardaşlığımız bir çox ölkəyə örnəkdir. Azərbaycan bizim yalnız qardaşımız deyil, eyni zamanda ən yaxın ortağımız, müttəfiqimizdir", - Yavuz Səlim Kıran deyib. 

Kıran bildirib ki, işğal altındakı Qarabağın geri alınmasında örnək həmrəylik sərgilənib və türk əsgəri hələ də Ağdamdakı ortaq hərbi mərkəzdə təhlükəsizliyin təsisi üçün vacib işlər görür. İki ölkə liderlərinin qarşılıqlı ziyarətləri və həyata keçirilməkdə olan layihələrdən söz açan nazir müavini əlavə edib ki, təsdiqlənən Şuşa Bəyannaməsi ilə geniş və çoxşaxəli əlaqələr daha güclü çərçivəyə oturdulub. O, Şusa Bəyannaməsinin 2010-cu ildə imzalanmış "Strateji Ortaqlıq və Qarşılıqlı Yardım Anlaşması"na istinad etdiyini, Azərbaycanla əməkdaşlığı gücləndirməyi, regional təhlükəsizlik, rifah və sabitliyə töhfə verməyi hədəflədiyini deyib.

Şuşa Bəyannaməsinin detallarından söz açan nazir müavini bildirib ki, müttəfiqlik əlaqələrinin qurulmasının siyasi və hüquqi mexanizmləri məhz Şuşa Bəyannaməsində müəyyən edilib. "Bu çərçivədə müstəqilliyimizə və suverenliyimizə, ölkələrimizin ərazi bütövlüyünə yönələn hər hansı təhlükə olarsa, BMT-nin nizamnaməsinə uyğun şəkildə qarşılıqlı dəstək vermə və silahlı qüvvələrimizin kordinasiyasını təşkil etmə öhdəliyini öz üzərimizə götürmüşük. İxtilaflar, regional və qlobal təhlükəsizliyə dair məsələlərin həllinə ortaq səy göstərmək üçün də birgə addım atacağıq. Bundan sonra sürəkli olaraq Milli Təhlükəsizlik Şuralarının ortaq toplantılarını keçirməyi planlaşdırırıq", - nazir müavini deyib. 

Onun sözlərinə görə, silahlı qüvvələrin yenidən qurulması və müasirləşdirilməsi üçün birgə çalışılacaq. Müdafiə sənayesi qurumları arasında əməkdaşlığın genişləndiirlməsini dəstəkləmək, texnologiya sahəsində birlikdə çalışmaq və ortaq layihələrin icrasını təşviq etmək üçün də işlər görüləcək. 

"Hərbi öhdəliklərdə ən vacib hüsuslardan biri də minaların təmizlənməsidir. İndiyədək göstərdiyimiz birlik sayəsində Qarabağda 132 kvadratkilometrlik ərazinin minadan təmizlənməsini başa çatdırdıq və işlər indi də davam etdirilir. Siber təhlükəsizlik sahəsində də ortaq elmi araşdırmalar aparmaq və mütəxəssislər hazırlamaq barədə öhdəliklərimiz var" deyən dövlət rəsmisi əlavə edib ki, bütün bu əməkdaşlıq sferasında iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrinin də xüsusi yeri var. Bu müstəvidə ixracatın şaxələndirilməsi, gələcəkdə ortaq istehsal sahələrinin yaradılması və daha əlverişli sərmayə mühütünün formalaşdırılması üçün addımlar atılacaq. 

Cənab Kıran deyib ki, ağıllı texnologiyadan istifadə edərək tranzit nəqliyyat potensialını ortaya çıxarmaqdadırlar. Məsələn, Zəngəzur dəhlizi açılandan sonra, davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisinə də başlanılacaq.

Türkiyə - Azərbaycan müttəfiqliyinin bir məsuliyyəti də terrorla, insan qaçaqmalçılığı, qanunsuz miqrasiya, cinayətkar qruplaşmalarla və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə aparmaqdır. 

"Türk dünyasının daha sıx birləşdirilməsi, türk mədəniyyətinin və mirasının qorunması, tanıdılması sahələrində işləri daha da sürətləndirəcəyik. Bakıda qurulması nəzərdə tutulan Türkiyə - Azərbaycan ortaq universiteti ilə bağlı anlaşma layihəsini Azərbaycan tərəfinə təqdim etmişik" deyən cənab Kıran son olaraq bildirib ki, Məclis komissiyasında, Türkiyə Milli Müdafiə Nazirliyi, Şuşa Beyannaməsinə dair Xarici İşlər Nazirliyinin mövqeyini dəstəkləyib. Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətləri şöbəsinin müdir əvəzi Filiz Toprak Aydın, Xarici İşlər Nazirliyinin mövqeyi ilə birmənalı şəkildə razı olduqlarını deyib.