"Müharibədən əvvəl biz kifayət qədər güclü müxalifət idik və fikrimizcə, Ukraynaya yaraşmayan qanunlar qəbul etməmişik. Amma müharibənin ilk günündən komanda olaraq toplaşaraq prezidentimizi, ordumuzu, hökumətimizi, ölkəmizi dəstəkləmək qərarına gəldik. Mənim prezidentə hörmətim var. Hesab edirəm ki, o, dövlət başçısı olaraq müharibə şəraitində özünü çox ləyaqətli aparır".
Hafta.az-ın yazdığına görə, bi sözləri Ukraynanın keçmiş Baş naziri, "Batkivşina" (Vətən) Partiyasının sədri Yuliya Timoşenko bildirib. Xanım siyasətçi qeyd edib ki, düzdür, o, Zelenskidən fərqli siyasət yürüdür, onlar rəqibdirlər, amma bütün hallarda prezident öz mövqeyi və davranışı ilə birmənalı şəkildə hörmətəlayiqdir.
Timoşenko bildirib ki, hətta müharibə başlayan gündən Ali Radada dövlət üçün həyati əhəmiyyətli qanun və qərarların qəbulunda birlik nümayiş etdirirlər. Ümumiyyətlə, son 55 gün ərzində yalnız müharibədən qaynaqlanan qanun və qərarlar qəbul edirlər ki, bu da normaldır. Onun fikrincə, indiki şəraitdə heç bir iqtidar-müxalifət mübarizəsindən söhbət gedə bilməz, hamı Vətən uğrunda birləşməlidir.
Xanım siyasətçi bir zamanlar dəfələrlə rəsmi görüş keçirdiyi Rusiya prezidentindən də söz açıb. Deyib ki, Baş nazir kimi dəfələrlə onunla mübahisə etmək və razılığa gəlməyə çalışmaq imkanı olub. "Buna görə də indi sizə açıq deyəcəyəm: o, dayanmayacaq. Nə qədər ki, o, sağdır, heç vaxt Ukraynanı tutmaqdan əl çəkməyəcək. Nə Donbas, nə Krım, nə də ayrı bir ərazi, bütün Ukrayna. Odur ki, danışıqların heç bir anlamı yoxdur. Çünki Putin əslində sülhyönümlü danışıqlar aparmır. Anlamağımız lazım olan budur. Bunlar sülh danışıqları deyil, 2014-2015-ci illərdə istifadə olunan texnologiyadır. Çünki sülh danışıqları illüziyasının özü kimin tərəfində olduqlarını hələ qərara almamış Qərb ölkələrinə arqumentlər verir və bu ölkələrin vahid Qərbin ortaya qoyduğu mövqelərdən kənara çıxmasına şərait yaradır. Bütün bunlar ordumuzu ruhdan salır" deyən Y.Timoşenko bildirib ki, əgər bunu başa düşməsək, olmayandan yapışacağıq. O, bütün dövlət rəhbərlərini Ukrayna ilə bağlı mövqelərini dəqiqləşdirməyə çağırıb.
"Rusiyanın tələblərini yerinə yetirsək müdafiəmizdən, təhlükəsizliyimizdən vaz keçəcəyik, müstəqil xarici siyasətimiz məhdudlaşacaq. Ona görə də anlamalıyıq ki, bu gün Ukraynada sülhün əsas təminatçısı yalnız Ukrayna xalqı və Silahlı Qüvvələrdir", - deyib Y.Timoşenko.