"Ölüm taciri" Viktor But yenidən biznesə qayıdır

10:03 09.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əsir mübadiləsi ilə sərbəst buraxılan rus silah taciri Viktor Boutun iş həyatına qayıtdığı və husilərə silah satdığı iddia edilir.

Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, kimliklərinin açıqlanmasını istəməyən təhlükəsizlik mənbələrinin iddialarına ısasın, Bout avqustda Moskvaya səfər edən Husi nümayəndələri ilə silah satışı müqaviləsi bağlayıb.

Bildirilir ki, İranın dəstəklədiyi Husi rəsmiləri pestisidlər və nəqliyyat vasitələri almaq bəhanəsi ilə Moskvaya gedib və paytaxtdakı “Lada” zavodunu ziyarət ediblər. İddia olunur ki, Husi rəsmiləri Butla Rusiya istehsalı olan AK-74-ləri almaq üçün razılığa gəliblər.

Mənbələr bildirir ki, AK-47-nin təkmilləşdirilmiş versiyası olan AK-74-lərin tədarükü bu aydan tez başlaya bilər. Bundan əlavə, husilərin Rusiya istehsalı olan tank əleyhinə “Kornet”lər və bəzi zenit silahlarının alınması ilə bağlı razılaşma əldə etdikləri deyilir.

Rəsmilər bildirirlər ki, ruslar sözügedən silahları ərzaq daşıyan gəmilərlə Yəmənin Hudeydə limanına apara bilər.

Razılaşmanın Kremlin göstərişi ilə edildiyi barədə dəqiq məlumat yoxdur.

ABŞ Milli Təhlükəsizlik Şurası da Butun hazırkı fəaliyyəti ilə bağlı məlumat paylaşmayıb.

“Ölüm taciri” ləqəbli Viktor But 2022-ci ildə ABŞ-la Rusiya arasında əsir mübadiləsi ilə ölkəsinə qayıdıb. ABŞ Butu buraxdı, Rusiya isə bunun müqabilində amerikalı basketbolçu Brittni Qrineri ölkəsinə göndərdi. Mübadilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə həyata keçirilib.

Qriner Moskvada marixuana yağı saxladığı üçün saxlanılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. But isə 2008-ci ildə özünü Kolumbiyalı solçu üsyançılar kimi təqdim edən ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Tailandda keçirdiyi əməliyyat zamanı ələ keçirilib. 57 yaşlı silah taciri 2012-ci ildə amerikalıları öldürmək üçün sui-qəsddə və Kolumbiyalı üsyançılara silah satmağa cəhddə ittihamlanaraq 25 il həbs cəzasına məhkum edilib.

Silah alverçisinin hekayəsi 2005-ci ildə Nikolas Keycin baş rolda oynadığı “Müharibə Lordu” filminin də mövzusu idi.