Erməni əsilli rusiyalı milyarder Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə gəlməsi Rusiya hakimiyyətinin Ermənistanla bağlı son projesi kimi qiymətləndirilə bilər.
Bu fikirləri hafta.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib:
"Görünür Rusiya hakimiyyəti Ermənistanda hakimiyyət dəyişikliyi üçün yeni planlar hazırlayıb. Belə ki, vaxtilə Ermənistanda hakimiyyətdə olmuş revanşist qüvvələrin Rusiya tərəfindən müdafiə olunması və yenidən hakimiyyətə qaytarılması cəhdləri heç bir nəticə vermədi. Ona görə də vaxtilə Gürcüstanda tətbiq olunmuş ssenarinin Ermənistanda da tətbiq olunması layihəsinin hazırlanması tamamilə mümkün və ağlabatandır. Gəlişi ilə bağlı onun öz bəyanatında da bu nəticəyə gəlmək üçün kifayət qədər əsaslar tapmaq olar. Vardanyanın birbaşa Ermənistana deyil, Xankəndinə gəlməsi isə adi piar kampaniyası kimi qiymətləndirilməlidir. Vardanyanın Xankəndinə gəlməsi Azərbaycan üçün hər hansı təhlükə yaratmır. Ona görə də bu barədə ciddi narahat olmağa dəyməz"