"KKTC-də mövcud olan 21 universitetin əksəriyyəti Avropa İttifaqı Universitetlər Birliyinin və Dünya Universitetlər Birliyinin üzvüdür. Yəni diplomlarımız dünyanın hər yerində tanınır".
Bu sözləri Hafta.az-a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Azərbaycandakı təmsilçiliyinin rəhbəri Mustafa Kamal Bəyazbayram deyib. O, əlavə edib ki, universitetlərdə təhsil alan hər bir tələbə istədiyi zaman təhsilini, məsələn, London universitetlərində davam etdirə bilər. "Maqosadakı Doğu Akdeniz Universiteti dünyanın ən yaxşı 600 universiteti arasındadır. Təsəvvür edin: dünyanın 65 fərqli ölkəsindən gəlmiş müəllimlərin dərs dediyi KKTC universitetlərində 142 ölkədən də təxminən 105 min tələbə təhsil alır. Bu da sayına görə ölkə əhalisinin dörddə birinə bərabərdir. Düzdür, pandemiya müddətində rəqəmlər bir az dəyişə bilər, amma yenə də dünyada KKTC universitetlərinə maraq böyükdür" deyən diplomat bildirib ki, Azərbaycanda da yaxşı universitetlər mövcuddur, xüsusilə də incəsənət sahəsində. Bu sırada konservatoriyanı, filarmoniyanı, musiqi akademiyasını və sair göstərən təmsilçinin fikrincə, bu sahədə əlaqələr güclənməlidir. Müəllimlərin mübadiləsi həyata keçirilməlidir universitetlər tərəfindən. Tələbələr də, məsələn, 3 və ya 4-cü kursda KKTC universitetlərində təhsillərini davam etdirməklə, xüsusilə xarici dil öyrənmə şansı qazanmalıdırlar.