"BƏƏ Sudanda üsyançı Hamdeti silahlandırır" - “Wall Street Journal”

11:30 11.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın aparıcı qəzetlərindən biri olan “Wall Street Journal” (WSJ) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Sudana sursat və silah tədarük etdiyini bildirib.

Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, xəbərdə, iyunun 2-də BƏƏ-dən qalxaraq Uqandanın Entebbe hava limanına enən yük təyyarəsində silah və sursat aşkar edildiyi deyilir.

WSJ iddia edib ki, tibbi ləvazimat və ərzaq yardımı daşıdığı deyilən təyyarə vasitəsilə əslində Sudandakı vətəndaş müharibəsində general Məhəmməd Hamdan Daqalonun rəhbərlik etdiyi Çevik Dəstək Qüvvələrinə (HDK) silah göndərilir.

Qəzetin əlaqə saxladığı və şəxsiyyətləri açıqlanmayan Uqanda rəsmiləri, bazalarından aldıqları sifarişlər əsasında BƏƏ-dən gələn təyyarələri artıq yoxlamadıqlarını bildiriblər.

"Bizə artıq bu təyyarələri yoxlamağa icazə verilmir. Onlar Müdafiə Nazirliyinin məsuliyyətinə çevrilib. Bizdən də şəkil çəkməməyi tələb ediblər", - Uqanda rəsmisi deyib.

Xəbərdə sözügedən təyyarənin Entebbe hava limanına endikdən sonra Çadın Ennedi Est bölgəsindəki Amdjarass Beynəlxalq Hava Limanına uçduğu bildirilib.

Uqanda Müdafiə Nazirliyinin adı açıqlanmayan sözçüsü, BƏƏ-dən gələn təyyarələrin qonşu Çad vasitəsilə Sudan üsyançılarına silah tədarük etməsindən xəbəri olmadığını deyib. Çadın İnformasiya Nazirliyi WSJ-nin şərh tələbini rədd edib.

Xəbərdə BƏƏ-nin HDK-ya gizli şəkildə silah və sursat verməsinin ölkənin ABŞ-la münasibətlərinə xələl gətirə biləcəyinə də diqqət çəkilib. BƏƏ, ABŞ və Səudiyyə Ərəbistanı Sudanda vətəndaş müharibəsinə son qoymaq üçün birlikdə çalışır.

Kimliyini açıqlamayan ABŞ Dövlət Departamentinin rəsmisi iddia edib ki, Vaşinqton administrasiyası BƏƏ-nin Sudan üsyançılarına silah və sursat tədarük etməsindən xəbərdardır və narahatlığını Əbu-Dabi rəhbərliyinə çatdırıb. O əlavə edib ki, bölgədəki münaqişələrə son qoymaq üçün BƏƏ və digər tərəfdaşlarla işləməyə davam edəcəklər.

BƏƏ və Sudanın dekabrda Qırmızı dənizdəki Əbu Amame limanının inkişafı üçün 6 milyard dollarlıq müqavilə imzaladığını xatırladan WSJ, Əbu-Dabi rəhbərliyinin oradakı sərmayələrini qorumaq üçün HDK-ni silahlandırmaq məqsədi daşıdığını vurğulayıb.

BƏƏ-dən kimliyini paylaşmayan bir səlahiyyətli, Sudandakı münaqişənin sülh yolu ilə sona çatması üçün çalışdıqlarını, qida və tibbi ləvazimatlar daxil olmaqla, artıq 2 min ton humanitar yardım göndərdiklərini deyərək, WSJ-nin iddiasını təkzib edib.

100 minlik hərbiləşdirilmiş HDK-nın orduya tam daxil edilməsini nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı iki tərəf arasında fikir ayrılığı aprelin 15-də qızğın qarşıdurmaya çevrilib. Bunun üzərinə "Hamdeti" kimi tanınan Daqalo döyüşçüləri ilə Sudan ordusu arasında şiddətli qarşıdurma baş verib.

Paytaxt Xartum və ətraflarında, eləcə də qərb şəhərlərində davam edən qarşıdurmalarda əksəriyyəti mülki şəxslər olmaqla 3 mindən çox insan həyatını itirib, on minlərlə insan yaralanıb.

BMT həmçinin ölkədə sağlamlıq vəziyyətini pisləşdirən vətəndaş müharibəsi səbəbindən 4 milyondan çox insanın məcburi köçkün edildiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus, humanitar vəziyyətin pisləşməsindən çox narahat olduqlarını və əhalinin 40 faizindən çoxunun aclıq içində olduğunu bildirib.